Sabitliyin və inkişafın keşiyində
I Avropa
Oyunlarında ictimai asayişi,
təhlükəsizliyi fədakarlıqla təmin edən Azərbaycan
polisi xalqın və Prezidentin
yüksək etimadını növbəti dəfə layiqincə
doğrultdu
Polisə olan hörmət dövlətə olan hörmətdir. Polis əməkdaşları qanunun keşiyində dayanırlar. Polis əməkdaşları cinayətkarlığa qarşı mübarizə aparırlar. Onlar öz həyatlarını risk altına qoyurlar və vətəndaşlar bunu unutmamalıdırlar. Yəni cəmiyyətin, ölkəmizin rahat, təhlükəsizlik şəraitində yaşamasını polis orqanları təmin edir. Mən görülmüş bu işləri yüksək qiymətləndirirəm və bilirsiniz ki, polis orqanlarını daim müdafiə edirəm və müdafiə edəcəyəm.
İlham ƏLİYEV
Azərbaycanın müstəqillik tarixinin ən mötəbər və əlahiddə beynəlxalq tədbiri başa çatdı: respublikamız hədsiz sevinc, qürur və həyəcan dolu I Avropa Oyunlarını uğurla yekunlaşdırdı. Böyük məsuliyyət, təşkilatçılıq və həssaslıq tələb edən bir işin öhdəsindən uğurla gəldik.
6 mindən çox əcnəbi idmançının, çoxsaylı qonaqların və jurnalistlərin iştirak etdiyi idman tədbirinin təşkilatçılığını saat mexanizmi tək yüksək dəqiqliklə reallaşdırmaq, atletlərin, çoxsaylı digər qonaqların qarşılanmasından tutmuş yerləşdirilməsinə, qidalanmasına, təhlükəsizliyinə qədər hər bir prosesi planlı, sistemli və ardıcıl şəkildə həyata keçirmək təkcə peşəkar komanda işi deyil, həm də yüksək vətənpərvərlik, yurd, torpaq sevgisi tələb edirdi.
Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı, həssas münasibəti, Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, “Heydər Əliyev” ordenli Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin fədakar fəaliyyəti ilk Avropa Oyunlarının - açılış mərasimindən bağlanışadək - yüksək səviyyədə keçməsini, “Bakı-2015”in milli qürur və fəxarət hadisəsinə çevrilməsini təmin etdi.
3 ilə yaxın zəhmətin, əlavə olaraq 17 günlük gecəli-gündüzlü yorulmaz fəaliyyətin sonunda öyünə biləcəyimiz bir həssas məqam da var: I Avropa Oyunları yüksək təhlükəsizlik, əmin-amanlıq, sabitlik şəraitində, insidentsiz başa çatdı. Ölkəmiz bu Oyunların Bakıda keçirilməsi təşübbüsü ilə çıxış edərkən, şübhəsiz, üzərinə böyük məsuliyyət götürmüşdü. Bu məsuliyyət heç də yalnız I Avropa Oyunlarına az vaxtın qalması ilə şərtlənmirdi. Qısa müddətdə zəruri şəhər infrastrukturunun, idman komplekslərinin yaradılması ilə yanaşı, hər bir idmançının rahat, təhlükəsiz, firavan şəraitdə qüvvəsini sınamasına imkan verən mühitin təmin edilməsi qarşıda ciddi vəzifə kimi dayanırdı. Fəqət, rəsmi Bakı bu vəzifənin doğurduğu məsuliyyətin ağırlığından zərrə qədər də çəkinmədi.
Bu, daxili əminliyə, ilk növbədə ulu öndər Heydər Əliyev tərəfindən möhkəm təməl üzərində əsası qoyulmuş sabitliyə, milli təhlükəsizliyə, xalq-iqtidar vəhdətinə əsaslanırdı. Bu güvəni şərtləndirən digər başlıca amil respublikamızın güc nazirliklərinin, ilk növbədə ötən 22 ildə sabitliyin və vətəndaşların təhlükəsizliyinin sadiq və etibarlı keşikçisinə çevrilmiş Azərbaycan daxili işlər orqanlarının əzmkar fəaliyyətindən, peşəsinə, dövlətinə, xalqına sadiqliyindən irəli gəlirdi.
Bəli, etiraf etməliyik ki, Azərbaycan polisi I Avropa Oyunlarında xalqımızın və dövlətimizin başçısının ona göstərdiyi yüksək etimadı, inamı layiqincə doğrultdu!
Azərbaycan polisi 22 ildə qazandığı nailiyyətlərə söykənərək I Avropa Oyunları zamanı ictimai asayişi və təhlükəsizliyi layiqincə, fədakarlıqla təmin etdi!
Azərbaycan polisinin müəyyənləşdirdiyi standartlar
Avropa Oyunlarına hazırlıq üzrə Təşkilat Komitəsinin sədri, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva hələ mötəbər idman yarışları ərəfəsində demişdi: “İdmançılarımızın nailiyyətləri, müasir idman infrastrukturu, idmanın inkişafına göstərilən güclü dövlət dəstəyi, habelə ölkəmizin mükəmməl iqtisadi artımı Avropa Olimpiya Komitəsinin qərarına zəmin yaradan əsas amillər idi. Bu qərara təkcə sevinclə yox, həm də məsuliyyətlə yanaşırıq. İlk Oyunlar gələcəkdə keçiriləcək Oyunlar üçün standartları müəyyən edəcək”.
Böyük uzaqgörənlik və əminliklə deyilmiş bu fikir ilk Avropa Oyunlarının keçirildiyi günlərdə tam təsdiqini tapdı. Azərbaycan 17 gündə bu Oyunlarla bağlı mühüm yeni standartlar və uğurlu presedent formalaşdırdı. Əminliklə demək olar ki, Azərbaycanın formalaşdırdığı bu standartlar Avropa Oyunlarına evsahibliyi estafetini üzərinə götürmüş bir çox ölkələr tərəfindən yaxından öyrəniləcək və tətbiq ediləcək. Məsələn, elə Danimarka kimi bu standartları tətbiq etmək əzmində olmadığını etiraf edənlərə də rast gəlinəcək.
Azərbaycanın I Avropa Oyunları ilə bağlı müəyyənləşdirdiyi yeni standartlarda daxili işlər orqanlarının da payı var. Azərbaycan polisi peşəkar peşə fəaliyyəti, sivil davranışı, nəzakətli, təmkinli ünsiyyəti, xoş siması ilə əcnəbilərdə son dərəcə yüksək təəssürat formalaşdırdı. Xalqımız haqqında formalaşmış yüksək rəyi daha da yəqinləşdirdi.
Azərbaycan polisi daha bir ciddi sınaqdan üzüağ, alnıaçıq çıxdı!
Daxili İşlər Nazirliyi ilk Avropa Oyunlarının sabit və təhlükəsiz şəraitdə baş tutması, paytaxtın əsas prospekt, küçə və yollarında hərəkətin təhlükəsizliyinin, habelə əcnəbi qonaqların yerləşdirildiyi obyektlərin, o cümlədən Atletlər və Media kəndlərinin qorunması üçün bütün lazımi tədbirləri yüksək səviyyədə həyata keçirmişdi. 2015-ci ilin martında daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə xüsusi qərargah yaradılmış, eləcə də idmançıların qalacağı ərazilərdə 15 köməkçi qərargah təşkil olunmuşdu. Həmin qərargahlara təcrübəli rəhbər şəxslərin təyin edilməsi, aprelin 16-da DİN-də “I Avropa Oyunları ilə əlaqədar ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi və texniki vasitələrlə təminat sahəsində görülən işlər”in vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş iclasın keçirilməsi də Azərbaycan polisinin üzərinə düşən məsuliyyətin ağırlığına dəlalət edirdi.
Aprelin 29-da daxili işlər nazirinin bilavasitə iştirakı ilə keçirilən təlimlər isə Azərbaycan polisinin yüksək hazırlıq səviyyəsindən xəbər verirdi. Əvvəlcədən müəyyənləşdirilmiş plana əsasən I Avropa Oyunları müddətində asayişin təminatı prosesinə 25 min nəfərədək polis əməkdaşı cəlb olunmuşdu. Oyunların keçirildiyi günlərdə bütün idman obyektlərində, habelə dövlət qurumlarının yerləşdiyi binalarda, hotellərdə, yollarda təhlükəsizlik tədbirləri gücləndirilmişdi. 17 gün ərzində DİN-in şəxsi heyəti qanunvericiliklə üzərinə düşən məsul vəzifələrin, habelə Azərbaycan Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu bütün tapşırıqların öhdəsindən layiqincə gəldi. Sabitliyin, əmin-amanlığın, habelə dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün qüvvə və bacarığını əsirgəmədi.
İlk Avropa Oyunları günlərində Azərbaycan polisi həm də özünəməxsus bayram libası ilə diqqəti çəkdi. Xaricilərlə daha çox ünsiyyətdə olan polis əməkdaşlarının ciddi mülki geyimdən heç də fərqlənməyən müasir uniformalarda görünməsi, habelə qadın polis əməkdaşlarına geniş rast gəlinməsi təqdirəlayiq yeniliklərin yalnız kiçik qismi idi. Mühafizə aparacaq 700 nəfərədək polis əməkdaşının əvvəlcədən ingilis dili kurslarına cəlb olunmaları hazırlıq prosesində ən vacib məqamların da ciddiliklə nəzərə alınmasından xəbər verirdi.
İlk Avropa Oyunları günlərində yol patrul xidməti əməkdaşlarının göstərdikləri nümunəvi fəaliyyəti, yüksək peşəkarlığı, əzmkarlığı və zəhməti xüsusi qeyd etmək lazım gəlir. Gücləndirilmiş iş rejimində çalışan YPX əməkdaşlarının qızmar yay günlərində yorulmaq, dincəlmək bilmədən Bakının küçə və prospektlərində hərəkətin təhlükəsizliyini yüksək səviyyədə tənzimləmələri, tıxacların yaranmasının qarşısını almaları həqiqətən də xoş təəssürat doğururdu. Bütün bunların fonunda Bakıda olan xarici qonaqlar da Azərbaycan polisinin fəaliyyətini xoş təəssüratlarla qeyd edirdilər.
Ekstremal vəziyyətlərə fiziki və mənəvi hazırlıq əzmi
Azərbaycan polisinin peşəkarlığını, dövlətçiliyə və xalqa sevgisini, peşə fəaliyyətinə vicdanlı münasibətini ötən illərin saysız-hesabsız həyat tabloları fonunda əyani şəkildə göz önündə canlandırmaq mümkündür. Daxili işlər orqanlarının ilk Avropa Oyunları ilə bağlı nümunəvi fəaliyyəti isə diqqətəlayiq çoxsaylı faktlardan, sadəcə, biridir.
Hansı dövrə təsadüf etməsindən, motivindən asılı olmayaraq, daxili işlər orqanları əməkdaşlarının fədakar fəaliyyətinin mahiyyətində bir xoş məram diqqəti xüsusi çəkir: cəmiyyətdə ictimai asayişi yüksək səviyyədə təmin etmək, vətəndaşların qanuni maraq və mənafelərini qorumaq, hüquq pozuntularına qarşı əzmkar mübarizə aparmaq, təhlükəsizliyi bütün səviyyələrdə təmin etmək!
Ötən illərdə Azərbaycan polisinin ən ekstremal situasiyalara fiziki, mənəvi və psixoloji hazırlığını təsdiqləyən minlərlə hadisənin canlı şahidi olmuşuq. Və həmin anlarda fəaliyyətinə hansısa səbəbdən biganəliklə, laqeydliklə yanaşdığımız polis əməkdaşlarının vətəni, xalqı, vətəndaşı üçün yüksək fədakarlıq göstərmələrindən qürur hissi keçirmişik. “Mənim polisim məni qoruyur” deyimini də məhz həmin anlarda həqiqi mahiyyəti ilə dərk edərək daxili işlər orqanlarının fəaliyyətinin cəmiyyətimiz üçün nə qədər zəruri olduğunu sanki yenidən dərk etmişik. Bəli, son 22 ildə Azərbaycan polisi və onun missiyası, fəaliyyət fəlsəfəsi tamamilə dəyişib və burada insan və vətəndaş amilinə həssas, qayğıkeş münasibət ön plana keçib. Etiraf etməliyik ki, ötən əsrin 90-cı illərinin əvvəllərində müəyyən səbəblərdən bu peşənin təmsilçilərini görəndə haqlı-haqsız diskomfort keçirən, sanki diksinən kimi olan ölkə vətəndaşı bu gün Azərbaycan polisinə güvənir, onun əzmkar fəaliyyəti olmadan cəmiyyətin hansı böyük fəlakətlərə, faciələrə sürüklənə biləcəyinin fərqinə varır. Bu gün vicdanının səsini eşidən, haqqı etiraf etməyi bacaran hər bir vətəndaş dinc, təhlükəsiz, sabit ölkədə yaşadığına, özünün və yaxınlarının həyatı üçün hansısa narahatlıq duymadığına, qısası, mal və can güvənliyinə görə polis əməkdaşlarının fəaliyyətini sonsuz rəğbət və minnətdarlıq duyğuları ilə qarşılayır.
Vətəndaşı üçün real təhlükəni hiss edən vicdanlı Azərbaycan polisi çətin məqamlarda yalnız nizamnamə ilə səlahiyyətlərinə aid məsələləri düşünmür. Taleyüklü məqamlarda - dövlətin, xalqın maraqları tələb edən zamanda Azərbaycan polisinin həyatını riskə ataraq böyük rəşadət və qəhrəmanlıqlar nümayiş etdirdiyinin, hətta canından belə keçdiyinin şahidi olmuşuq. Xatırlatmaq yerinə düşər ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra üzləşdiyimiz hərbi təcavüzə qarşı milli müqaviməti ilk olaraq polis orqanları təşkil etmişdilər. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə daxili işlər orqanlarının şəxsi heyəti 1695 şəhid vermiş, 1710 əməkdaşı isə yaralanmışdır. Ötən 22 ildə Azərbaycan polisi ölkədə ictimai asayişin təmini, cinayətkarlığın səviyyəsinin azalması, silahlı quldur dəstələrinin zərərsizləşdirilməsi, transmilli mütəşəkkil cinayətkarlığa qarşı effektiv mübarizənin təşkili və digər yönümlərdə şərəflə çalışmış, qarşıya qoyulmuş vəzifələri, tapşırıq və göstərişləri layiqincə həyata keçirmişlər.
Çox uzağa getməyək, elə bu il may ayının 19-da Binəqədi rayonunun Azadlıq prospektində yerləşən hündürmərtəbəli yaşayış binasında baş vermiş dəhşətli yanğın hadisəsi Azərbaycan polisinin ekstremal vəziyyətlərdə yüksək fədakarlıq göstərmək, xilaskarlıq missiyası ilə həyatını riskə atmaq əzmini bir daha əyani nümayiş etdirdi.
Həmin gün polis əməkdaşı Elvin Abışov böyük şücaət və fədakarlıq göstərərək tüstüdən boğulan körpəni alovların içindən sağ-salamat çıxardı və təkcə peşəsinə deyil, əsl vətəndaşlıq duyğusu ilə dövlətinə və xalqına sevgisini nümayiş etdirdi. Həyatı üçün böyük risk olsa belə, həmin vaxt fədakarlığını əsirgəmədi. Od-alovun içində bir köprə fidanın həyatını xilas edərək xalqının dərin rəğbətini qazandı. Və bu misilsiz qəhrəmanlıq nümunəsi ölkə rəhbərliyi və DİN tərəfindən layiqincə qiymətləndirildi - polis serjantı Elvin Abışovla görüşən daxili işlər naziri general-polkovnik Ramil Usubov ona səmimi təşəkkürünü bildirdi və ölkə rəhbərliyi adından mükafatlandırdı.
Azərbaycan polisi, demək olar ki, hər gün belə fədakarlıqlara imza atır. Cinayətkarlığın müxtəlif forma və təzahürlərinə qarşı mübarizədə həyatını riskə qoyur. Unutmayaq ki, başqalarının təhlükəsizliyi, firavan yaşayışı naminə öz həyatını təhlükəyə atan azsaylı peşə sahibləri sırasında daxili işlər orqanlarının əməkdaşları da var. Belələri isə hər cür sevgi, rəğbət və diqqətə layiqdirlər...
Peşəkar komanda, dəqiq hədəflər
Fəaliyyətinin 97-ci ildönümünü qeyd edən daxili işlər orqanlarının xidmət salnaməsi keşməkeşli, çətin olduğu qədər də şərəfli, eyni zamanda, ziddiyyətli və məsuliyyətli bir yolu ehtiva edir. Həm Xalq Cümhuriyyəti dövründə, həm də Sovetlər birliyi dönəmində bu orqanlar vətəndaşların məişətdə üzləşdikləri xırda problemlərin həllindən başlamış ictimai asayişin qorunması və dövlətin təhlükəsizliyinin təmini kimi taleyüklü məsələlərə cavabdeh olmuşdur.
Bu gün uğurlardan saatlarla danışmaq olar, ancaq bəzən onların hansı çətinliklər və fədakarlıqlar nəticəsində əldə edildiyini unuduruq. 1993-cü ilin iyun ayında Heydər Əliyevin xalqın təkidli tələbi ilə dövlət idarəçiliyinə qayıtmasından sonra başlanan Qurtuluş missiyası bütün sahələrdə olduğu kimi, respublikada kriminogen durumun nəzarətə götürülməsi və ictimai asayişin təminatı yönümündəki fəaliyyətdə də əsaslı dönüş yaratdı.
Qarabağ bölgəsində atəşkəs əldə edildikdən sonra Azərbaycanın qarşısında yeni bir cəbhədə mübarizə aparmaq zəmini yaranmışdı. Ökədə tüğyan edən cinayətkarlıq, qanunsuz silahlı dəstələr, dövlət aparatında özlərinə yuva qurmuş siyasi intriqantların məkrli niyyətlərini həyata keçirən qruplar və bandalar vətəndaşlarımızın həyatları, həmçinin dövlətimizin müqəddəratı üçün əsas təhlükəyə çevrilmişdilər. Hakimiyyətə yeni gəlmiş ümummilli lider Heydər Əliyev bu sahədəki problemlərin aradan qaldırılmasını özü üçün əsas vəzifələrdən biri kimi elan etdi. Heydər Əliyev bu acınacaqlı durum barədə hələ o zaman təəssüflə bildirirdi ki, qeyd edilən problemlərin geniş miqyas almasına səbəb çox vaxt elə daxili işlər orqanlarının bəzi yüksək vəzifəli əməkdaşlarının cinayətkarları himayə etmələri, yaxud da səhlənkar xidmətləridir.
Fəaliyyətində böyük problemlər olan daxili işlər orqanlarında köklü islahatlara hazırlıq məqsədilə Heydər Əliyev 1994-cü il aprelin 29-da DİN-in məsul işçilərinin iştirakı ilə xüsusi müşavirə keçirərək bu qurumda özünü göstərən mənfi təzahürləri rəhbər şəxslərin səriştəsiz fəaliyyəti, onların işində şəxsi maraqların vəzifə məsuliyyətindən önə keçməsi ilə əsaslandırdı. Ulu öndər vəziyyətin qaydaya salınması məqsədilə DİN rəhbərliyində əsaslı kadr dəyişiklikləri apararaq Ramil Usubovu Azərbaycan Respublikasının daxili işlər naziri təyin etdi.
Aprel müşavirəsindən sonra daxili işlər orqanlarının fəaliyyətində inqilabi dəyişikliklər baş verdi. Ulu öndərin tapşırıqlarına uyğun olaraq Ramil Usubov xidməti vəzifə müddətində əldə etdiyi təkmil qabiliyyətə, təcrübəyə əsaslanıb, bütün şəxsi heyəti vəzifə səlahiyyətlərini layiqli formada həyata keçirməyə səfərbər etməyə müvəffəq oldu. Azərbaycan polisi qısa müddət ərzində dövlət və millət qarşısında peşəkarlıq imicini yenidən yaratdı, ümumxalq etimadını bərpa etdi, ən əsası isə ulu öndərin inamını doğrultdu. Ümumiyyətlə, ümummilli liderin tövsiyələri və göstərişləri, daxili işlər orqanlarına olan etimadı fəaliyyətdə əsas istinadgah kimi qəbul edildi. Heydər Əliyevin misilsiz xidmətləri, böyük dəstəyi sayəsində həlli qeyri-mümkün olan problemlər belə az vaxtda aradan qaldırıldı. Ölkədə sabitlik bərqərar edildi, cinayətkarlığın artan dinamikasının qarşısı alındı və o, günü-gündən azaldıldı, kriminogen durum tam nəzarətə götürüldü, respublikada tüğyan edən mütəşəkkil cinayətkarlığa, sabitlik üçün təhlükə doğuran zərərli meyillərə, qanunsuz silahlı birləşmələrə qarşı uğurlu tədbirlər həyata keçirildi.
Beynəlxalq terrorizm, narkotik və silah qaçaqmalçılığı, insan alveri, qanunsuz miqrasiya, eləcə də transmilli cinayətlərin qloballaşan dünya üçün ciddi problemlərə çevrildiyi indiki günlərdə Azərbaycan daxili işlər orqanlarının bu istiqamətdə göstərdiyi fəaliyyət, əldə etdiyi real nəticələr son dərəcə təqdirəlayiqdir. Bu cür qlobal xarakterli cinayət əməllərinə qarşı mübarizədə qazanılmış uğurlar yalnız vətəndaşlarımızın təhlükəsizliyi, ölkədə asayişin təminatı ilə məhdudlaşmadan həm də Azərbaycanın beynəlxalq nüfuzunun artması, xarici dövlətlərin əməkdaşlıq əlaqələrinin gündən-günə gücləndiyi beynəlxalq təşkilatların nəzərində Azərbaycanın etibarlı tərəfdaş imicinin yüksəlməsinə yönələn ciddi bir amil kimi diqqəti cəlb edir.
Ulu öndərin layiqli davamçısı - Prezident İlham Əliyev dövlətə rəhbərlik etdiyi son 12 ildə daxili işlər orqanlarına daim yüksək diqqət və qayğı ilə yanaşaraq DİN-in fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması üçün mühüm tədbirlər həyata keçirib. Bunun nəticəsidir ki, Daxili İşlər Nazirliyində və onun yerli orqanlarında təşkilati-kadr və struktur islahatları son dövrlərdə davamlı xarakter daşıyır. Burada məqsəd xidməti fəaliyyətin daha da təkmilləşdirilməsi, ölkədə kriminogen durumun təhlil edilib adekvat planların hazırlanıb həyata keçirilməsi, yaranmış yeni vəziyyətdə çevik idarəçilik qərarlarının qəbul olunmasını təmin etməkdir. İstər şəhər, rayon polis orqanları səviyyəsində, istərsə də daha yüksək instansiyalarda bu yeniləşmə, müasirləşmə, işin yeni şəraitə uyğun qurulması, operativ idarəçilik mexanizmlərinin işə salınması, daha professional hazırlıqlı, enerjili əməkdaşların rəhbər vəzifələrə irəli çəkilməsi prosesi davam edir. Bu dəyişikliklərin, islahatların məqsədi isə daxili işlər orqanlarının qarşısında qanunla qoyulmuş mühüm və çox məsuliyyətli vəzifələri layiqincə həyata keçirməkdir.
Dövlət başçısının dəfələrlə vurğuladığı kimi, bu gün DİN-in və onun ayrı-ayrı strukturlarının qarşısında duran ən başlıca vəzifə, şübhəsiz, ölkədəki dinamik inkişafa yol açan ictimai-siyasi sabitliyi qorumaq, dövlətçiliyə qarşı yönələn cinayətkar qəsdlərə qarşı barışmaz mövqe tutmaqdır. Azərbaycan polisi cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində mühüm uğurlara imza atıb. Vətəndaşların əmin-amanlığının yüksək səviyyədə təmin edildiyi dövlət imicini bir daha təsdiqləyən respublikamız əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına görə MDB və Şərqi Avropa məkanında öncül mövqedədir.
Yüksək sədaqət
nümunəsi
Daxili işlər orqanları istər 2003-cü ilin prezident, istərsə də 2005-ci ilin parlament seçkiləri kampaniyası dövründə xidməti vəzifəsinin öhdəsindən layiqincə gəlməklə hakimiyyət uğrunda qeyri-qanuni və zorakı mübarizə aparmaq niyyətinə düşmüş qüvvələrə qarşı qanun çərçivəsində ciddi tədbirlər görmüş, kütləvi iğtişaş cəhdlərinin qarşısını qətiyyətlə almış, qanunçuluğu təmin etmişdir. Son illərdə həmin aqressiv qüvvələrin daxili işlər orqanlarına, onun rəhbərliyinə qarşı apardığı böhtan və iftira kampaniyasının kökündə də məhz bu amil dayanır. Lakin Azərbaycan polisi üzləşdiyi çirkin təbliğat kampaniyasına məhəl qoymadan missiyasını davam etdirir, sıralarının təmizliyini qoruyur, ölkədə hər hansı təxribat planlaşdıran siyasi dairələrə niyyətlərinin həyata keçməyəcəyi xəbərdarlığını edir.
Azərbaycan Prezidentinin siyasi iradə və qətiyyəti, daxili işlər orqanlarının dövlətçiliyə və qanunçuluğa bağlılığı nəticəsində bu gün heç bir qüvvə ölkədə qarşıdurma yaratmağa, asayişi pozmağa, ölkəmizi 1990-cı illərin əvvəllərindəki xaos və anarxiya mərhələsinə qaytarmağa qadir deyil. Buna cəhd edənlər, həmişə olduğu kimi, qarşılarında yenə də Azərbaycan xalqını, onun ayrılmaz hissəsi olan Azərbaycan polisini görəcəklər.
Daha effektiv xidmət, xalqa sıx bağlılıq, dövlətçiliyə nümunəvi xidmət Azərbaycan polisinin əsas xidmət göstəricisidir. General-polkovnik Ramil Usubov başda olmaqla, bütün şəxsi heyət bu gün öz xalqına, vətəninə, ümummilli lider Heydər Əliyevin müqəddəs ideallarına, Prezident İlham Əliyevin göstəriş və əmrlərinə, mövcud qanunlarımıza yüksək sədaqət nümunəsi göstərirlər və bunu fəaliyyətlərinin əsas prioriteti sayırlar.
Bu gün
hər bir vətəndaş əmin ola bilər ki, Azərbaycan
polisi onun həyat və
sağlamlığının, hüquq və
azadlıqlarının, qanuni mənafelərinin,
ictimai asayişinin
keşiyindədir. Yaranmasının 97-ci ildönümü tamam olan Azərbaycan polisi hər
zaman dövlətimizin diqqət və
etimadını hiss edir,
fəaliyyətinə verilən yüksək qiyməti böyük minnətdarlıqla
qarşılayır, habelə xalqımıza layiqli,
fədakar xidmət göstərməkdən böyük qürur duyur.
İxtiyar HÜSEYNLİ,
Azərbaycan.- 2015.- 1 iyul.- S. 5.