Azərbaycanlı alimlərin İsrailə
səfəri davam edir
Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif
Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyətinin
İsrailə səfəri davam edir.
AMEA-dan
AZƏRTAC-a bildiriblər ki, Qüds şəhərində səfərin
sonuncu günündə akademik Akif Əlizadə, AMEA-nın
vitse-prezidenti, akademik İbrahim Quliyev və Yer Elmləri
Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov
İsrailin Xarici İşlər Nazirliyinin (XİN) Baş
katibinin müavinləri Rafael Qamzo və Zvi Rav-Ner ilə
görüşüblər. İsrail XİN-in Beynəlxalq
Əməkdaşlıq Departamentinin rəhbəri Dan
Stavın iştirakı ilə keçirilən
görüşdə iki ölkənin alimləri arasında əməkdaşlıq,
tələbə mübadiləsi və digər məsələlər
müzakirə edilib.
Səfər
çərçivəsində Azərbaycan nümayəndə
heyəti Təl-Əvivdə İsrailin ali təhsil müəssisəsi
və çoxprofilli elmi-tədqiqat ocağı olan Veytsman
adına İnstitutda da görüşlər keçirib.
Bildirilib ki, bu institutda riyaziyyat, fizika, kimya, biologiya, informatika,
həmçinin nevrologiya və beyin araşdırmaları sahələrində
tədqiqat bölmələri fəaliyyət göstərir.
Bundan əlavə, ali təhsil müəssisəsində
ikinci və üçüncü akademik dərəcə
almaq arzusunda olan tələbələri qəbul edən
Faynberq adına ali məktəb də fəaliyyət göstərir.
Alimlərimiz institutun auditoriya və laboratoriyaları, eləcə
də bu elm müəssisəsində ötən əsrin
50-ci illərinin əvvəllərində yaradılan ilk
kompyuterlərdən biri ilə tanış olublar.
Daha sonra
nümayəndə heyətinin iştirakı ilə İsrailin ən böyük
ali təhsil müəssisələrindən
olan Təl-Əviv Universitetində görüş keçirilib.
Universitetin 9 fakültəsində 25 mindən
çox tələbənin təhsil
aldığı bildirilib, İsrailin
faydalı qazıntıları haqqında maraqlı mühazirə
dinlənilib. Mühazirədə vurğulanıb ki, İsrail alimləri karbohidrogen axtarışı zamanı Azərbaycan
alimlərinin təcrübəsindən də istifadə edirlər.
Azərbaycan.-2015.- 28 fevral.- S.2.