İLHAM ƏLİYEVİN OLİMPİADASI

 

Tarixi hadisələri şəxsiyyətlərin adı ilə adlandırmaq qədirbilənlik ənənəsidir!

Bu həm də sinəsini qabağa verərək üzərinə götürdüyü missiyanı bütün ağırlığı və məsuliyyəti ilə şərəflə daşıyaraq sona çatdıranlara ümumxalq minnətdarlıq ifadəsidir!

Artıq I Avropa Oyunları “İlham Əliyevin Olimpiadası” adlandırılır.

Bunu bütün dünya bilir!

Avropanın əksəriyyəti minnətdarlıqla söyləyir!

Azərbaycan xalqı isə bu adlandırmadan qürur və iftixar duyur!

Məhz İlham Əliyev Olimpiya oyunlarının beşiyində belə oyunların keçirilməməsi kimi böyük bir ədalətsizliyi aradan qaldırdı!

Məhz İlham Əliyev sözünə sadiq qalaraq hazırlıq işlərinin çox qısa bir vaxtda və yüksək keyfiyyətlə başa çatdırılmasına, bu möhtəşəm idman bayramının təyin olunan vaxtda işə başlamasına nail oldu!

Məhz İlham Əliyev I Avropa Oyunlarının təşkilatçısı, icraçısı, azarkeşi, fəxri qonağı, idmançıların və jurnalistlərin dostu olduğunu dönə-dönə sübut etdi!

Fəxr edirik ki, İlham Əliyev kimi hər bir xalqın fəxr edəcəyi Prezidentimiz var!

 

HEYRƏTLƏNDİRİCİ AÇILIŞ MƏRASİMİ

 

Müdriklər deyib ki, hər cür müqayisə nöqsanlıdır!

Amma müqayisəsiz ötüşmək də olmur!

Xüsusən də Azərbaycan kimi müstəqilliyə dünən çıxan, 24 il əvvəl isə imperiya boyunduruğunda yaşayan gənc bir dövlətin uğurlarından danışanda!

... Ömrümdə ikinci dəfə idi ki, bu qədər insanın eyni vaxtda bir yerə cəmləşdiyinin canlı şahidi olurdum!

Birinci dəfə “Azadlıq” meydanında, 20 Yanvar şəhidlərinin dəfni günü heyrətə gəlmişdim!

... Rəngləri boğularaq qaralan, yumruqları düyünlənən, başdan-ayağa qara paltar geyinən sonsuz sayda insan kədərli, hüznlü və ümidsiz görkəmdəydi.

Mən onda anladım ki, imperiya məkanında yaşayanda niyə bəziləri bizə “qara” (çornı) deyirmiş.

Amma hamımız zənci olmadığımızı, rəngimizin ağlığını gözəl bilirdik. Heç zaman bu ifadəni (Cənubi qafqazlılara müraciətdə işlədilən) mübahisə predmetinə çevirməzdik...

...Bakının Olimpiya Stadionundakı 12 iyun açılış mərasiminin möhtəşəmliyi isə bambaşqaydı!

I Avropa Oyunlarının və həm də bu nəhəng və müasir qurğunun açılışı idi.

Altmış səkkiz min insan sevincini bölmək üçün bir yerə toplaşmışdı!

Üzlərdən fərəh, dodaqlardan təbəssüm yağırdı!

Hamı al-əlvan, bir qədər də idman üslubunda geyinmişdi!

İnsanlarda ruh yüksəkliyi, özünə və dövlətinə inam, iftixar hissi duyulurdu!

Hamının rəngi-rufu ağappaq idi!

Təəccübləndim! Niyə bir zamanlar bizə “qara millət” deyirdilər!

Bəlkə neftimizə görə?

Axı nefti üzümüzə yaxmırdıq, onlara bağışlayırdıq!

Nə zənci, nə də mulat deyildik!

Sən demə, günlər insanı ağardır, pis gün qaraldırmış!

Bunu atalarımız bizdən qabaq görüb, bilib, deyibmişlər!

Beləliklə, üzlə, açıq alınla, sevinc dolu ürəklə I Avropa Oyunlarının keçirilməsinə başladıq!

 

İLK REKORD, İLK MƏŞƏL

 

Avropa Olimpiya Komitəsi tərəfindən 12 dekabr 2012-ci il tarixində I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə tarixi qərar qəbul olundu.

İkinci tarixi qərarı isə dövlət başçısı cənab İlham Əliyev 17 yanvar 2013-cü ildə verdi: Mehriban xanım Əliyevanın rəhbərliyi ilə I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üçün Təşkilat Komitəsi yaradıldı!

Görüləsi iş çox, müddət isə az idi!

Ancaq “çatdıra bilmədik” söhbəti ola bilməzdi!

Əvvəla, cənab İlham Əliyev sözünün sahibi olan əsl Azərbaycan kişisidir!

İkincisi, artıq Azərbaycanın dünyada özünəməxsus imici formalaşıb və buna xələl gətirmək olmazdı!

Ən nəhayəti, son illər tarixinin heç bir dövründə və zamanında olmadığı qədər tikinti, quruculuq, abadlıq işləri görüldüyündən böyük təcrübə və səriştə də toplanmışdı!

Daha bir mühüm məqam: özünəməxsus iradə və qətiyyət sahibi olan Mehriban xanım Əliyeva Heydər Əliyev Fonduna rəhbərlik etdiyi dövrdə ölkə daxilində və dünyanın bir çox dövlətlərində o qədər tikinti, təmir, yenidənqurma işlərinə və rəngarəng tədbirlərin keçirilməsinə rəhbərlik etmişdi ki, bu sınaqdan da ən yüksək səviyyədə çıxacağı heç kəsdə zərrə qədər də şübhə doğurmurdu!

Bu, belə də oldu!

Təşkilat Komitəsini saat dəqiqliyi ilə işlədən Mehriban xanım Əliyeva nəinki işləri vaxtında və yüksək keyfiyyətlə başa çatdırdı, hətta bu sahədə özünəməxsus dünya rekorduna imza atdı!

“Dünya rekordu” ifadəsi isə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkiyə məxsusdur: “Azərbaycan rəhbərliyi ilə işləmək olduqca məmnunluq doğurdu. Sizin peşəkarlığınız və diqqətiniz bizi hər zaman təsirləndirdi. “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri, birinci xanım Mehriban Əliyeva Oyunlara hazırlıq işlərində şəxsən iştirak edərək dəyərli göstəriş və tövsiyələrini vermiş, işə tam sadiqliyini nümayiş etdirmişdir. Mən Avropa Olimpiya Komitəsinin səmimi minnətdarlığını Prezident İlham Əliyevə və birinci xanıma çatdırmaq istərdim. Təşkilat Komitəsi və “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin peşəkar heyəti planlarımızı reallığa çevirmək üçün 27 ay ərzində yorulmadan çalışıblar. Belə qısa müddət ərzində görülmüş bu qədər işləri hətta ən çılğın arzularımızda təsəvvür edə bilməzdik. Əslində, bütün Bakı heyəti hətta Oyunlar başlamazdan öncə dünya rekorduna imza atdi”.

Haqqında söhbət gedən “böyük dünya rekordu”nun içərisində isə xeyli miqdarda “kiçik rekordlar” da var.

Onlar hansılardır:

* idman yarışlarının keçirilməsi üçün yeni idman arenaları çox qısa müddətdə tikildi;

* əvvəlki binalarda yenidənqurma işləri və müasir idman qurğularının quraşdırılması sürətlə başa çatdırıldı;

* bir neçə ildə ölkə paytaxtında beşulduzlu və müasir hotellər şəbəkəsi quruldu;

* dənizkənarı bulvar kilometrlərlə genişləndirildi, yeni parklar, muzeylər, istirahət yerləri və restoranlar yaradıldı;

* təlim-məşqlərin intensivləşdirilməsi və digər amillər hesabına medal qazanacaq idmançıların sayı və peşəkarlığı artırıldı;

* idmançıların, qonaqların və turistlərin yüksək səviyyədə qarşılanması, yerləşdirilməsi, məşq və yarışlara aparılıb gətirilməsi, asudə vaxtlarının təşkili üçün xarici dil bilən, xüsusi bacarıq və səriştəyə yiyələnmiş çoxsaylı könüllülər hazırlandı;

* paytaxtdaxili yollar genişləndirilərək yeni körpülər, yolötürücüləri, tunellər çəkildi, tıxacların aradan qaldırılması, hərəkətin intensivliyinin artırılması üçün zəruri tədbirlər görüldü;

* qısa müddətdə çoxlu sayda yeni taksilər gətirildi;

* müasir avtobuslar, metro qatarları alındı, xidmət mədəniyyəti xeyli yüksəldildi.

***

I Avropa Oyunlarının ilk məşəlini yandırmaq şərəfi də Oyunlara yenidən həyat vəsiqəsi verən və cəfakeşi sayılan cənab İlham Əliyevə qismət oldu!

I Avropa Oyunlarının məşəlinin Azərbaycanda yandırılması ideyası və onun gerçəkləşdirilməsi, bu məqsədlə tarixilik, tolerantlıq və Bakının keçmiş ənənələri ilə səsləşən “Atəşgah” məbədinin seçilməsi təkcə cənab İlham Əliyevin deyil, bütövlükdə Avropa Oyunlarının ən böyük uğurlarından biri kimi dəyərləndirilməlidir!

Belə bir faktı da qeyd edək ki, İlham Əliyev Olimpiadasında hər şeyin ən yaxşısı, ən keyfiyyətlisi, ən zövqlüsü və ən dəyərlisindən istifadə olundu! Arenalar, idman qurğuları, avadanlıqlardan tutmuş metro qatarları, avtobus və xüsusi nəqliyyat vasitələrinə qədər, hamısı!

I Avropa Oyunlarının simvolu olan Nar, Ceyran, Məşəl və Çıraq isə zərifliyi və gözəlliyi ilə bütün dünyanı valeh etdi!

Baş məşəldar cənab İlham Əliyev tərəfindən ilk məşəlin yandırılması mərasimi də son dərəcə maraqlı və yaddaqalan oldu.

Məşəlin 60 rayonu əhatə edən 47 günlük səfəri isə daha məna tutumlu idi.

Əslində bu, Azərbaycanın bir tam halında, həm də hər guşəsinin inkişaf etdirildiyini göstərən sübutların nümayişi sayılmalıdır.

Bəli, təkcə paytaxt Bakı sürətlə yeniləşərək gözəlləşmir. Bu inkişaf və intibah respublikamızın 60 rayonunun hər birini əhatə edir, rayon mərkəzləri baş şəhərimizdən geri qalmırlar!

Bunu biz bilirdik!

Dünya isə məşəlin işığında baxaraq gördü!

Məşəl, əslində, Avropa idmanında yeni mərhələnin başlanmasına sevinən avropalıların, o cümlədən paytaxtda yaşayanların sevincini bölgədəki vətəndaşlarımızla bölüşməyə yollanmışdı!

Axı, sevinc bölündükcə çoxalır!

 

“BOYKOTÇULAR” ÖZLƏRİNİ BOYKOT ETMİŞ OLDULAR

 

Bəli, I Avropa Oyunları möhtəşəm bir “start”la öz işinə başladı.

Amma buna qədər, hətta oyunlar gedən dövrdə də “boykot” çağırışları səslənir, müxtəlif beynəlxalq qurumlar və təşkilatlar bu istiqamətdə fəal iş aparırdılar. ABŞ-ın diktəsi ilə oturub-duran bəzi Avropa qurumları, “Human Raghts Wach”, “Artike XIX” təşkilatları, “The Guardian”, “The İndependent”, “The Teleqraph”, “Dentsche Welle” kimi qəzetlər, Almaniya Bundestaqı yaxa cırırdı.

Niyə, səbəb nədir?

Azərbaycan çox böyük məsuliyyətin altına girərək, cibindən müəyyən məbləğ xərcləyərək sülhün, dostluğun, əməkdaşlığın carçısı olan idman yarışlarını təşkil edir, “dünyanın taleyini həll edənlər” isə buna sevinmək əvəzinə rəncidəyə düşərək əks-təbliğat aparırlar!

Niyə? Sizə qan lazımdır, vətəndaş müharibəsi lazımdır, çoxsaylı qaçqınlar ordusu lazımdır? Baxın, ərəb ölkələrində kifayət qədər yaratmısınız! Etdiklərinizin bəhrəsini Ukraynada da yığırlar!

Bunun bir tərəfi, Məşədi İbad demiş, adətkərdəlikdən irəli gəlir. Siz Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatında, Pekin və Soçi olimpiya oyunlarında da bu oyunları çıxartmısınız! Özünüzün kifayət qədər Quantanamo, zəncilərin günahsız yerə güllələnməsi, ksenofobiya, islamofobiya və digər “hüquq problemləri”niz var! Gedin öz dərdinizə çarə tapın da!

Avropa İttifaqının bir qrup deputatı iclasa azərbaycanlı “jurnalist” və “hüquq müdafiəçiləri”nin şəkilləri olan köynəklə gəliblər. Görəsən həmin köynəkləri evdə özləri hazırlayıblar, mağazadan alıblar, yaxud şəkildəkiləri tanıyırlar? Müdafiə etdikləri adamlar hansı konkret cinayət əməlinə görə həbs ediliblər, bilmirlərmi? Amma, nədənsə, Avropa Parlamentinin üzvləri 27 ildir məcburi köçkünə çevrilərək vətəndən uzaqlarda ağır vəziyyətdə yaşayan azərbaycanlıların halına yanıb, onların şəkilləri olan köynəkləri geyinmirlər! O zaman gör hər belə deputat üst-üstə neçə yüz min köynək geyinməli olardı!

Hər dəfə idmana qarşı yönələn təbliğat kampaniyasını sonradan həmin dövlətin əleyhinə çevirirlər!

Hər dəfə də uğursuzluğa düçar olurlar. Çünki yarış da keçirilir, idmançılar da medallarını alırlar!

Bu dəfə Qərbin bəzi liderləri açılışa gəlmədi. Lap yaxşı, öz işləridir!

Amma İlham Əliyevin Olimpiadası boykot olmadı!

Əlli dövlətin idman komandası bayrağı ilə birlikdə açılış paradında iştirak etdi.

Əslində, gəlməyənlər, “boykot” deyənlər özlərini boykot etdilər! Çünki belə bir möhtəşəm tamaşaya baxmaqdan məhrum oldular. Boykot o zaman olardı ki, bunu idmançılar, dünya Olimpiya hərəkatının liderləri edəydilər! Onlar isə yarışlarda həvəslə iştirak edərək gördüklərinə yüksək qiymət verdiklərini dəfələrlə söylədilər.

 

STANDARTIN SƏVİYYƏSİ İMKAN, BACARIQ VƏ İSTƏKDƏN DOĞUR

 

Cənab İlham Əliyev öz Olimpiadasını keçirdiyi üçün I Avropa Oyunlarının standartlarına da fərqli yanaşdı. Bu yanaşma onun iş üslubundan, istənilən məsələnin həllində kreativ düşüncə tərzindən, ən əsası daim yeniliyə, qeyri-adiliyə və ən yaxşısını etmək prinsipindən qaynaqlanır. İlkin hazırlıq və unikal açılış mərasimi də göstərdi ki, adətinə rəğmən dövlət başçısı bu böyük idman bayramının və tədbirinin keçirilməsində də yaxşıların yaxşısını etmək niyyətindədir!

Əlbəttə, Avropa Oyunlarının ilki olduğundan görülən işlər, fərdi və fərqli yanaşmalar standartların müəyyənləşməsində mühüm rol oynadı. Avropa Oyunlarının Azərbaycanda müəyyənləşdirilən standartları digər qitələrin oyunlarından fərqlənməklə yanaşı, səviyyəsinin yüksəkliyi ilə də diqqət çəkir. Söhbət təkcə məsələnin təşkilati - texniki tərəfindən getmir. Ən çox nəzər-diqqəti cəlb edən amillərdən biri də idmançılar, qonaqlar və turistlər üçün yaradılan səmimi-mənəvi mühitdən, ab-havadan gedir. Və belə bir mühitin yaranmasında Şərq-Qərb dəyərlərini özündə birləşdirən Azərbaycan xalqının mənəvi keyfiyyətləri əsas rol oynadı. Belə bir mühit isə yalnız iqtidarla xalqın birliyi sayəsində mümkün olur.

I Avropa Oyunları Azərbaycanda dövlət tədbiri kimi deyil, ümumxalq bayramı kimi keçirildi. Bəlkə də standartın texniki tərəfini gələcəkdə kimsə təkrar edə biləcək. Mənəvi mühit isə təkrarsızdır! Odur ki, Oyunların yeni standartlarının, həm də yüksək səviyyəli standartlarının yarandığını söyləyən mütəxəssislər öz fikirlərində tam haqlıdırlar.

 

ƏN ALİ AZARKEŞ

 

İdman güclülərin və iradəlilərin işidir.

Amma hər şey yalnız fiziki güclə həll olunmur.

Burada mənəvi amillərin də böyük əhəmiyyəti var!

Adətən idmançı mənəvi-psixoloji cəhətdən qələbəyə daha yaxşı köklənəndə, azarkeşlərin dəstəyini alaraq ruhlandırılanda daha əzmlə mübarizə aparır.

Başqa sözlə, mənəvi amillərin rolu heç də fiziki hazırlıqdan az rol oynamır.

I Avropa Oyunlarında iştirak edən Azərbaycan idmançılarının bəxti bunda da yaxşı gətirib. Onları qələbəyə ruhlandıran, ən böyük mənəvi dəstəyi verən dövlət başçısı cənab İlham Əliyev idi!

Qonaqların çoxluğuna, işinin gərginliyinə baxmayaraq elə bir gün olmadı ki, cənab İlham Əliyev günün bir neçə saatını tamaşaçılar üçün nəzərdə tutulan tribunalarda keçirməsin.

Ən gərgin yarışların ən çılğın azarkeşlərindən oldu!

Azərbaycan idmançıları prinsipial və ağır qarşılaşmadan qalib çıxanda hisslərini cilovlamır, sevincini gizlətmirdi.

Əslində, hər qələbədə Milli Olimpiya Komitəsinin prezidenti kimi İlham Əliyevin də payı vardı. Odur ki, qızıl medal qazanan kişi idmançılarına mükafatı öz əli ilə təqdim edir, Azərbaycanın dövlət himninə sevinc və fəxarətlə qulaq asırdı.

Ölkə Prezidenti tərəfindən təltifedilmə idmançıları sonsuz dərəcədə sevindirir, mükafatın dəyərini qat-qat artırırdı.

Eyni zamanda, digər idmançılar da belə şərəfə nail olmaq, hədsiz xoşbəxt anları yaşamaq üçün on qat səylə mübarizə aparırdılar!

Kimsənin gözləmədiyi qədər qızıl medalın alınmasında və nəzərdə tutulandan çox mükafatın qazanılmasında ən ali azarkeş sayılan İlham Əliyevin ruhlandırıcı addımlarının əhəmiyyəti də şəksizdir!

Bu da Azərbaycanda müəyyən edilən özünəməxsus standartlardan biridir!

 

MİLLİ OLİMPİYA HƏRƏKATININ LİDERİ

 

Müstəqilliyin ilk illərində Azərbaycan idmanı da məhvolma həddində idi. Başları hakimiyyət uğrunda mübarizəyə qarışan əvvəlki iqtidarlar idmanı tamam unutmuşdular. Vəsaitsizlik üzündən idmançılarımız iştirak hüququ qazandıqları yarışlara belə gedə bilmirdilər. Köhnə idman qurğuları dağılıb sıradan çıxır, yeniləri isə tikilmirdi. Respublika stadionu, velotrek işbazlara verilərək alış-veriş bazarına çevrilmişdi.

Gənclər arasında idmana həvəs tamam ölmüşdü.

Ulu öndər Heydər Əliyev tərəfindən dövlətin gənclər siyasəti müəyyənləşdirildi, idmanın inkişafı üçün zəruri tədbirlər görüldü, ən əsası cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildi. Bununla da 1998-ci ildən Azərbaycan idmanının intibah dövrü başladı. Düşünülmüş, məqsədyönlü və ardıcıllıqla həyata keçirilən tədbirlər uğurlu nəticələrini verdi. Azərbaycanda idmanın yüksəlişi, Olimpiya hərəkatının genişlənməsi dövrü başlandı. Maraqlı bir fakt: müstəqillik dövründə ölkəmiz beş yay Olimpiya oyunlarında iştirak etmişdi. Əgər ilk oyunlarda cəmi bir medal (gümüş) qazanılmışdısa, sonuncu London Yay Olimpiya Oyunlarında idmançılarımız 2-si qızıl, 2-si gümüş olmaqla, on medala layiq görülmüşlər. İndiyədək Avropa, dünya çempionatlarında və beynəlxalq turnirlərdə idmançılarımız təxminən 7473 medal almışlar. Ən rekord nəticə isə I Avropa Oyunlarında qeydə alındı. Azərbaycan 21-i qızıl olmaqla bütövlükdə 56 medala sahib çıxdı.

Bütün bunlar İlham Əliyevin rəhbərliyi ilə idmanın inkişafının Azərbaycan modelinin formalaşdığını sübut edir.

I Avropa Oyunlarında Azərbaycan idmançılarının qazandıqları möhtəşəm uğurlar bu modelin bəhrəsidir. Öz zəhməti və əzmkarlığı ilə həyat vəsiqəsi verdiyi ilk Avropa Oyunlarının İlham Əliyevin Olimpiadası adlandırılması isə MOK prezidentinin halal haqqıdır!

 

MƏQSƏDYÖNLÜ FƏALİYYƏT, SƏMƏRƏLİ İŞ, QANUNAUYĞUN NƏTİCƏ

 

I Avropa Oyunlarında Azərbaycan idmançılarının qazandıqları çoxsaylı medallar hamıya xoş sürpriz oldu! Bəziləri bunu gözlənilməz hesab etdilər. Həqiqətənmi gözlənilməzlikdir?

İlk baxışdan bəlkə də! Amma dərinliklərə varanda bunun uzun illər boyu cənab İlham Əliyevin məqsədyönlü fəaliyyətinin, səmərəli işinin qanunauyğun nəticəsi olduğunu görürük.

Azərbaycan bu qələbəyə addım-addım, pillə-pillə yaxınlaşıb. Yaradılan möhkəm və etibarlı təməlin güclü yüksəlişlə nəticələnəcəyi şübhə doğurmurdu! Sadəcə, hər şey gözlənildiyindən daha tez və effektli şəkildə baş verdi.

Bu, bəlkə də bizə belə gəlir! Görünür, cənab İlham Əliyevin hesablamalarında hər şey dəqiqliklə alınıb!

Qarşıya qoyulan hədəfləri və qazanılan nailiyyətləri bir daha nəzərdən keçirək:

* İlham Əliyev I Avropa Oyunlarının baş tutmasının təminatçısı oldu;

* İlham Əliyev I Avropa Oyunlarının göstərilən vaxtda başlayaraq qüsursuz keçirilməsini təmin etdi;

* İlham Əliyev I Avropa Oyunlarının ən yüksək standartlarının müəyyənləşməsini təmin edən zəruri şəraiti yaratdı;

* İlham Əliyev yarışlar dövründə Azərbaycan xalqının qonaqpərvərliyini ürək genişliyi ilə ortaya qoydu;

* İlham Əliyev yarışlarda azarkeşlik edərək gərgin idman mübarizəsinə yeni çalarlar qatdı;

* İlham Əliyev qızıl medal qazanan Azərbaycan idmançılarını şəxsən özü təltif etməklə digərini də qələbəyə ruhlandırdı;

* İlham Əliyev I Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin qeyri-adiliyinin və heyrətamizliyinin təminatçısı oldu.

 

DEYİLƏNLƏR VAHİD QƏNAƏTİ FORMALAŞDIRIR

 

Əslində, I Avropa Oyunlarının bir əsas təşkilatçısı var - cənab İlham Əliyev!

Əslində, I Avropa Oyunlarının bir qəhrəmanı var - cənab İlham Əliyev!

Əslində, tarixə çevrilən I Avropa Oyunları kimi unudulmaz hadisəni bizlərə yaşadan, Avropanın və dünyanın idman tarixinə yeni parlaq səhifə yazan cənab İlham Əliyev bu olimpiadanın şəriksiz müəllifidir!

Dövlət başçısı bütün bu işləri öz xalqı, öz dövləti üçün etmiş, Azərbaycanın bu günü və gələcəyi naminə bu qədər əziyyətlərə və istirahətsiz çalışmalara qatılmışdır!

Nəticə fərəhli və qənaətbəxşdir:

* I Avropa Oyunları Azərbaycan üçün qürur mənbəyinə çevrildi, şərəf işi oldu!

* Ölkə bir daha müstəqil olduğunu, yalnız milli maraqlara xidmət göstərdiyini ortaya qoydu!

* Xarici dairələr Azərbaycanla təzyiq, diktə dilində danışmağın mənasızlığını bir daha anladılar!

* Xalq öz iqtidarı ətrafında daha sıx birləşdi, onun daxili və xarici siyasətinə tam dəstək verdiyini nümayiş etdirdi.

Faktiki olaraq bu Oyunlar Azərbaycanın iqtisadi, siyasi, mədəni uğurlarının göstəricisinə, sülhsevər məramının təsdiqinə, ölkəmizin maddi, mənəvi və təşkilatçılıq imkanlarının yüksəldiyinin “idman dilində” tərənnümünə çevrildi!

 

Bəxtiyar SADIQOV

 

Azərbaycan.- 2015.- 1 iyul.- S. 1, 3.