I Avropa Oyunları idmançılarımız üçün ən böyük qələbə meydanı oldu

 

Taekvondo, karate və boksda Avropa birincisiyik

 

Qitənin idman həyatı üçün əlamətdar olan “Bakı-2015” ilk Avropa Oyunlarına çox böyük uğurla yekun vuruldu. Avropanın 50 ölkəsindən 6000-dən çox idmançının iştirak etdiyi yarışlarda Azərbaycan atletləri 21-i qızıl, 15-i gümüş, 20-si bürünc olmaqla 56 medal qazanaraq 2-ci yeri tutdular. Avropa Oyunlarında tamaşaçıların maraq göstərdiyi idman növləri kifayət qədər idi. Onlar arasında boks, taekvondo, karate və güləş xüsusi yeri tuturdu. Fərəhli haldır ki, 3 idman növündə qitədə ilk pillədə yer aldıq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın idmançılarımızın çıxışını dəfələrlə arenalarda izləmələri isə onlara göstərilən ən böyük mənəvi dəstək idi.

Məlum olduğu kimi, karate idman növü üzrə yarışlar 10-u fərdi kumite və 2-si fərdi kata olmaqla 12 medal dəsti uğrunda keçirilib. Avropanın ən yaxşı 48 kişi və 48 qadın idmançısı “Baku Crystal Hall”da öz bacarıqlarını nümayiş etdiriblər. Karateçilərimiz 4 qızıl və 2 bürünc medalla komanda hesabında ilk pillədə yer alıb.

İyunun 13-də karatenin kumite növü üzrə yarışlar keçirildi. Kişilər 60, 67, 75, qadınlar isə 50, 55, 61 kq çəki dərəcəsində mübarizə apardılar.

Azərbaycan karateçilərinin də iştirak etdiyi kumite yarışları idmançılarımızın əzmkar mübarizəsi ilə əlamətdar oldu. Qeyd edək ki, karate üzrə Azərbaycanı kişilərin mübarizəsində Firdovsi Fərzəliyev (60 kq), Niyazi Əliyev (67 kq) və Rəfael Ağayev (75 kq), qadınların mübarizəsində Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq) və Fəridə Abiyeva

(61 kq) təmsil edirdilər.

60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Firdovsi Fərzəliyev bütün mərhələləri inamla keçdi. Finalda italiyalı Luka Mareskanı məğlub edib I Avropa Oyunlarında ölkəmizin aktivinə ilk qızıl medalı qazandırdı.

Azərbaycana ikinci qızıl medalı isə kumite yarışlarında 75 kq çəki dərəcəsində çıxış edən Rəfael Ağayev qazandırdı.

Kişilər arasında 67 kq çəki dərəcəsində çıxış edən Niyazi Əliyev ilk döyüşlərdə Gürcüstan, Fransa və İspaniya karateçilərinə qalib gəldi. Sonra Türkiyə təmsilçisi Burak Uyqura məğlub olsa da, üçüncü yer uğrunda mübarizədən qalib ayrıldı.

Kumite üzrə qadınlar arasında

55 kq çəki dərəcəsi üzrə yarışlarda Azərbaycan idmançısı İlahə Qasımova da üçüncü yeri tutdu.

İyunun 14-də idmançılar kumite və kata döyüşlərində 6 dəst medal uğrunda güclərini sınadılar. Kumite yarışlarında qadınlar 68 və +68, kişilər isə 84 və +84 kiloqram çəki dərəcələrində döyüşdülər. Kata yarışlarında idmançılar 2 dəst medal uğrunda mübarizə apardılar.

Karate yarışlarının ikinci günü Azərbaycan idmançıları üçün daha uğurlu oldu və onlar aktivlərinə iki qızıl medal yazdırdılar. Qızıl medallardan birini 68 kq çəki dərəcəsində İrina Zaretska qazandı. İdmançımız ilk döyüşdə təcrübəli və yaşca özündən böyük ispaniyalı Kristina Vizkainoya 6:1 hesabı ilə qalib gəldi. Növbəti döyüşdə idmançımız Avstriya karateçisi Alisa Tereza Buxingerlə mübarizə apardı. Bu döyüşdə məğlub olan İrina Zaretska daha sonra Yunanıstan təmsilçisi Vasiliki Panetsidounu məğlub edərək yarımfinala çıxdı. Yarımfinalda idmançımız digər qrupun qalibi olan monteneqrolu Marina Rakoviçlə mübarizə apardı və 1:0 hesabı ilə qələbə çalaraq finala yüksəldi. Finalda isə idmançımızın rəqibi yenidən Avstriya idmançısı Alisa Tereza Buxinger idi. İnamla döyüşən İrina Zaretska bu görüşdə 8:1 hesabı ilə qalib gələrək qızıl medalı qazandı.

Karatedə 4-cü qızıl medalı kişilər arasında kumite yarışlarında 84 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Ayxan Mamayev qazandı. İdmançımız mübarizə apardığı qrupun ilk döyüşündə yunanıstanlı Georgios Mixail Tzanosla gücünü sınadı və görüş 0:0 hesabı ilə başa çatdı. Ayxan Mamayevin növbəti görüşdə rəqibi Ukrayna təmsilçisi Yaroslav Horuna idi. 6:3 hesabı ilə qalib gələn idmançımız daha sonra Fransa karateçisi Kenji Grillonun üzərində 6:1 hesabı ilə qələbə qazanaraq yarımfinala yüksəldi. Yarımfinalda kosovolu Alvin Karaqini məğlub etdi. Finalda isə yenidən yunanıstanlı Georgios Mixail Tzanosla üz-üzə gəldi. İdmançımız bu dəfə yunan rəqibinə şans vermədi və 2:1 hesablı qələbə ilə fəxri kürsünün ən yüksək pilləsini tutdu.

“Bakı-2015” ilk Avropa Oyunlarında böyük maraqla izlənilən və medal qazandığımız idman növlərindən biri də taekvondo idi. Bu yarışlar da “Baku Crystal Hall”da keçirildi. 128 idmançı 4 gün ərzində 8 medal dəsti uğrunda gərgin mübarizə apardı. Bu növdə 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan atletlərimiz də ölkəmizin idman şərəfini layiqincə qorudular və nəticədə onlar da komanda hesabında ilk pillədə yer aldılar.

Ölkəmiz bu növdə 8 idmançı ilə təmsil olunub. İlk yarış günündə Patimat Abakarova (49 kq) Erika Nikoliyə (İtaliya) qalib gələrək Avropa Oyunlarının bürünc mükafatçısı olub.

İyunun 17-də taekvondo yarışlarında daha iki çəki dərəcəsində qaliblər müəyyənləşib. Kişilər 68 kq, qadınlar 57 kq çəki dərəcəsində mübarizə aparıblar. Kişilərin yarışında təmsilçimiz Ayxan Tağızadə yarışa ilkin mərhələdən başlayıb.

Sloveniyalı Yure Pantarla döyüşən həmyerlimiz rəqibinə heç bir şans verməyib - 11:3. Ayxan 1/4 finalda ispaniyalı Xoel Qonzales Bonillanı, yarımfinalda Aleksey Denisenkonu məğlub edərək finala vəsiqə qazanıb. Həlledici mərhələdə polşalı Karol Robaka da qalib gələrək Avropa Oyunlarında taekvondo komandamıza ilk qızıl medalı qazandırıb.

İyunun 18-də isə daha 2 dəst medal sahibi müəyyənləşib. Kişilər

80 kq, qadınlar isə 67 kq çəki dərəcələrində mübarizə aparıblar.

Kişilərin mübarizəsində 80 kq çəki dərəcəsində yığmamızı təmsil edən Milad Beiqi Harçeqani yarışa ilkin mərhələdən qoşulub. O, serbiyalı Damir Feyziçi, Böyük Britaniya idmançısı Muhammed Lutalonu, portuqaliyalı Julio Ferreyranı məğlub edərək adını finala yazdırıb. Finalda rusiyalı Albert Quanlaya 9:4 hesabı ilə qalib gələrək Avropa Oyunlarının qalibi olub.

Qadınların mübarizəsində isə

67 kq çəki dərəcəsində gənclər arasında dünya çempionumuz Fəridə Əzizova hollandiyalı Yoyse Van Baarini, türkiyəli Nur Tatarı, isveçli Elin Yohanssonu məğlub edərək finala yüksəlib. Burada Anastasiya Barişnikovaya (Rusiya) uduzan idmançımız Avropa Oyunlarını gümüş medalla başa vurub.

İyunun 19-da kişilər +80 kq, qadınlar isə +67 kq çəki dərəcələrində ən güclünün adına aydınlıq gətiriblər. Komandamızın əsas favoritlərindən sayılan Radik İsayev (+80 kq) mübarizəyə 1/4 finaldan qoşulub. Bu mərhələdə dünya çempionumuz hollandiyalı Jeron Vanruiju ilə üz-üzə gəlib. Görüşdə rəqibinə aman verməyən dünya çempionumuz 8:6 hesabı ilə qələbə qazanaraq yarımfinala yüksəlib.

Finala gedən yolda təmsilçimizin rəqibi sloveniyalı İvan Traykoviç olub. Radik bu rəqibini də məğlub etməkdə çətinlik çəkməyib. İdmançımız ikinci hissənin gedişində hesabda 15 xal fərqi ilə irəli keçdiyindən (17:2) döyüş yarımçıq dayandırılıb və dünya çempionumuz finala vəsiqə qazanıb.

Həlledici mərhələdə Rusiya taekvondoçusu Vladislav Larinə də aman verməyən idmançımız qalib gələrək titulları sırasına Avropa Oyunlarının qızıl medalını da əlavə edib.

Boks üzrə yarışlarda 330 idmançı 12 gün ərzində 15 medal dəsti uğrunda mübarizə aparıb. Kişilər arasında 10, qadınların arasında 5 çəki kateqoriyasında yarışlar keçirilib. Azarkeşlər bu yarışları da “Baku Crystal Hall”da maraqla izləyiblər. Boksçularımız 6 qızıl, 1 gümüş və 4 bürünc medal qazanmaqla komanda hesabında birinci yerə layiq görülüb.

Xatırladaq ki, 11 Azərbaycan boksçusundan Elvin Məmişzadə

(52 kq), Albert Səlimov (60 kq), Pərviz Bağırov (69 kq), Kollazo Sotomayor (64 kq), Teymur Məmmədov (81 kq), Abdulqadir Abdullayev (91 kq) qızıl, Xaybula Musalov gümüş, Tayfur Əliyev (56 kq), Məhəmmədrəsul Məcidov (+91 kq), Anna Əlimərdanova (51-54 kq) və Yana Alekseyevna (57-60 kq) bürünc medala sahib oldular.

İyunun 13-18-də Heydər Əliyev adına İdman Sarayında təşkil olunan güləş yarışlarında 480 idmançı 24 medal dəsti uğrunda 18 çəki kateqoriyasında gərgin mübarizə aparıb. Pəhləvanlarımız yunan-Roma güləşində 6 (2 qızıl, 2 gümüş, 2 bürünc), qadın güləşində 3 (2 qızıl, 1 bürünc), sərbəst güləşdə isə 6 (2 qızıl, 4 bürünc) olmaqla 15 medal qazanaraq rəqiblərə nəyə qadir olduqlarını nümayiş etdiriblər.

İyunun 13-də Heydər Əliyev adına İdman Sarayında ilk olaraq yunan-Roma üzrə güləş yarışlarına start verilib. Həmin günü ölkəmizin idman şərəfini Elman Muxtarov (59 kq), Rəsul Çunayev (71 kq), Rafiq Hüseynov (80 kq) və Orxan Nuriyev (98 kq) qoruyublar. Fərəhli haldır ki, pəhləvanlarımız ilk gündə 3 medal qazanıblar.

71 kq çəki dərəcəsində güləşən Rəsul Çunayev mübarizəyə 1/8 finaldan başlayıb. İlk mərhələlərin hamısını qalib başa vuran güləşçimiz finalda macarıstanlı güləşçi Balint Korpasi ilə qarşılaşıb. Rəqibindən daha güclü olan Rəsul 4:2 hesabı ilə qalib gələrək Avropa Oyunlarının qalibi adını qazanıb.

Digər güləşçimiz Rafiq Hüseynov (80 kq) da yarışa 1/8 finaldan qatılıb. O, yalnız finalda rusiyalı Yevgeni Salayevə uduzaraq gümüş medala sahib olub.

59 kq çəki dərəcəsində dünya və ikiqat Avropa çempionu Elman Muxtarov isə bürünc medal uğrunda mübarizədə ermənistanlı Roman Amoyanla qarşılaşıb. 20 yaşlı güləşçimiz erməni rəqibini xalçaya çıxmağa peşiman edib. O, özündən 12 yaş böyük olan titullu rəqibini 9:1 hesabı ilə məğlub edərək “Bakı-2015”in bürünc medalına layiq görülüb.

İyunun 14-də yunan-Roma güləşində 66 kq, 75 kq, 85 kq və 130 kq çəki dərəcələrində pəhləvanlar xalça üzərinə çıxıblar. Yığmamızın aparıcı üzvlərindən Elvin Mürsəliyev 75 kq çəki dərəcəsində yarışa ilk mərhələdən qoşulub. Slovakiyalı Riçard Riqo, rumıniyalı İonel Puskasu, rusiyalı Çingiz Labazanovu, gürcüstanlı Zurab Datunaşviliyə qalib gələrək finala çıxıb. Finalda serbiyalı Viktor Nemesdən üstün olub və mübarizəni qızıl medalla başa vurub.

Komandamızın ən ağır çəkili pəhləvanı Sabah Şəriəti (130 kq) Mikola Kuçmi (Ukrayna), Yakobi Kaja (Gürcüstan) və İosib Çuqoşviliyə (Belarus) qalib gəlmiş, yalnız finalda türkiyəli Riza Kayaalpa uduzduğuna görə gümüş medalla kifayətlənib.

66 kq çəki dərəcəsində mübarizə aparan dünya və Avropa çempionu Həsən Əliyev mübarizəyə təsnifat mərhələsindən başlayıb. Gürcüstanlı Saçino Davitaya, xorvatiyalı Doniyel Yaneçiçə, belaruslu Mixail Simyonova qalib gələrək yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə uduzan idmançımız bürünc medal uğrunda Aleksandr Maksimoviç (Serbiya) üzərində inamlı qələbə qazanıb.

Nəticədə yunan-Roma güləşində ümumi komanda hesabında 2-ci pillədə yer alıblar.

Qadın güləşçilər mübarizəyə iyunun 15-də qoşulublar. Komandamız 2 yarış günündə 3 medal (2 qızıl, 1 bürünc) qazanmaqla, komanda hesabında 1-ci yeri tutub.

48 kq çəki dərəcəsində yarışda Azərbaycanı Mariya Stadnik təmsil edib. Dünya və dördqat Avropa çempionu Mariya portuqaliyalı Liliana Kosta dos Santosa, fransalı Julye Sabatyeyə, polşalı İvona Matkovskaya və bolqarıstanlı Eltsa Yankovaya qalib gələrək Avropa Oyunlarının qızıl medalına da sahib olub.

55 kq çəki dərəcəsində mübarizədə ölkəmizi təmsil edən Natalya Sinişin yarımfinalda İsveç güləşçisi Sofia Mattssona uduzsa da, o, bürünc medal uğrunda mübarizədə almaniyalı Tatyana Kitə qalib gələrək “Bakı-2015”i 3-cü yerdə başa vurub.

İyunun 16-da daha 4 çəki dərəcəsi üzrə yarışlar keçirilib. 53 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Anjela Doroqan türkiyəli Merve Kengeri, macarıstanlı Mersedes Denisi və rumıniyalı Natalya Budunu məğlub edərək finala yüksəlib. Həlledici mərhələdə isə polşalı Roksana Zasina qalib gələrək Avropa Oyunlarının qızıl medalına layiq görülüb.

İyunun 17-də 57 kq, 65 kq, 74 kq və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər xalça üzərinə çıxıblar. 65 kq çəki dərəcəsində Olimpiya çempionumuz Toğrul Əsgərov yarışa ilk mərhələdən başlayıb. O, rusiyalı İlyas Bekbulatova, moldovalı Mixail Savaya, fransalı Maksim Fiqueyə və belaruslu Azamat Nurikova, finalda isə italiyalı Frank Kamizo Marquesə qalib gəlib. İlk Avropa Oyunlarında ölkəmizə 9-cu qızıl medalı qazandırıb.

97 kq çəki dərəcəsində Avropa və dünya çempionu Xetaq Qazyumov da mübarizəyə təsnifat mərhələsindən başlayıb. Güləşçimiz bütün rəqiblərinə - polşalı Radoslav Barana, moldovalı Nikolay Çebana, belaruslu İbrahim Saidova, rusiyalı Abdusalam Qadisova və gürcüstanlı Elizbar Odikadzeyə qalib gələrək ilk Avropa Oyunlarının çempionu olub.

74 kq çəki dərəcəsində ikiqat Avropa çempionumuz Cəbrayıl Həsənov mübarizəyə 1/8 finaldan başlayıb. Macarıstanlı Mihali Haqini məğlub edən güləşçimiz sonrakı mərhələdə türkiyəli Soner Dəmirtaşa uduzub. Dəmirtaş finala yüksəldiyindən həmyerlimiz təsəlliverici görüşə qatılıb. O, bu mərhələdə Anri Seleniusa (Finlandiya) qalib gələrək bürünc medal uğrunda yarışmaq hüququ qazanıb. Üçüncü yer uğrunda görüşdə Cəbrayıl bolqarıstanlı Kiril Terziyevlə üz-üzə gəlib. Rəqibini məğlub edən güləşçimiz Avropa Oyunlarının bürünc mükafatına sahib olub.

İyunun 18-də I Avropa Oyunlarında sərbəst güləşçilərin mübarizəsinə yekun vurulub. Heydər Əliyev adına İdman Sarayında 61 kq, 70 kq, 86 kq və 125 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. Sərbəst güləşçilərimiz ölkəmizin aktivinə daha 3 bürünc medal yazdırıblar.

Ölkəmizi 61 kq çəki dərəcəsində təmsil edən Hacı Əliyev, 125 kq çəki dərəcəsində mübarizə aparan Avropa və dünya çempionatının mükafatçısı Camaləddin Maqomedov və 70 kq çəki dərəcəsində Avropa çempionumuz Ruslan Dibirhacıyev “Bakı-2015” ilk Avropa Oyunlarının bürünc medalına sahib olublar.

İnanırıq ki, qarşıdakı aylarda və illərdə də idmançılarımız bizi öz parlaq qələbələri ilə yenə sevindirəcək, bizə xoş anlar, xoş dəqiqələr bəxş edəcəklər.

Elçin CƏFƏROV,

 

Azərbaycan.- 2015.- 4 iyul.- S. 1,3.