Vyetnam Kommunist Partiyası Siyasi Bürosunda Ədliyyə İslahatları üzrə Komissiyanın nümayəndə heyəti Baş Prokurorluqda olub

 

İyulun 3-də baş prokuror Zakir Qaralov Vyetnam dövləti başçısının sədri olduğu Kommunist Partiyası Siyasi Bürosunda Ədliyyə İslahatları üzrə Komissiyanın daimi sədr müavini, nazir xanım Le Thi Thu Banın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Zakir Qaralov Azərbaycan ilə Vyetnam arasında əməkdaşlığın dinamik inkişaf etdiyini bildirərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında köklü islahatların aparılması, o cümlədən müasir informasiya texnologiyalarının tətbiqi, prokurorluğun kadr korpusunun gənc mütəxəssislər hesabına komplektləşdirilməsi qarşıda duran vəzifələr barədə qonağa ətraflı məlumat verib.

Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyini vurğulayan baş prokuror Azərbaycan Prokurorluğunun strukturunda Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin yaradılmasını son illər ərzində bu sosial bəlaya qarşı mübarizə sahəsində həmin qurum tərəfindən görülən işləri diqqətə çatdırıb, ötən il ərzində bu istiqamətdə iki beynəlxalq səviyyəli tədbirlərin keçirildiyini xüsusi vurğulayıb.

Səmimi qəbul üçün minnətdarlığını bildirən xanım Le Thi Thu Ba ölkələrimiz arasındakı əlaqələrin uğurlu inkişafını təqdir edib, respublikamızın çox qısa zamanda yüksək nailiyyətlər əldə etməsini xüsusi vurğulayıb, məhkəmə sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb iki ölkənin müvafiq qurumları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 4 iyul.- S. 7.