Əlil uşaqlara dair adlı kitabın təqdimatı keçirilib

 

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi Təhsil Nazirliyinin dəstəyi ilə “Əlil uşaqların xüsusi məktəb və siniflərdə, evdə fərdi təhsilinin keyfiyyətinə ictimai nəzarət” adlı layihə həyata keçirir.

AZƏRTAC xəbər verir ki, fevralın 27-də AMEA-nın İnsan Hüquqları İnstitutunda layihə çərçivəsində “Əlilliyi olan uşaqların inklüziv və fərdi təhsili haqqında qanunvericilik sənədlər toplusu” adlı kitabın təqdimatı keçirilib.

Mərasimdə “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-nin sədri Tahir Xudiyev, Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli və başqaları çıxış ediblər. İctimai Birliyin sədri Tahir Xudiyev bildirib ki, fiziki və mental cəhətdən məhdudiyyəti olan uşaqların təhsil hüquqlarının müdafiəsi həm də insan hüquqlarının həyata keçirilməsi uğrunda aparılan qlobal mübarizənin tərkib hissəsidir.

Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, Azərbaycanda 530 min əlil şəxs var ki, onlardan 63 mini məhz uşaqlardır.

Komitə sədri qeyd edib ki, cəmiyyətin uğuru əlilliyi olan insanların qayğı ilə əhatə olunması, onlara cəmiyyətdə hər bir şərait yaradılmasından ibarət olmalıdır. Bu gün ölkədə sosial xidmət haqqında qanun qəbul edilib, dövlət vəsaiti qeyri-hökumət təşkilatlarına qrant şəklində verilir və nəticədə onlar tərəfindən əlillərə xidmətlər göstərilir.

Hadı Rəcəbli təhlillərin Azərbaycanda əsasən 3 yaşa kimi uşaqların əlil olduğunu göstərdiyini diqqətə çatdırıb. Qeyd edib ki, dövlət qurumlarında ilə birgə bunun əsas səbəbləri araşdırılır. Məlum olur ki, əsas səbəblərdən biri nikaha girənlərin sağlamlığı ilə bağlıdır.

Bildirildi ki, bu yöndə də mühüm addımlar atılır və iyunun 1-dən etibarın nikaha girənlərin sağlamlığı haqda arayışlar tələb ediləcək. Məcburi dispanserizasiya haqda da qanun qəbul edilib. Bu yöndə, genofondun, uşaqların sağlamlığının qorunması istiqamətində mühüm işlər görülür.

 

Azərbaycan.-2015.- 28 fevral.- S.5.