Xocalılıların sönməyən
ümidləri
Xocalı 23 il bundan öncə erməni vandallarının və daşnakların növbəti təcavüzü nəticəsində yandırıldı, əhalisi perik salındı. 1918-1920-ci illərdə Xocalı salındıqdan sonra təqribən XX əsrin ikinci və üçüncü onilliklərində Qərbi Azərbaycanın Dərələyəz mahalından “deportasiya edilən” soydaşlarımız Xocalıya pənah gətirdi. Xocalı çayının sağ, Qarqarın isə sol sahilində, çar Rusiyası dövründə Poçt yeri kimi tanınan ərazidə qaçqınlar Xocalısı (sonralar müəyyən dövrlərdə Dərələyəz adlandırılan) kəndinin əsası qoyuldu. Ötən əsrin 30-cu illərində sovetlərin zorla kolxozlaşdırma və kollektivləşdirmə siyasətini qəbul etməyən, buna görə Laçın və Kəlbəcər ərazilərindən bura pənah gətirən soydaşlarımız isə Qaladərə Xocalısı adlanan kəndin bünövrəsini qoydular. Demək, hələ sovetlər dövründə Xocalı camaatı qaçqınlığın ağrı-acısını yaşamışdılar. Burada bir sovetliyin tərkibində üç kənd (Yerli Xocalı - Qədim Xocalı, Qaçqınlar Xocalısı - Dərələyəz və Qaladərə Xocalısı) birləşib.
Xocalının dillər əzbəri olmasına səbəb, təəssüf ki, onun yalnız qədimliyi və ya qaçqın-köçkünlərin sığınacaq yerinə çevrilməsi, yaxud maddi-mədəniyyət nümunələri ilə zənginliyi deyil, XX əsrin ən dəhşətli faciəsini yaşaması, əhalisinin bir gecədə ermənilər tərəfindən işgəncələrlə, həm də amansızcasına qətlə yetirilmələridir.
Xocalı rayonunun Kosalar kənd həkim ambulatoriyasının baş həkimi Aqil Məmmədov dərdli-nisgilli həmyerliləri ilə ötən 23 ildə, demək olar ki, hər gün görüşür. Bu dəfə yolu xocalılıların daha sıx məskunlaşdığı Bakının “iki addımlığı”nda salınmış “Gənclik şəhərciyi”nədir. Hər cür kommunal şəraitə malik yaşayış binalarından ibarət qəsəbədə bütün infrastruktur yaradılıb.
Yolumuz yeni məskənə - Abşeronun “Gənclər şəhərciyi”nə olsa da, həkimin xəyalı unuda bilmədiyi yurd yerlərində idi: “...Bir vaxtlar xocalılıların səsi Qırxqız dağının ətəklərindən gələrdi, əkib-becərər, qayğısız, dərd-sərsiz ömür sürərdilər. Zaman necə dəyişdisə, hər şey alt-üst oldu. İllərdir ki, xocalılıların dərdindən, kədərindən söz açılır, terrorun qurbanlarına çevrilmələrindən, soyqırımına məruz qalmalarından danışılır. İstəyirdim ki, onların bəxtəvər günlərindən danışım, amma yenə də o qanlı-qadalı günlər düşdü yadıma. Dağlıq Qarabağda erməni terrorunun ilk qurbanlarından biri olan Miryusif Orucov Meşəlidən idi. 1991-ci il dekabrın 23-də 500 nəfərdən artıq sovet ordusunun hərbçilərinin köməyi ilə erməni quldur dəstəsi 390 nəfərlik əhalisi olan Meşəlini mühasirəyə aldı. Onlara köməyə gələn kosalılıların ciddi müqavimət göstərməsinə baxmayaraq, qaniçənlər kəndi yerlə-yeksan etdilər. O döyüşlərdə 27 nəfər kənd sakini vəhşiliklə qətlə yetirildi. Yaralılar da az deyildi. Daşnak-quldurlar amansızcasına qətlə yetirdikləri 11 nəfərin meyitinə od vurub yandırmışdılar. Meşəlinin qorunmasında göstərdikləri şücaətə görə ağdamlı Hidayət Rüstəmov Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına, Əli Mehralıyev və Rafiq Orucov isə “İgidliyə görə” medalına layiq görüldülər. Meşəlinin müdafiəsində köməyə gələn Kosaların Mehman Quliyev, Kamil və Şükür Məmmədovlar, Süleyman Ələsgərov, Elman Abdullayev, Sənani Məhərrəmov, Bakir və Əhliman Quliyevlər, Möhübbət Əliyev kimi igidlərin adlarını çəkməmək günah olardı.”
Həkim bildirir ki, o ağır illərdə Xocalıda və ümumiyyətlə, Qarabağda torpaqların müdafiəsində dayanan, lakin ermənilərin qəsbkar təcavüzü nəticəsində ailə-uşağını itirənlərdən biri də keçmiş döyüşçü Abbasqulu Əzimovdur. Abbasqulu kişi çox ağır bir həyat keçirib. Düşmənin çirkin siyasəti onun dinc həyatını, əmin-amanlığını, yaşayışını əlindən alıb. Oğlu Natiqlə həyat yoldaşı Dilarəni itirəndən sonra sanki başına hava gəlmişdi.
Qardaşı ilə qayını da düşmən tərəfindən amansızcasına qətlə yetiriliblər. Saymaqla qurtarmayan itkilərə məruz qalıb. Sovet ordusunun zabiti olub. Sankt-Peterburqda və Murmanskda hərbi məktəbdə oxuyub. Xocalının, ümumiyyətlə, digər rayonların müdafiəsində, həmçinin Ağdərənin boşaldılmasında iştirak edib. Döyüş dostlarının çoxu şəhid olub.
2011-ci ildən “Gənclik şəhəri”ndə məskunlaşan Validə Nəsibova o dəhşətli gecədə yalnız qohum-əqrəbasını yox, nəsil-nəcabəti ilə birlikdə ata yurdu Xocalısını da itirdiyini deyir. Amma aradan illər keçsə də, o gecənin ağrıları azalmayıb. Bir gecənin içərisində ailəsindən yeddi nəfər şəhid olub! Bütövlükdə ata ocağı söndürülən Validə Astan qızı Nəsibova o gecə Tofiq, Eldar və Telman adlı üç qardaşını, onların da hərəsinin bir balasını itirib. Bacısının yoldaşı Vaqif Məmmədov Xocalı ilə eyni gecədə düşmən gülləsindən yayına bilməyib. Atası Astan Bəhram oğlu Zeynalov belə itkilərə dözə bilməzdi. Ona görə də 1995-ci ildə yurd nisgilli gözlərini əbədi olaraq yumdu. Ömrünün yetmişinci ilinə qədəm basan anası Sayalı Cabbar qızı yeganə salamat qalan oğlu Elxanla Zaqatalada məskunlaşıb. Validə Nəsibova “...o gecə Xocalıdan çıxıb Ağdama tərəf qaçmaq istəyəndə ermənilər bizi gülə-boran etdilər. Balaca oğlum Fazil yaralandı, Milli Qəhrəman Əlif Hacıyevlə Tofiq Hüseynovun qızını da yanımızda vurdular” - deyib fikrə dalır.
...Xocalının Daşbulaq kəndində dünyaya gəlmiş Gözəl Hüseynovanın dərdi də digər həmdərdliləri kimi, öncə gözləri qarşısında yandırılan ata ocağıdır. Altı nəfərlik ailədən salamat qalan qardaşı Vidadi ilə itirdiklərinin həsrətini çəkməkdə, yollarını hələ də gözləməkdədirlər. O zülmət gecədən “salamat qurtarıb”, 2011-ci ilədək Bayıl qəsəbəsindəki gəmiqayırma zavodunun fəhlə yataqxanasında məskunlaşıblar. Qardaş-bacıdan savayı həmin ailədən salamat çıxan olmayıb: Əziz, Tacir, atası Hüseyn, ailə qurmayan bacıları Maral, Süsən, Ema Xocalı ilə birlikdə erməni vandalizminin qurbanlarına çevriliblər.
Xocalıda, ümumiyyətlə, külli-Qarabağda itirilən hər nə varsa müqəddəsdir. Amma onların ən ağrılısı qoşa oğulları vətənə, torpağa qurban versə də, yurdundan, isti ocağından perik düşən anaların səssiz naləsidir. Almaz Səlimova əmisinin həyat yoldaşının, yəni, qayınanasının çəkdiyi bayatı-ağıları da dilə gətirə bilmir, qəhər onu boğurdu: “...Oğlanlarını və ömür-gün yoldaşını itirən bir ana cəhənnəm əzabı yaşadı. Dözə bilmədi bu itkilərə. Deyirdi ki, kaş, oğlanlarımdan biri qalıb nəsil-kökü yaşadaydı. Mən isə tamamilə özgə cür fikirləşirəm: kaş, mənim də bir övladım olaydı. O da döyüşüb şəhid olaydı, atası kimi. Belə olsaydı, mən də səbir tapar, torpaq uğrunda bala verən analardan sayılardım”.
Vətənimizin aranlı-dağlı ellərinin dilinin əzbərinə çevrilmiş yurd ağrıları bizi daim ayıq-sayıq olmağa səsləyir. Bu səslərin içindən nəğmə eşitməzsən. Bu səslər hələ ki, fəryaddır, qisas haraylı, sinə dağlayan ağılı-bayatılı...
Amma bütün bu nisgillərlə yanaşı, yurd itkisi ilə yaşayanların qəlbinin dərinliklərində közərən ümidləri də var. Onlar da dövlət və hökumətin göstərdiyi diqqət və qayğını yüksək dəyərləndirirlər. Yaxşı bilirlər ki, Azərbaycanla təcavüzkar Ermənistanın keçdiyi inkişaf yolu müqayisəolunmaz dərəcədə fərqlidir. Azərbaycan iqtisadi inkişafda, Ermənistan isə bütün sahələrdə həmin sürətlə tənəzzülə uğramaqdadır. Buna görə də Azərbaycanın Ermənistan üzərində qələbəsi şəksizdir!
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.-2015.- 28 fevral.- S.4.