Ayxan MAMAYEV: “Arzum daha böyük
qələbələr qazanmaqdır”
Azərbaycanın I Avropa Oyunlarında uğurla iştirak edən idmançıları sırasında karateçilər xüsusi vurğulanmalıdır. Karateçilərimiz yarışlarda bu idman növünə xas olan yüksək əzm və mübarizlik göstərərək 4 qızıl, 2 bürünc medal qazanmışlar. Onların yüksək nailiyyətlər qazanmasında payı olan idmançılardan biri də Ayxan Mamayevdir. O, I Avropa Oyunlarında qazandığı yüksək nailiyyətə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə dövlət başçısının 29 iyun 2015-ci il tarixli sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülüb.
Ayxan Mamayev 1991-ci ildə Bakı şəhərində sadə bir ailədə anadan olub. İdmana maraq onda kiçik yaşlarından baş qaldırıb. Daha çox karateyə meyil göstərib. Buna görə də 7 yaşından karate ilə məşğul olmağa başlayıb və 17 ildir ki, idmanın bu növü ilə məşğuldur. Bununla belə, o, təhsili də unutmayıb. Bakıdakı 271 saylı orta məktəbi bitirdikdən sonra ən çox sevdiyi riyaziyyat fənni üzrə təhsilini davam etdirməyə qərar verib. Arzusuna çatmaq üçün Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin kompüter elmləri ixtisasına qəbul olunub və ötən il oranı bitirib.
Doğma təhsil ocağında Ayxanı unutmurlar. I Avropa Oyunlarında qızıl medala sahib olan Ayxanın ilk görüşü də Bakı Dövlət Universitetində olub və rəhbərlik tərəfindən xatirə hədiyyəsi ilə mükafatlandırılıb. BDU-dakı görüş zamanı idmançımız yarışlarda gedən gərgin mübarizədən və aldığı zədədən danışıb. Bildirib ki, ukraynalı rəqibi ilə keçən gərgin mübarizədə gözündən zədə alsa da, məşqçilərin, ən əsası idman arenasında onu dəstəkləyən azarkeşlərin etimadını doğrultmaq üçün sonadək mübarizə aparıb.
Karate ilə məhz sona qədər əzmlə mübarizə etməyi bacaranlar məşğul olur. Ayxan da məhz belə karateçilərdəndir. O, zədəli olmasına baxmayaraq, sonacan mübarizə apararaq bütün rəqiblərini məğlub edib. Bununla Azərbaycan xalqına qələbə sevinci yaşadıb, bayrağımızı yüksəyə qaldıraraq himnimizi səsləndirib.
Ayxan ölkəmizin atletlərinin bu yarışlarda uğurla çıxış etməsini alqışlayır ki, qazanılan medalların sayına görə Azərbaycan Rusiya Federasiyasından sonra ikinci yeri tutur. O deyir ki, bu, ölkəmizin idman tarixində ən böyük uğurudur. Həmin uğurun dəyərini dərk etmək üçün Azərbaycan idmanının müstəqillik illərində keçdiyi yola nəzər salmaq vacibdir. Ən azından ona görə ki, müstəqilliyin bərpasından sonrakı ilk illərdə Azərbaycan idmanının qarşılaşdığı problemlər və sonradan onların həlli istiqamətində atılan addımlar hər bir kəsə bəlli olsun. Həmin dövr ölkədə uzun illər mövcud olmuş idman obyektləri işbazlar tərəfindən zəbt edilərək ticarət mərkəzlərinə çevrilmişdi. Belə halda təbii ki, idmanın inkişafından söhbət gedə bilməzdi. Odur ki, bir çox tanınmış idmançılarımız beynəlxalq yarışlarda iştirak etmək üçün başqa ölkələrə üz tutaraq həmin dövlətlərin bayraqları altında yarışmağa məcbur olurdular.
Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu sahədə də olan hərc-mərcliyə son qoyuldu. Zəbt olunan idman obyektləri idmançılara qaytarıldı. Onların təmir edilməsi və yenidən qurulması üçün dövlət büdcəsindən vəsait ayrıldı. Onu da etiraf etməliyik ki, Azərbaycan idmanının bugünkü yüksək səviyyəyə qalxması cənab İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra baş verdi. Belə ki, cənab İlham Əliyev Milli Olimpiya Komitəsinə rəhbərlik etdiyi ilk dövrdən ölkədə idman infrastrukturunun qurulmasına xüsusi diqqət yetirdi.
İndi Azərbaycanda idmanın müxtəlif növləri üzrə dünya standartlarına cavab verən möhtəşəm idman arenaları mövcuddur. Regionlarda müasir Olimpiya idman kompleksləri yaradılıb. Bunun nəticəsidir ki, Azərbaycanda idman sahəsində qazanılan möhtəşəm qələbələrdə bölgələrdə yetişən idmançıların da payı var.
Elə I Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə qərar verilməsində də ölkəmizdəki mövcud idman infrastrukturu önəmli rol oynayıb. Daha dəqiq desək, 2012-ci ilin dekabrında Romada Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərar verilərkən bu şərt əsas götürülüb. Çünki hər hansı yarışın keçirilməsi üçün ilk növbədə onun maddi-texniki bazası olmalıdır. Avropa Olimpiya Komitəsi də belə bir qərar qəbul edərkən bilirdi ki, ölkəmizdə mükəmməl idman infrastrukturu mövcuddur və bu, yarışların uğurla keçirilməsinə təminat verəcək.
İdmançılara məşq etmək üçün maddi-texniki baza nə qədər vacibdirsə, qələbə üçün maddi stimul bir o qədər zəruridir. Belə vəziyyət hər bir idmançını yalnız qələbə barədə düşünməyə vadar edir. Buna görə də ölkəmizdə idmançıların sosial qayğılarının həlli yüksək səviyyədə təşkil olunub. Demək olar ki, dünyada bəlkə də yeganə idmançılar Azərbaycandadır ki, onların bütün sosial problemləri dövlət səviyyəsində həll edilir. Elə bu qayğının nəticəsidir ki, Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır.
İlk Avropa Oyunlarının yüksək səviyyədə keçməsi onun təşkilatçılığının mükəmməl olmasının nəticəsidir. Yarışların mötəbər səviyyəyə çatmasında Oyunların Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın da xüsusi zəhməti var. Məhz bu əməyin sayəsində dünyada belə yarışların keçirilməsi üçün praktiki olaraq 7-8 il vaxt tələb olunduğu halda, I Avropa Oyunlarına hazırlıq Azərbaycanda iki il yarım müddətdə yüksək səviyyədə başa çatdı. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Mehriban xanım Əliyevanın yarışların qısa bir müddətdə yüksək səviyyədə keçməsi üçün gördüyü işləri xüsusi dəyərləndirdi. Bildirdi ki, yarışlara hazırlıq işləri qısa müddətdə və eyni zamanda yüksək səviyyədə həyata keçirilib.
Bir neçə kəlmə də Ayxan Mamayevin təmsil olunduğu Azərbaycan Milli Karate Federasiyası haqqında. 1994-cü ildə yaradılan bu idman təşkilatı 1997-ci ildən 183 ölkəni birləşdirən Ümumdünya Karate Federasiyasının tamhüquqlu, eyni zamanda Avropa Karate Federasiyasının üzvüdür.
Azərbaycanda karate idman növünün inkişafında Karate Milli Federasiyasının prezidenti, peşəkar idmançı və təşkilatçı, ikiqat dünya kuboku sahibi, dünya və Avropa çempionu, beynəlxalq dərəcəli idman ustası, əməkdar məşqçi, 7 dan qara kəmər sahibi Yaşar Bəşirovun əməyi az deyil. Onun başçılığı ilə Azərbaycan milli karate komandası dünyada ən güclü komandalardan biri hesab olunur. Karateçilərimiz Avropa və dünya çempionatlarında dəfələrlə yüksək nəticələr göstərmişlər. Hazırda ölkənin yığma komandasının tərkibində dəfələrlə Avropa və dünya çempionu olmuş Rəfael Ağayev, yeniyetmə və gənclər arasında dünya çempionları İsrafil Şirinov, Ayxan Mamayev, Avropa çempionları Ceyhun Ağasiyev, Rüstəm Mədətov, Niyazi Əliyev, Fəyyaz İldırımzadə, Avropa çempionatının bürünc mükafatçıları Amal Atayev, Şahin Atamov və Rəşad Hüseynov kimi karateçilər var. Bu idmançılar bütün yarışlarda möhtəşəm qələbələr qazanaraq həm Azərbaycanın idman tarixini yazır, həm də bu tarixə yazılırlar. Belə xoşbəxtlik isə hər idmançıya nəsib olmur.
Ayxan Mamayev bu sözləri I Avropa Oyunlarında qələbə qazandıqdan sonra deyib: “Sevinirəm ki, qızıl medal qazana bildim. Avropa Oyunlarından öncə də birinciliyi hədəfləmişdim. Həmişə zirvədə olmaq istəmişəm. Bunu bacardığım üçün çox şadam. Bu qələbəmi mənə dəstək olan, məni qələbəyə ruhlandıran azarkeşlərimə və Azərbaycan xalqına həsr edirəm. Söz verirəm ki, gələcəkdə də onları böyük qələbələrlə sevindirəcəyəm. Ən böyük arzum isə yeni qələbələr qazanaraq bütün idmançılara böyük qayğı göstərən Prezident cənab İlham Əliyevin etimadını bundan sonra da doğrultmaqdır”.
Yəqin ki, bütün Azərbaycan idmançıları, o cümlədən karateçilərimiz A.Mamayevin bu sözlərinin altına məmnuniyyətlə imza atarlar.
Rüstəm KAMAL,
Azərbaycan.- 2015.- 2 iyul.- S. 4.