KİV layihələrinin
maliyyələşdirilməsi ilə bağlı qərar qəbul
edilib
İyunun
30-da Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun
Müşahidə Şurasının növbəti iclası
keçirilib.
Fonddan
AZƏRTAC-a bildiriblər ki, Müşahidə
Şurasının sədri Umud Mirzəyev gündəlikdəki
məsələlər barədə məlumat verib.
Əvvəlcə 2015-ci ilin ikinci yarısında KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş müsabiqəyə təqdim olunmuş layihə təklifləri müzakirə edilib. Fondun icraçı direktoru Vüqar Səfərli elan edilmiş şərtlər çərçivəsində müsabiqəyə 35 qəzetin sənəd təqdim etdiyini diqqətə çatdırıb. Bildirib ki, ilin birinci yarısında Fonddan maliyyə yardımı almış 33 qəzetdən əlavə daha 2 mətbuat orqanı – “Hürriyyət” və “Zaman çempion” qəzetləri də layihə təklifləri təqdim edib. Müvafiq araşdırmalardan sonra “Hürriyyət” qəzeti də daxil olmaqla 34 qəzetin layihə təkliflərinin müsabiqənin şərtlərinə uyğun olduğu müəyyən edilib.
Sonra müsabiqənin şərtlərinə müvafiq olaraq təqdim edilmiş sənədlər Müşahidə Şurasının üzvləri tərəfindən nəzərdən keçirilib. Müzakirələr zamanı Müşahidə Şurasının üzvlərindən Vüqar Rəhimzadə, Əflatun Amaşov, Bəxtiyar Sadıqov, Müşfiq Ələsgərli, Rəşad Məcid və İntiqam Hümbətov Fondun maliyyə yardımı müsabiqələrinin mətbuatın maddi-texniki bazasının və jurnalistlərin sosial vəziyyətlərinin yaxşılaşdırılması baxımından əhəmiyyətini qeyd ediblər.
Müzakirələrin sonunda 34 qəzetin sənədlərinin müsabiqənin şərtlərinə cavab verdiyi nəzərə alınaraq onlara 2015-ci ilin ikinci yarısında maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib.
Cari məsələlərin
müzakirəsi zamanı icraçı direktor
Vüqar Səfərli Azərbaycan milli mətbuatının yaranmasının 140
illik yubileyi ilə əlaqədar
keçiriləcək tədbirlər barədə ətraflı
məlumat verib.
AZƏRTAC
Azərbaycan.- 2015.- 1 iyul.- S. 2.