Dövlət dəstəyinin real bəhrəsi
Ötən il Goranboy rayonu üçün Prezident İlham Əliyevin rayona səfəri ilə əlamətdar oldu. Dövlət başçısı Heydər Əliyev Mərkəzinin, “Goranboy” Paylayıcı Elektrik Məntəqəsinin, Goranboy-Ağcakənd
avtomobil yolunun açılışında, həmçinin
şəhərin su təchizatının yenidən
qurulması və kanalizasiya çəkilişinin
başa çatması
ilə təşkil olunmuş mərasimdə iştirak etdi.
Bu, son 5 ildə Prezident
İlham Əliyevin sərhəd bölgəsində
yerləşən Goran
torpağına dördüncü
səfəri idi. Dövlət başçısının hər
gəlişi bir-birindən
fərəhli hadisələrlə
əlamətdar olur.
Prezident
son bir ildə rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi
ilə əlaqədar
2 mühüm sərəncam
imzalamışdır. Qısa müddət ərzində
digər işlərlə
yanaşı, rayonda su, işıq və yol çəkilişi
kimi çox mühüm sahələrdə
geniş işlər görülmüşdür.
Ötən ilin yekunları və cari ildə
qarşıda duran vəzifələrin müzakirəsinə
həsr olunmuş toplantıda bu barədə geniş söhbət getdi. Rayon icra
hakimiyyətinin başçısı
Nizaməddin Quliyev iqtisadi-sosial həyatın
hər sahəsində
görülən işlər
və qarşıda duran vəzifələr haqqında geniş məlumat verdi.
Sonra ayrı-ayrı idarə və müəssisə nümayəndələrinin,
bələdiyyələrin, iş adamlarının çıxışları dinlənildi.
Qeyd olundu ki, sərhəd bölgəsində yerləşən
Goranboy rayonu son illər hər sahədə sürətlə
inkişaf edir. Ötən
5 il ərzində ümumi məhsul istehsalı 4,2 dəfə artmış, abadlıq-quruculuq işlərinin
miqyası dəfələrlə
çoxalmışdır. 2014-cü ildə büdcənin mədaxil hissəsi üzrə proqnoza 116,9 faiz əməl
edilmişdir. Rayonda Gənclər Mərkəzi,
Şahmat Məktəbi,
Avtovağzal kompleksi, Paylayıcı Elektrik Qurğusu, yeni məktəb binaları inşa edilmiş, Mədəniyyət evi, iki min yerlik stadion, Dəliməmmədli
şəhər xəstəxanası
əsaslı təmir
olunmuş, müxtəlif
sosial obyektlər, fərdi evlər tikilmiş, yaraşıqlı
parklar, bağlar salınmış, körpülər,
yollar çəkilmişdir.
Rayonun hər tərəfini bəzəyən
müasir obyektlər daha çox diqqəti cəlb edir. Xüsusən Nizami meydanında,
Mədəniyyət və
istirahət parkında
görülən işlər
göz oxşayır.
Burada milli memarlıq üslubunda üçmərtəbəli
Heydər Əliyev Mərkəzinin tikintisi başa çatmış,
ümummilli liderin abidəsi ucaldılmışdır.
Ətrafda müasir işıqlandırma
sistemi və bir neçə fontan quraşdırılmış,
yaşıllıq zolağı
salınmış, dekorativ
ağaclar və gül kolları əkilmiş, avtomatik suvarma qurğusu işə salınmışdır.
Ötən ilin ən önəmli
obyektlərdən biri
də Murovdağ-Goranboy
su kəməridir. Kəmərin uzunluğu təqribən
45 kilometrdir. Layihə
çərçivəsində 109,6 kilometr şəhərdaxili
su xətti, 81,7 kilometr kanalizasiya sistemi çəkilib. Magistral xətt boyunca 13 suvarma qurğusu, 11 hovuz düzəldilib, hər birinin həcmi 1000 kubmetr olan 3 anbar tikilib, laboratoriyalar, inzibati binalar və istehsalat bazası yaradılıb.
Ballıqaya kəndindən gələn
saf su Goranboyu
və rayonun 18 yaşayış məntəqəsinin,
o cümlədən Naftalan
şəhərinin, Qaşaltı,
Qasımbəyli kəndlərinin
və digər yerlərin içməli su tələbatını
tam ödəyə bilir.
Murovdağdan gələn su
bu yaxınlarda təmas xəttində yerləşən Tap Qaraqoyunlu
kəndinə verilmiş
və yüzlərlə
evin qabağında bulaqlar tikilmişdir.
Bu kənddə xeyir-şər
evi tikilmiş, Bayraq meydanı yaradılmış, Əsgər-Ana
abidəsi ucaldılmış,
qəfil atəşdən
mühafizə üçün
840 metr uzunluğunda hasar çəkilmişdir
Toplantıda qeyd olundu ki, ötən il Goranlı,
Baxçakürd, Tatarlı,
Həmənli, Əhmədabad,
Ağamalıoğlu kəndlərinə
abad yollar çəkilib, Məşədiqaralar
- Eyvazlılar yolu əsaslı təmir edilib. Dəliməmmədli şəhərinin, Qaradağlı, Qaraqucaq və Yolğunlar kəndlərinin yollarındakı
körpülər düzəldilib,
Kürəkçay üzərində
yeni körpü salınıb. Bundan əlavə,
Zeyvə, Hacallı, Səfibəyli, Qaraçinar,
Xınalı, Todan kəndlərində və
başqa yerlərdə
49 kilometr kəndarası
yollar təmir edilib.
35 min nəfər əhalinin yaşadığı irili-xırdalı
18 kəndi birləşdirən
Goranboy-Ağcakənd avtomobil
yolunun tikintisi üçün Prezident İlham Əliyevin
2013-cü il 30 iyul tarixli sərəncamı ilə ilkin olaraq 3 milyon, ötən ilin iyun ayının 10-da isə 7,2 milyon manat vəsait ayrılmışdır. Artıq yolun
24 kilometrlik hissəsinin
inşası başa çatıb. Ətrafda abadlıq,
yaşıllıq işləri
görülüb.
Rayonda əhalinin arzu və təkliflərinə xüsusi diqqət yetirilir. Görüşlərdən birində Sarov kəndinin bir qrup sakini Dəliməmmədli-Sarov avtomobil yolunun təmiri barədə məsələ qaldırmışdı. Çox çəkmədən 3 kilometrlik bu yol təmir edilərək asfalt-beton örtüklə üzləndi.
Ümumiyyətlə, rayonda sosial problemlər operativ həll olunur. Məsələn,
keçən il Qarabağ əlilləri və şəhid ailələri
üçün altımərtəbəli
yaşayış binası
istifadəyə verilib.
Əlavə bu qəbildən
olan 12 ailə üçün fərdi evlərin inşasına başlanılıb. Təkcə son illər 24 məktəb binası tikilib. Xınalı
kəndində uşaq
bağçası açılıb.
Goranboy şəhərində 100 yerlik
uşaq bağçasının
inşasına başlanılıb,
Goranlı kəndində
yeni kitabxana istifadəyə verilib.
Veyisli kəndində 2 yerdə istilik sistemi quraşdırılıb.
Bunlardan başqa, turizmin inkişafı ilə əlaqədar Şadılı
və Həmənli, Rəhimli kəndlərində
qədim abidələr,
kurqanlar tədqiq olunur. Yollar boyu məlumat
lövhələri hazırlanır.
Habelə, yerlərdə rabitə-telekommunikasiya
sistemləri sahmana salınır, Olimpiya idman kompleksi inşa edilir.
Tənqid
və özünütənqid
şəraitində keçən
toplantıda bir sıra yerlərdə yol verilən nöqsanlar da göstərildi, xüsusən
baytarlıq xidmətinin,
Sanitar Epidemiologiya Stansiyasının, kommunal
təsərrüfatının, yaşıllıqların mühafizəsinin
və digər xidmət sahələrinin
fəaliyyəti ciddi tənqid olundu, problemlərin aradan qaldırılması üçün
konkret tapşırıqlar
verildi.
İstər hesabat məruzəsində,
istərsə də ayrı-ayrı çıxışlarda
rayonda aqrar sahənin inkişafına,
xüsusən yaz-tarla
işlərinə hazırlığın
vəziyyətinə də
ətraflı toxunuldu,
taxıl və digər bitkilərin əkini sahələrinə
aqrotexniki qaydada xidmət göstərilməsinin
vacibliyi xüsusi vurğulandı. 2015-ci ilin
“Kənd təsərrüfatı
ili” elan olunması ilə əlaqədar bitkiçiliyin
və maldarlığın
inkişafı üçün
geniş tədbirlər
planı hazırlandığı
bildirilirdi.
Toplantıda Prezident İlham Əliyevə müraciət
qəbul olundu.
Əhməd İSAYEV,
Azərbaycan.-2015.- 28 fevral.- S.6.