“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 12, maddə 984; 2007, ¹ 6, maddə 562, ¹ 10, maddə 938, ¹ 12, maddə 1196; 2009, ¹ 6, maddə 404, ¹ 7, maddələr 507, 517; 2010, ¹ 10, maddə 839; 2011, ¹ 7, maddə 612; 2014, ¹11, maddə 1371) aşağıdakı dəyişikliklər edilsin:

1.  10.3-cü maddədə “tədavülə buraxılmış nağd milli valyutanın 15 faizi miqdarında müəyyən edilir və” sözləri “onun nizamnamə kapitalından az olmamaq şərti ilə” sözləri ilə əvəz edilsin.

2. 12-ci maddə üzrə:

2.1. 12.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“12.2. Kapital ehtiyatları formalaşdırıldıqdan və Mərkəzi Bankın illik maliyyə hesabatı auditor rəyi ilə təsdiqləndikdən sonra reallaşdırılmış mənfəətin sərbəst qalığı dövlət büdcəsinə köçürülür.”;

2.2. 12.3-cü maddə ləğv edilsin.

3. 13-cü maddə üzrə:

3.1. “Manatın” sözündən əvvəl “13.1.” rəqəmləri əlavə edilsin;

3.2. 13.1-ci maddədən “və bu Qanunun 10.3-cü maddəsində nəzərdə tutulmuş normativin hesablanması zamanı nəzərə alınmır” sözləri çıxarılsın;

3.3. aşağıdakı məzmunda 13.2-ci maddə əlavə edilsin:

“13.2. Xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunur.”.

4. 14.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“14.2. Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödənilir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 may 2015-ci il

 

Azərbaycan.- 2015.- 1 iyul.- S. 2.