Nur şəhərində xoş ovqat yaşanır

 

Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi istər sovet dönəmində, istərsə də müstəqillik illərində gənc şəhər olan Mingəçevirin tikilib-qurulmasına, bütün istiqamətlərdə dinamik inkişafına xüsusi qayğı və diqqət göstərmişdir. Respublika Prezidenti İlham Əliyev bütün sahələrdə olduğu kimi, energetiklər şəhərinə münasibətdə də varislik ənənəsinə sadiq qalaraq, Mingəçevirin müasir sənaye şəhərinə çevrilməsi üçün qayğı və diqqətini əsirgəmir, bu məqsədin uğurla reallaşması üçün direktiv qərarlar qəbul edir. Bu davamlı qayğının, həyati əhəmiyyətə malik isti münasibətin məntiqi nəticəsidir ki, Mingəçevir tanınmaz dərəcədə gözəlləşib, arzuların çiçək açdığı bir məkana çevrilib.

Respublika Prezidenti İlham Əliyevin fevralın 24-də Mingəçevirə səfəri nur şəhərinin sakinlərində əsl bayram əhval-ruhiyyəsi yaratmışdır. Bu səfər Mingəçevirdə məskunlaşmış məcburi köçkünlər üçün ikiqat artıq sevinc, fərəh doğurur. Yüzlərlə məcburi köçkün ailəsinin mənzil rahatlığına qovuşacağı artıq reallaşır. Ermənistan silahlı qüvvələrinin işğalçılıq siyasətinin nəticəsi olaraq dədə-baba torpaqlarından, doğma ev-eşiklərindən, isti yuvalarından perik salınmış qaçqın və məcburi köçkün soydaşlarımızın problemləri həmişə dövlətin sosial siyasətinin mərkəzində yer alıb. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, qaçqın və məcburi köçkünləri narahat edən problemlər mənim fəaliyyətimdə hər zaman prioritet olaraq qalır. Dövlət başçısının Mingəçevirə növbəti səfəri deyilən fikrin məntiqi təsdiqi kimi çox önəmlidir. Bu tarixi səfər dünyanı iqtisadi böhran bürüdüyü bir zamanda belə öz vətəndaşına sahib çıxan Azərbaycan dövlətinin xalq üçün, millət üçün yaşadığını, fəaliyyət göstərdiyini bir daha sübut etdi. Səfər zamanı Prezident İlham Əliyev Mingəçevirdə məcburi köçkün ailələri üçün yeni salınan yaşayış kompleksi ilə tanış oldu.

Uzun illərdir ki, şəhərin fəhlə yataqxanalarında, müxtəlif sosial obyektlərdə məcburi köçkün ailələri məskunlaşıb. Hazırda Mingəçevirdə yaşayan məcburi köçkünlərin sayı 20 min 200 nəfərdir. Onların çoxu dövlət qayğısı sayəsində hələ xeyli əvvəl şəhər ərazisində salınmış yeni qəsəbədə evlə təmin olunmuş, mənzil rahatlığına qovuşmuşdur. Yeni yaşayış kompleksi isə 594 məcburi köçkün ailəsi üçün nəzərdə tutulur.

Ağdam rayonundan olan məcburi köçkün Rəna Haqverdiyevanın dedikləri:

- Dövlətin qayğısı ən ağır zamanlarda belə yeganə təsəllimiz olub, ümidimizi ölməyə qoymayıb. Prezidentin müdrik siyasətinin qələbəsinə, onun qətiyyəti sayəsində torpaqlarımızın işğaldan azad ediləcəyinə, doğma yurd yerlərinə dönəcəyimizə həmişə inanmışıq. Bu inam bu gün daha güclüdür. Çünki dövlətimizin gücü, ordumuzun qüdrəti aydan-aya, ildən-ilə artmaqdadır. Düşmənlərimiz isə dilənçi durumunda yaşayırlar. Prezident İlham Əliyev bir tərəfdən Azərbaycan Ordusunun gücünü artırmaq üçün dövlət əhəmiyyətli tədbirlər görür, digər tərəfdən çətin şəraitdə yaşayan məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq üçün yeni qəsəbələrin tikintisini reallaşdırır. Bu davamlı qayğı bizə yaşamaq həvəsi verir.

Mingəçevirdə məcburi köçkünlər üçün yeni salınan yaşayış kompleksi 12 hektar sahəni əhatə edir. Kompleks 9 mərtəbəli

11 yaşayış binasından, 480 yerlik məktəbdən, 140 yerlik uşaq bağçasından, tibb məntəqəsindən, klub-icma mərkəzindən ibarətdir. Bu kompleks respublikada qaçqın və məcburi köçkünlər üçün inşa edilmiş 89-cu yaşayış məntəqəsidir. Bütün zəruri infrastrukturlara malik yeni yaşayış məhəlləsi heyrət doğuracaq bir zaman kəsiyində - cəmi 10 ay ərzində inşa olunmuşdur.

Dövlət başçısı Mingəçevirə səfəri zamanı şəhər mərkəzi xəstəxanasında aparılan yenidənqurma işləri ilə, “Dostluq” parkında yaradılan şəraitlə maraqlandı, Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən uşaq bağçasının açılış mərasimində iştirak etdi, “Ağsarayhotelində tikinti işləri, Heydər Əliyev parkında aparılan yenidənqurma işləri ilə tanış oldu, 1-ci Avropa oyunlarına hazırlıqla bağlı “KürOlimpiya Tədris-İdman Mərkəzində görülən işlərlə əlaqədar məlumatları dinlədi.

Prezident İlham Əliyev Mingəçevir Mərkəzi Xəstəxanasının kollektivi ilə görüşdə demişdir: “Mən Mingəçeviri müasir, dinamik inkişaf edən, güclü sənaye potensialına malik olan şəhər kimi görürəm, görmək istəyirəm. Artıq bu proses gedir, reallaşır. Əminəm ki, şəhərin bundan sonra inkişafı ancaq müsbət istiqamətdə gedəcək”.

Səfərin sabahı günü Prezident İlham Əliyev sərəncam imzaladı. Mingəçevirin daha da gözəlləşməsi üçün 10 milyon manat vəsaitin ayrılması şəhər sakinlərinin yüksək əhval-ruhiyyəsinə yeni impuls verdi, sevincinə sevinc qatdı. Dövlət başçısının nur şəhərinə gerçəkləşən beşinci səfəri artıq tarixə çevrilib. Bölgədə isə hər kəsin varlığına hakim olan, günümüzün reallığından doğan xoş ovqat yaşanır.

 

Azərbaycan.-2015.- 1 mart.-  S.1.