Terrora ünvan seçilən şəhər

 

Sumqayıt avantürasl:faktlar və sənədlər

 

Sumqayıt hadisələrinin üstündən illər ötsə də, cavabsız qalan suallar çoxdur. Ona görə ki, bu hadisələr son həddə qədər araşdırılmadı, əsl cinayətkarlar cəzasız qaldı. O dəhşətli günlərin təxribat faktları bu gün unudulmayıb. 1988-ci il fevral ayının 27-28-də Sumqayıtda erməni millətçiləri xaricdə yaşayan havadarlarının köməyi və dəstəyi ilə qanlı aksiya törətdilər. Həmin günlər tüğyan edən iğtişaşlar nəticəsində müxtəlif millətlərdən olan 32 adam, o cümlədən 26 erməni həlak olmuş, 400-dən çox insan müxtəlif bədən xəsarətləri almış, 200-dən çox mənzil talan edilmiş, 30-dan artıq avtomobil sıradan çıxmış, 50-yə qədər mədəni-məişət obyekti dağıdılmışdır. Hesablayıblar ki, o vaxtkı qiymətlə 7 milyon rubl və ya 10 milyon dollar məbləğində ziyan dəymişdir.

Bütün bu hadisələr sovet imperiyasının iflasa uğradığı ərəfədə baş verirdi. O vaxtlar ermənilər ölkəmiz əleyhinə güclü ideoloji mübarizə aparır, xalqımız haqqında mənfi rəy formalaşdırmağa çalışırdılar. Soydaşlarımızın Ermənistandan zorla qovulması faktını ört-basdır etmək, pərdələmək üçün dolayı yollar axtarırdılar. Rəy yaratmağa çalışırdılar ki, guya azərbaycanlılar Sumqayıtda yaşayan ermənilərə qarşı zorakılıq edir, təzyiqlər göstərir, onları qətlə yetirirlər. Əslində, bu cinayətləri ermənilər bilərəkdən və qəsdən özləri planlaşdırmışdılar. Həmin ərəfədə ermənilər Sumqayıtda gizli bir təxribat şəbəkəsi yaratmışdılar. Ermənistandan qaçqın düşmüş soydaşlarımızın çoxu Sumqayıta pənah gətirmişdi. Ona görə də Sumqayıtda kriminogen vəziyyət yaratmaq bir qədər asan idi. Sumqayıt hadisələrinin törədildiyi günlərdə 100-dən çox saqqallı erməni şəhərin “Dalğa” və “Sumqayıt” mehmanxanalarıda yerləşdirilmişdi. Qara gödəkçəli təxribatçılar xüsusi təlim keçmişdilər. Şəhərdə planlı şəkildə qətllər, talanlar törədilir, bir-birinin ardınca ağır cinayətlər baş verirdi. Həmin günlər Sumqayıtın ayrı-ayrı məhəllələrində gözləmə mövqeyində dayanan xüsusi adamlar vardı. Həmin adamlar aldıqları tapşırığa əsasən hadisələrə müdaxilə edirdilər. Şəhərdə ən böyük qanlı aksiya fevral ayının 27-də və 28-də baş verdi. Bundan sonra mart ayının 1-də şəhərdə komendant saatı elan edildi. O günləri xatırlayanlar deyirlər ki, Sumqayıt dəniz kimi çalxalanırdı. Ayrı-ayrı küçə və meydanlarda açıq-aşkar qan izləri görünürdü. Amma yenə də hədəf olaraq “Sülh” və “Dostluq” küçələrinin kəsişdiyi yerlər hadisələrin mərkəzinə çevrildi. Bunun da rəmzi mənası vardı. Bütün bunlar sübut edir ki, bu terror hadisəsi üçün hər şey əvvəlcədən planlaşdırılmışdı...

Əlbəttə, bu qərarı verənlər də bəlli idi, icraçılar da. Amma nədənsə Mixail Qorbaçov 1988-ci il iyun ayının 18-də SSRİ Ali Sovetinin iclasında demişdir ki, “qoşunlar Sumqayıta bir saat gecikmişdi”. Əslində, bu fikir tamamilə yanlış idi. Ona görə ki, sovet xüsusi xidmət orqanları talanlar, qətllər başlamazdan əvvəl Sumqayıtı tam nəzarətə götürmüşdülər. “Sumqayıtın əks-sədası” sənədli filminin ssenari müəlliflərindən biri Eyruz Məmmədov SSRİ müdafiə naziri Yazovla müsahibəsində həmin məqamları belə xatırlayır: “Dmitri Yazov tam ciddiliyi ilə bizə bildirdi ki, sovet ordusu heç vaxt heç bir yerə gecikmir. Baş komandanın əmri olmadan komendant saatı elan etməyə, əsgərlərin silah işlətməyə, güllə atmağa qətiyyən ixtiyarı yoxdur.” Deməli, Yazovun müsahibəsindən belə çıxır ki, hər şey planlı şəkildə, qəsdən təşkil olunmuşdu. İmperiya ordusunun törətdiyi qətllərdən bütün rəhbərlərin xəbəri olub.

Sumqayıtda törədilmiş qanlı cinayət xüsusi ssenari üzrə davam etdirilirdi. Bu dəfə baş rolu üç dəfə məhkum olunmuş Eduard Qriqoryan oynayırdı. “Paşa” ləqəbi ilə tanınan bu tüfeyli erməni millətçilərinin əlində bir alətə, oyuncağa çevrilmişdi. Şovinistlər öz iyrənc məqsədlərini həyata keçirmək üçün Eduard Qriqoryandan gen-bol faydalanırdılar. Hələ o vaxtlar SSRİ Baş Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi Qalkin Sumqayıt hadisələrini təhlil edərkən Eduard Qriqoryan haqqında demişdir: “O, tüfeyli həyat sürən bir cinayətkardır. Dəfələrlə həbs olunsa da, heç bir nəticə çıxarmayıb. Eduard Qriqoryan Sumqayıtın azyaşlı uşaqlarını öz həndəvərinə yığıb onların beyinlərini dumanlandırır, özü isə iğtişaşlara rəhbərlik edirdi. Sumqayıtda baş verən hadisələrdə onun cinayət əməlləri nəticəsində 5 erməni qətlə yetirilmiş, 8 qadın zorlanmışdır...”

O illərdə “Krunq” erməni təşkilatının xeyli üzvü də Sumqayıtda cəmləşmişdi. Onlar Ermənistanla sıx əlaqə saxlayır, müntəzəm olaraq təlimatlandırılırdılar. Sumqayıtda elə bir erməni ailəsi yox idi ki, onların yaşayış şəraiti digər xalqların nümayəndələrindən aşağı səviyyədə olsun. Tolerant ölkə olan Azərbaycanda onlar üçün hər cür şərait yaradılmışdır. Lakin nankorluq, xəyanət onların xislətində əbədi kök atmışdı. Hadisələri araşdıran siyasi analitiklər yazır ki, Ermənistana köçənlər orada uzun müddət yaşaya bilmədi, Rusiyanın müxtəlif şəhərlərində məskən saldılar. Heç vaxt əbədi yurdu, yuvası olmayan ermənilər sığınacaq tapdıqları diyarlarda iğtişaş yaratmağa meyilli idilər. Sumqayıt hadisələrinin törədilməsində Ermənistanın bütün təbəqələri eyni fəallıqla iştirak etmişdilər. Hadisələrdən dərhal sonra erməni yazıçıları Serqo Xandzadyan, Zori Balayan və Silva Kaputikyan Qorbaçovla görüşmüş, elə həmin görüşlərin nəticəsi olaraq Sumqayıta dərhal ordu yeridilmişdir. Və bundan sonra Qorbaçovun əmri ilə şəhərdə komendant saatı tətbiq olunmuşdur. Mərkəzi Komitə vaxtında siyasi çeviklik göstərsəydi, bəlkə də bu hadisələrin qarşısı alınardı. Amma hər şey tərsinə oldu. İmperiya rəhbərlərinin köməyi ilə hadisələr daha da şiddətləndi. İş o həddə çatdı ki, baş verən hadisələrdə 400-dən çox azərbaycanlı həbsxanalara atıldı. Onlar hər cür təqiblərə, işgəncələrə məruz qaldılar. Hələ o vaxtlar cəmi 15 yaşı olan Azər Babayev aldığı ağır zədədən bu gün də əziyyət çəkir, çarpayı dustağıdır. O günləri xatırlayan Azər Babayev bunları deyə bildi: “1988-ci il mart ayının 1-i idi. Əmimgildən gəlirdim. Komendant saatına nəzarət edən əsgərlər yolumu kəsdilər. Məndən sənəd tələb etdilər. Dedim ki, hələ pasport almağa yaşım çatmır. Mənim bu cavabım onları daha da hiddətləndirdi. Əli dubinkalı 5 əsgər məni qəddarlıqla döydülər. Həmin vaxtdan 27 il ötür. Məni ömürlük yaraladılar, əlil etdilər...”

O hadisələr zamanı “xilaskar” sovet ordusunun vəhşilikləri ilə üzləşən adamların sayı çoxdur. İmperiya nökərləri xalqı əzməkdən, günahsız adamlara işgəncə verməkdən zövq alırdılar. Onlar belə təlimatlandırılmışdılar.

Siyası araşdırmaçılar faktları təhlil edərkən çox şeylər bəlli oldu. Sumqayıtda baş verə biləcək hadisələr barədə ermənilər əvvəlcədən məlumatlı idi. Şəhərdə yaşayan 1000-dən çox erməni 1988-ci il yanvar ayından fevralın 25-dək əmanət kassalarında saxladıqları 8 milyon 343 min 691 rubl pulu təcili çıxararaq Yerevana, Xankəndiyə, Rusiyanın ayrı-ayrı şəhərlərinə köçüb getmişdilər.

Sumqayıtın sənaye müəssisələrində, təhsil, mədəniyyət, səhiyyə sistemində çalışan ermənilər Dağlıq Qarabağın Ermənistana verilməsi barədə gizli imzalar toplamağa başlamışdılar. Onlar “Krunq “ cəmiyyətinə yardım adına adambaşına ayda 50 rubl vəsait köçürürdülər. Gizli iqtisadiyyata rəhbərlik edən erməni qurumları ölkəmizə ciddi ziyan vurmuşdular. Hətta nəzarətlərində olan istehsal sahələrini söküb gizli yollarla Yerevana daşıyırdılar. 1988-ci il mart ayının əvvəllərində hadisələr bir qədər səngisə də, şaiyələrin, uydurmaların miqyası, çərçivəsi genişlənmişdi. Komendant saatından sonra günahsız adamların həbsə atılması adi hala çevrilmişdi. Qəribə burasıdır ki, cəmi iki-üç gündə dünyanın ən ucqarlarından ermənilərin tərəfdaşları və təbliğatçıları peyda olmuşdu. Hadisələri araşdıran jurnalist Eyruz Məmmədov yazır ki, həmin günlərin səhərisi İsveçrədən Artaşets Qabreliyan adlı birisi videokamerası ilə Sumqayıtın küçələrində göründü. Milliyyətcə erməni olan Artaşets Qabreliyan Sumqayıtda lentə aldığı hadisələrə belə ad qoymuşdu: “Bizi başkəsənlərdən xilas edin.” Bu hadisələrdən sonra Azərbaycana qarşı böyük təbliğat kampaniyası başlamışdı. “Azadlıq” radiosunun erməni redaksiyasının baş redaktoru Eduard Ohanisyan hadisələri öz xeyirlərinə şərh edir, qərəzli məlumatlar yayırdı. Sumqayıt hadisələrindən sonra erməni tarixçiləri də fəallaşmış, böhtan və şər kampaniyasını gücləndirmişlər. İftira və yalan dolu məlumatlarla zəngin olan çoxlu sayda kitablar çap edilmişdi.

Hadisələri tədqiq edən siyasi analitiklər bir məsələni də qabardırlar. Müharibənin bu qədər uzanması təkcə Azərbaycan-Ermənistan maraqları üzərində qurulmayıb. Sumqayıt hadisələri də, sonrakı proseslər də bir daha sübut edir ki, bu məsələdə iri dövlətlərin böyük və gizli maraqları var. Hələ bir vaxtlar SSRİ DTK-nın rəhbəri olmuş V.Kryuçkov yazırdı: “Ermənistana Azərbaycanın 20 faiz torpağı ona görə lazımdır ki, Dağlıq Qarabağ məsələsinin həllində alver kimi istifadə edilsin...”

Sumqayıt hadisələrindən üzübəri bütün prosesləri güzəştsiz təhlil edəndə bu sözlərin həqiqət olduğuna tam inanırsan. Hələ bir vaxtlar Sumqayıt hadisələrindən sonra Moskvada çapdan çıxmış “DTK və hakimiyyət” kitabının müəllifi SSRİ Dövlət Təhlükəsizlik Komtəsi sədrinin birinci müavini Filip Vobkov yazırdı ki, “...mən Moskvada Ermənistan Nazirlər Soveti sədrinin birinci müavini Krokasyanla görüşdüm. Təqaüdçü idi. O, uzun müddət mənə izah etdi ki, Dağlıq Qarabağ onlara nə üçün lazımdır? - “Bizə torpaq lazımdır” - dedi.

- Niyə? - Təəccüblə soruşdum.

- Çünki ermənilər çıxıb gedirlər. Ona görə ki, torpaqları yoxdur.

- Hara?

- Stavropol vilayətinə, Sibirə, Mərkəzi Rusiyaya...

- Burada pis nə var ki?

- Necə yəni? Millət dağılır. Bunun qarşısını almaq üçün bizə mütləq torpaq lazımdır...”

Sumqayıtda baş verən hadisələr də belə ideoloqların bir oyunu idi. Özü də bu, təkcə ermənilərin yox, Amerikada, Fransada, Rusiyada yaşayan erməni lobbisi tərəfindən düşünülmüş qanlı aksiya sayılırdı. Hadisələrin təhlili bir daha sübut edir ki, ermənilər müxtəlif zaman kəsiklərində öz çirkin və məkrli niyyətlərini, başqa xalqlara qarşı qısqanc münasibətlərini həyata keçirmək üçün hər cür hiylələrə əl atırlar. Amma hər dəfə siyasətçilər, tarixçilər, alimlər tərəfindən qəzəblə, nifrətlə qarşılanıblar və bu proses bu gün də davam edir...

Sumqayıt hadisələri ilə bağlı əsl həqiqətlər 1993-cü ildə - ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra üzə çıxdı. Ulu öndər hadisələrə, onun mahiyyətinə siyasi aydınlıq gətirdi. Ermənilərin gizli və açıq mətləbləri üzə çıxmağa başladı. Onların uydurma və böhtanları faktlarla sübut olundu. Bir daha təsdiq edildi ki, etnik təmizləmə kampaniyasına xidmət edən bu oyunların əsas ssenarisi sovet imperiyası tərəfindən cızılıb. Onun həyata keçirilməsinə isə “böyük Ermənistan” ideologiyasının müəllifləri rəvac verməyə cəhd edirdilər. Təbii ki, bu saxta oyunların sonu iflasla nəticələnməli idi...

 

Bəşir ŞƏRİFLİ,

Azərbaycan.-2015.- 28 fevral.- S.7.