Saymon Kleq : "Bakı-2015" birinci
Avropa Oyunları telekommunikasiya
xidmətləri ilə yüksək səviyyədə təchiz
olunub
İyunun 30-da Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) rabitə birlik və müəssisələrinin rəhbərlərinin, "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) əməliyyatlar üzrə baş direktoru Saymon Kleq və komitənin digər məsul işçilərinin iştirakı ilə birinci Avropa Oyunlarının başa çatması münasibəti ilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, nazir Əli Abbasov birinci Avropa Oyunlarının uğurla keçirilməsində telekommunikasiya, radio-televiziya, internet və digər rabitə xidmətlərinin və radiotezliklərin xüsusi əhəmiyyət kəsb etdiyini söyləyib və oyunlar keçirilən dövrdə qeyd edilən bütün rabitə xidmətlərinin lazımi səviyyədə fəaliyyət göstərdiyini bildirib.
Nazir birinci Avropa Oyunlarında idmançılarımızın qazandığı uğurlarda, oyunların möhtəşəm açılış və bağlanış mərasimlərinin dünya ölkələrinə və respublikaya yüksək keyfiyyətlə və fasiləsiz yayımının təşkilində Beynəlxalq İdman Yayım Şirkəti ilə yanaşı "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin, "Azərkosmos" ASC-nin və Məlumat Hesablaşma Mərkəzinin xüsusi rol oynadığını vurğulayıb.
BEGOC-un əməliyyatlar üzrə baş direktoru Saymon Kleq birinci Avropa Oyunlarının telekommunikasiya, internet, yayım xidmətləri, informasiya təhlükəsizliyi ilə təminatında və tezliklərlə təchizatında RYTN-in birlik və müəssisələrinin rolunu xüsusi qeyd edib.
Bildirilib ki, görülən işlərin nəticəsi olaraq birinci Avropa Oyunları zamanı telekommunikasiya xidmətləri yüksək səviyyədə təmin olunub. Oyunların keçiriləcəyi məkan və təşkilati binalar dayanıqlı və alternativ optik kabellərlə təchiz edilib. Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi etməklə böyük uğura imza atıb. Əminəm ki, bu son deyil və gələcəkdə bu ənənə davam etdiriləcək.
Tədbirdə Oyunların keçirildiyi dövrdə RYTN-in aidiyyəti birlik və müəssisələrinin mütəxəssislərinin BEGOC-un Texniki Əməliyyat Mərkəzində Komitənin digər əməkdaşları ilə birgə səmərəli fəaliyyət göstərdiyi qeyd edilərək telekommunikasiya xidmətlərinin, televiziya yayımının, informasiya təhlükəsizliyinin lazımi səviyyədə təşkil olunduğu diqqətə çatdırılıb.
Birinci Avropa Oyunlarının uğurla keçirildiyi nəzərə alınaraq, oyunların telekommunikasiya və yayım xidmətləri və informasiya təhlükəsizliyi ilə təminatında, radiotezliklərin təchizatında fəaliyyət göstərmiş bir sıra dövlət və özəl rabitə müəssisələrinin, BEGOC-un və RYTN-in aidiyyəti rəhbər işçiləri və mütəxəssisləri nazirliyin fəxri fərmanları ilə təltif edilib.
Nazir yekun
çıxışında gələcəkdə də belə
tədbirlərin yüksək səviyyədə keçirilməsi
üçün RYTN-in
böyük potensialından səmərəli
istifadə ediləcəyinə əminliyini bildirib.
AZƏRTAC
Azərbaycan.- 2015.- 1 iyul.- S. 6.