Sabirabad dövlət qayğısının mərkəzində yer alır

 

Sabirabadın yüksəlişində xalqımızın ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Azərbaycana rəhbərlik etdiyi dövrdə ulu öndər ürəkdən sevdiyi, həmişə diqqət və qayğı göstərdiyi bu bölgəyə 15 dəfə səfər etmişdir. Bu tarixi səfərlərin məntiqi nəticəsi olaraq rayonda su qurğuları sistemi tikilmiş, ən ucqar kəndlərə belə mavi qaz çəkilmiş, Kür çayı üzərində nəhəng körpü inşa olunmuş, möhtəşəm mədəniyyət sarayı, çoxsaylı yaşayış və inzibati binalar, 40-dan çox məktəb və tibb ocaqları tikilib istifadəyə verilmişdir. Qədirbilən sabirabadlılar ulu öndərin unudulmaz tarixi xidmətlərini bu günsonsuz məhəbbət və ehtiramla xatırlayır, o dahi şəxsiyyətin ölməz ideyalarını layiqincə yerinə yetirmək üçün ürəklərinin odunu, əllərinin hərarətini əsirgəmirlər.

İstər sovet dönəmində, istərsə də müstəqillik dövründə Sabirabad respublikanın geniş, imkanlı bölgəsi kimi şöhrət qazanmışdır. Bu tarixi şöhrəti qorumaq, onu müasir dövrün xüsusiyyətləri nəzərə alınmaqla daha da artırmaq bu gün sabirabadlıların başlıca məqsədidir. Dövlətin qayğısı, rayon rəhbərliyinin faydalı təşəbbüsləri, səmərəli axtarışları, həmişə öndə olmaq istəyi, bölgə sakinlərinin əzmi sayəsində Sabirabad zəfər yürüşünü inamla davam etdirir.

Uğurlu illər sırasında artıq tarixə çevrilmiş 2014-cü il əmək xarüqələri ilə daha çox diqqət çəkir. 2014-cü ilin yekunlarının və 2015-ci ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş fevralın 19-da keçirilən rayon fəallarının yığıncağında bu barədə ətraflı danışılmışdır. Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun məruzəsində qazanılmış nailiyyətlər geniş təhlil olunmuş, yeni ildə həyata keçirilməsi zəruri hesab edilən vəzifələr müəyyənləşdirilmişdir. Natiq qeyd etmişdir ki, hesabat ilinin bölgə üçün ən önəmli hadisəsi respublika Prezidenti İlham Əliyevin Sabirabada gerçəkləşən növbəti səfəri olmuşdur. Dövlət başçısı dekabrın 15-i və 16-da rayonda olarkən 12 yaşayış məntəqəsini birləşdirən 46 kilometrlik Nizami-Əliləmbəyli-Azadkənd-Sərxanbəyli avtomobil yolunun, Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş 100 yerlik uşaq bağçasının, regional “ASAN xidmət” üçün 4 mərtəbəli möhtəşəm inzibati binanın, şəhərə çəkilən içməli su xəttinin açılış mərasimlərində, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə sovet dönəmində tikilmiş mədəniyyət evinin əsaslı təmirdən sonra təqdimat toplantısında iştirak etmişdir. ASAN könüllülərinin birinci ümumrespublika forumunun dövlət başçısının rəhbərliyi ilə Sabirabadda Heydər Əliyev Mərkəzində keçirilməsi bölgə əhalisində böyük razılıq və minnətdarlıq hissi doğurmuş, yüksək əhval-ruhiyyə yaratmışdır. Prezident İlham Əliyev səfər zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə demişdir: “Burada çox böyük işlər görülür... Çox şadam ki, rayonda işlər yaxşı gedir. Çalışacağam ki, bundan sonra da rayonun inkişafı üçün öz dəstəyimi verim”.

2014-cü ildə rayonda ümumi məhsul istehsalının həcmi 300 milyon 837 min manat olmuşdur. Əsas kapitala yönəldilən investisiyalar 47 milyon 886 min manat təşkil etmişdir. İl ərzində 35.6 milyon manatlıq tikinti-quraşdırma işləri görülmüş, 6.4 milyon manatlıq sənaye, 183 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. Rayonda sahibkarlığın inkişafına göstərilən qayğının, yaradılan əlverişli şəraitin nəticəsidir ki, iqtisadiyyatın əsas sahələrində qeyri-dövlət sektorunun xüsusi çəkisi xeyli artaraq kənd təsərrüfatında 100 faiz, sənayedə 85,6 faiz, nəqliyyatda 96 faiz olmuşdur. Sahibkarlığın inkişafına göstərilən qayğının göstəricisidir ki, keçən il rayonda 75 müəssisə yaradılmış, 924-ü daimi olan 1035 yeni yeri açılmışdır. Regionların sosial-iqtisadi inkişafına dair I Dövlət Proqramının qəbul edildiyi vaxtdan indiyədək 7.861-i daimi olmaqla 10.778 yeni yeri açılmışdır. Sahibkarlığın inkişafında, yeni yerlərinin açılmasında dövlət tərəfindən verilən güzəştli kreditlər mühüm rola malikdir. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ötən il 94 layihənin həyata keçirilməsi üçün 1 milyon 378,5 min manat güzəştli kredit verilmiş, təkcə bu hesaba 225 yeni yerinin açılması təmin edilmişdir. Hesabat ilində yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində xeyli işlər görülmüşdür. Dövlət başçısının müvafiq sərəncamına əsasən uzunluğu 46 kilometr olan Nizami-Əliləmbəyli-Azadkənd-Sərxanbəyli avtomobil yolunun əsaslı təmir işləri başa çatdırılmışdır. Şirvan-Həşimxanlı-Sabirabad avtomobil yolunun 10 kilometrlik hissəsi əsaslı təmir edilmişdir. Hacıqabul-Bəhrəmtəpə-Horadiz magistral avtomobil yolundan Əhmədabad kəndinə qədər olan 6 kilometr yola asfalt salınmışdır. 20 min nəfər əhalinin yaşadığı, 10 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 43 kilometr olan Suqovuşan-Məmişlər-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun tikintisi ilə bağlı dövlət başçısı 16 dekabr 2014-cü il tarixli sərəncam imzalamışdır. İndi bu məqsədlə layihə-smeta sənədləri hazırlanır. Həmin layihə çərçivəsində Şəhriyar, Axtaçı, Xəlfəli, Yastıqobu, Əsədli, Qalaqayın, Balakənd və Zəngənə kəndlərinə də bu il asfalt yolun çəkilməsi nəzərdə tutulur. Şirvan-Noxudlu-Salyan avtomobil yolunun tikintisi ilə əlaqədar hazırlıq işləri görülür.

Sabirabad ölkənin böyük iqtisadi-potensiala malik aqrar-sənaye rayonlarındandır. 2014-cü ildə rayonda 183.9 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir. Bu, əvvəlki ildəkindən 15.8 milyon manat çoxdur.

Respublika Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq rayonda iri taxılçılıq təsərrüfatları yaratmaq istiqamətində hazırlıq işlərinə start verilmişdir. Bu məqsədlə ilk mərhələdə dövlət ehtiyat fondu torpaqlarının və qış otlaq sahələrinin 5000 hektarında kompleks meliorasiya tədbirlərinin aparılması nəzərdə tutulmuşdur. Bu layihənin həyata keçirilməsi ətraf kəndlərdəki suvarma problemlərini də həll edəcəkdir.

Hesabat ilində rayon əhalisinin fasiləsiz elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində bir sıra təqdirəlayiq işlər görülmüşdür. Keçən il 1558 ədəd “smartkart tipli sayğaclar quraşdırılmışdır. 2014-cü ildə rayonun Suqovuşan, Əhmədabad və Məmişlər kəndlərinə təbii qaz verilmişdir. Axıska, Kovlar, Ətcələr, Həşimxanlı, Azadkənd, Qəzli, Bulaqlı, Qəfərli və Əsədli kəndlərinə təbii qaz xətlərinin çəkilişi davam etdirilir. Sabirabadlıların böyük sevincinə səbəb olan isə içməli su ilə təminatda qazanılan böyük uğurdur. Talış Qrup Su Kəmərindən Sabirabad şəhərinə su xəttinin çəkilişi artıq başa çatdırılmışdır. Əhalinin fasiləsiz içməli su ilə təmin olunması üçün hər birinin tutumu 5 min kubmetr olan 2 su anbarının tikintisində son tamamlama işləri görülür, içməli su probleminin həllində kənd əhalisi də diqqətdən kənarda qalmır. Ötən il Əsgərbəyli, Osmanlı, Rüstəmli, QardaşxanÇöl Ağaməmmədli kəndlərində modul tipli sudurulducu qurğular inşa olunmuşdur. İndi rayonun kəndlərindəki modul tipli su qurğularının sayı 29-a çatır. Xəlfəli, Nərimankənd və Əhmədabad kəndlərində sudurulducu qurğuların inşası davam etdirilir.

Azərbaycan Prezidenti İlham Əliyevin 6 yanvar 2015-ci il tarixdə imzaladığı “Əhalinin ekoloji cəhətdən təmiz su təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında” sərəncama əsasən, bu il rayonun daha 12 kəndində yeni sudurulducu qurğular inşa olunacaqdır. Dövlət başçısının bölgənin dinamik sosial-iqtisadi inkişafına, rayon əhalisinin həyat səviyyəsini daha da yaxşılaşdırmağa hesablanan davamlı qayğısı, demək olar ki, bütün sahələri əhatə edir. Təhsil, səhiyyə, mədəniyyət sahələrinin inkişafına da bu qayğıdan yetərincə pay düşür. Son iki ildə rayonun 14 məktəbində tikinti və əsaslı təmir işləri aparılmışdır.

Əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsini yaxşılaşdırmaq məqsədilə rayon xəstəxanası üçün müasir tələblərə cavab verən 205 çarpayılıq xəstəxana binasının tikintisi davam etdirilir. Bulaqlı və Qaralar kəndlərində tibb məntəqələri tikilib istifadəyə verilmişdir.

Son illərdə Sabirabad bölgənin mədəniyyət mərkəzi kimi də diqqəti çəkir. Keçən il dekabrın 15-də bölgəyə səfər edən Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulmuş rayon mədəniyyət evində yaradılmış şəraitlə tanış olmuş, görülən işləri yüksək qiymətləndirməklə yanaşı, dəyərli tapşırıq və tövsiyələrini vermişdir.

Sabirabadlıların ulu öndərə sonsuz məhəbbət və ehtiramlarının ifadəsi olaraq ucaldılmış Heydər Əliyev Mərkəzi öz möhtəşəmliyi ilə insanı heyran edir. Mərkəz artıq ümumrespublika tədbirlərinin keçirildiyi bir məkandır. İndi bura rayon əhalisinin, xüsusilə gənclərin müqəddəs ziyarətgahına çevrilmişdir. Mərkəzdə yeni ailə quran gənclərin nikah mərasimlərinin keçirilməsi artıq ənənə halını almışdır. Keçən il Mərkəzdə 84 nigah qeydə alınmışdır.

Bu gün dövlət qayğısının mərkəzində yer alan Sabirabad intibah dövrünü yaşayır. Muğan düzünün hünərvər övladları bu qayğıdan güc alaraq doğma diyarın hər qarışını cənnətə döndərməyə, vətəndaşı olduqları dövlətin iqtisadi qüdrətini artırmağa çalışır, odlu ürəkləri, halal zəhmətləri ilə xarüqələr yaradırlar.

 

Lazım QULİYEV,

Azərbaycan.-2015.- 28 fevral.- S.6.