Xocalı soyqırımının 23-cü ildönümü

 ilə əlaqədar Ankarada silsilə tədbirlər keçirilib

 

Ankaranın Keçiörən rayonundakı Azərbaycan Parkında ölkəmizin Türkiyədəki səfirliyi və yerli bələdiyyənin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.

Türkiyənin və Azərbaycanın rəsmi şəxslərinin və parlament nümayəndələrinin, yerli ictimaiyyətin təmsilçilərinin iştirakı ilə keçirilən mərasim Xocalı şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla başlayıb. Sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının əhəmiyyətindən danışan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev bildirib ki, bu prosesin miqyası gündən-günə genişlənir və təsiri artır. Artıq bu proses Azərbaycan üçün, türklük üçün ədalət kampaniyasına çevrilməkdədir.

 

Hakim Ədalət və İnkişaf Partiyasının baş katibi Haluk İpək, Azərbaycanın Ankaradakı səfirliyinin müşaviri Ceyhun Zeynalov, Keçiörən bələdiyyəsinin sədri Mustafa Ak və başqaları bildiriblər ki, Xocalıda törədilən cinayətin bir daha dünyanın heç bir yerində yaşanmaması üçün günahsız insanlara qarşı soyqırımı törədən erməni faşistləri cəzasız qalmamalıdırlar.

 

Milli Məclisin üzvü Qənirə Paşayeva qeyd edib ki, ermənilərin qondarma soyqırımı yalanları əsasında Türkiyəni ittiham edən dairələr 23 il əvvəl törədilən əsl soyqırımına göz yumur.

Xocalı sakini Ramiz Qəhrəmanov, Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov ermənilərin müxtəlif dövrlərdə törətdikləri cinayətlər, o cümlədən türk diplomatlarının öldürülməsi barədə danışıblar.

Sonda tədbir iştirakçıları Azərbaycan Parkında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə güllər düzüblər.

 

x x x

 

Türkiyənin ən böyük qeyri-hökumət təşkilatlarından biri olan Vəkillər Kollegiyasında da Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı tədbir keçirilib. Toplantıda çıxış edən Vəkillər Kollegiyanın sədri Mətin Feyzioğlu Xocalının bütün beynəlxalq hüquq prinsiplərinə görə soyqırımı olduğunu diqqətə çatdırıb.

Tədbirdə Xocalıya həsr olunmuş film, həmçinin əməkdar artist Nuriyə Hüseynovanın türkiyəli müğənni Cavid Təbrizli ilə səsləndirdiyi “Lay-lay Xocalım” klipi nümayiş olunub.

Tədbirin sonunda bir qrup gənc “Xocalıya ədalət!” tələblərini müxtəlif dillərdə səsləndiriblər.

 

x x x

 

Türkiyənin ən böyük ali təhsil ocağı, elm və təhsil sahəsindəki nüfuzu ilə yanaşı, milli mənəvi dəyərlərin qorunmasındakı rolu ilə də tanınan məşhur Qazi Universiteti Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycanın Ankaradakı səfirliyi ilə birgə anım tədbiri təşkil edib.

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan bundan sonra da Türkiyə ilə birlikdə erməni yalanlarıma qarşı qətiyyətlə mübarizə aparacaq.

 

Qazi Universitetinin prorektoru Cengiz Bekir Dəmirəl, Milli Məclisin üzvü Elman Məmmədov, Azərbaycanın Ankaradakı səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova Xocalı faciəsini erməni vandalizminin son 200 il ərzində törətdiyi ən amansız cinayət kimi dəyərləndiriblər. İyirmi üç il əvvəlki qanlı gecədə 2 yaşlı oğlu və həyat yoldaşı daxil olmaqla 22 qohumunu itirmiş Xocalı sakini Rəhilə Quliyevanın qanlı aksiya ilə bağlı acı xatirələri tədbir iştirakçılarını xeyli təsirləndirib.

Milli Məclisin üzvü Elman Məmmədov bütün sahələrdə sürətlə inkişaf edən Azərbaycan dövlətinin işğal altındakı torpaqlarını azad edəcəyi günün uzaqda olmadığını bildirib.

Daha sonra Qazi Universitetinin incəsənət fakültəsinin Xocalı soyqırımı ilə bağlı yaratdığı www.ermenizulmu.com saytı haqqında məlumat verilib. Həmin fakültənin Xocalı soyqırımı ilə bağlı təşkil etdiyi və 12 ölkədən 154 əsərin sərgiləndiyi beynəlxalq rəsm müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub.

Tədbir iştirakçıları həmin rəsm əsərlərindən ibarət sərgi ilə də tanış olublar.

 

 

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Azərbaycan.-2015.- 28 fevral.- S.4.