Azərbaycan ilə Vyetnam arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb

 

Azərbaycanda səfərdə olan Vyetnam Kommunist Partiyası Siyasi Bürosunda Ədliyyə İslahatları üzrə Komissiyanın daimi sədr müavini, nazir xanım Le Thi Thu Banın başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayev ilə görüşüb.

Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Ramiz Rzayev nümayəndə heyətini ölkəmizdə salamlamaqdan məmnunluğunu bildirib, Azərbaycan ilə Vyetnam arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu, bu münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb.

Respublikamızda həyata keçirilən məhkəmə-hüquq tədbirlərinin səmərəliliyini diqqətə çatdıran Ramiz Rzayev bu işin Ali Məhkəmənin strukturunda fəaliyyətində əksini tapması barədə qonaqlara məlumat verib. Bildirib ki, Ali Məhkəmədə beynəlxalq hüquqi aktlar, xüsusən İnsan hüquqlarının əsas azadlıqlarının müdafiəsi haqqındaAvropa Konvensiyasının müddəaları, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ tətbiq olunur. Məhkəmə sistemində ən yeni informasiya texnologiyalarından istifadə edilir. Hakim vəzifəsinə seçim prosedurları Avropa standartlarına uyğunlaşdırılıb.

Nümayəndə heyətinin başçısı Azərbaycanın müasir tələblərə cavab verən qanunvericilik bazasına xüsusi maraq göstərib. O, Azərbaycanın mövcud qanunvericiliyi hüquq sistemi ilə daha yaxından tanış olmaq üçün qarşılıqlı əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib. Qonaq iki ölkə arasında əlaqələrin böyük əhəmiyyət daşıdığını bu münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyini bildirib.

Görüşdə hüquqi dövlət quruculuğu ilə əlaqədar aparılan islahatlar bu sahədə məhkəmə-hüquq təcrübəsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonra vyetnamlı qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olub, Məhkəmə tarixi muzeyinə baxıblar.

 

Azərbaycan.- 2015.- 4 iyul.- S. 7.