Toğrulun möhtəşəm qayıdışı
Gəncəlilər ünsiyyəti çox sevirlər. Qarşılıqlı münasibətlərdə həddindən artıq həssas olan bu qədim yurdun sakinləri rastlaşdıqları adama şirin söz deməyi, onun könlünü xoş etməyə çalışmağı elə bil özlərinin mənəvi borcları hesab edirlər. Kiminsə kədərini bölməyə tələsdikləri qədər, öz sevinclərini də hamı ilə paylaşmağa çalışırlar. Özəlliklə də Gəncə ilə, gəncəli ilə bağlı bir şad xəbər ola...
2012-ci ildə Londonda keçirilən Olimpiya Oyunlarında Azərbaycan təmsilçilərinin çıxışlarını mavi ekran qarşısında böyük maraq və həyəcanla izləyən gəncəlilərin çoxunun Toğrul Əsgərovun final qarşılaşmasına evdə - televizor qarşısında baxmağa hövsələsi çatmadı. Elə bil ürəklərinə dammışdı ki, bu böyük sevinci bir evə, bir mənzilə sığışdırmaq mümkün olmayacaq.
Elə bil bütün şəhər açıq havada quraşdırılmış monitorun qarşısına axışmışdı. Nəhayət, əsəbləri tarıma çəkən həyəcanlı anlar başladı. Sərbəst güləş üzrə final qarşılaşmasında gəncəli pəhləvan Toğrul Əsgərov 60 kiloqram çəki dərəcəsində tanınmış Rusiya güləşçisi Besik Kudukovu məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Həmin an gəncəlilərin yaşadıqları sevinc, qürur duyğularını sözlə ifadə etmək elə də asan deyildi. Bir onu demək olar ki, Gəncə sevindiyindən səhərə qədər yatmadı. Gəncə fəxr etdi, qürur duydu ki, böyüdüb, boya-başa çatdırdığı pəhləvan övladının şərəfinə uzaq Londonda Azərbaycanın bayrağı ən yüksəyə ucaldı və dövlət himni səsləndi.
Bu zirvəyə çatana qədər Toğrul çətin, hətta bəzən yorucu, yeknəsəq görünən məşqlərlə dolu, ancaq çox mübariz bir idmançı yolu keçmişdi. Şübhəsiz, möhkəm iradəsi və məşqçisi Elçin Zeynalovun tövsiyə və tapşırıqlarına dəqiq əməl etməsi ona hərdən yorucu görünən təlimləri “adiləşdirməyə” imkan verdi - Toğrul hər bir məşqə böyük həvəslə girir, bütün tapşırıqların öhdəsindən layiqincə gəlirdi.
Toğrul özünü ilk dəfə 2003-cü ildə cüdo yarışında sınamışdır. Lakin məşqçisi onu bir ildən sonra sərbəst güləşə istiqamətləndirmişdi. Və bir neçə aydan sonra Toğrul artıq bu güləş növü üzrə on üç yaşında yeniyetmələr arasında Azərbaycan çempionu oldu. Toğrulun idmana, güləşə bağlılığında məşqçilərindən başqa bir nəfərin də böyük zəhməti olub. Bu barədə Gəncənin təhsil işçilərindən Yuris Xəlilov danışır: - Toğrulu uşaq yaşlarından tanıyıram. Babası Səməndər kişi ilə dost idik. Gəncənin tanınmış ziyalılarından olan Səməndər Hüseynov şəhər 7 nömrəli tam orta məktəbin direktoru idi. 40 ildən çox təhsil sahəsində çalışıb. Özü də güləşçi olub. Cüssəli bir kişi idi. Məktəb direktoru olsa da, şagirdlər onu özlərinə dost bilirdi. Ancaq sadə və səmimi olduğu qədər də tələbkar idi. Bu tələbkarlıqda nəvəsi Toğrula da güzəşt yox idi. Bir istirahət günü səhər tezdən Səməndər müəllim zəng vurdu ki, gəl görüşək, bir iş var. Qara “QAZ-31”i var idi. Gördüm Toğrul da maşındadır, beşinci, ya altıncı sinifdə oxuyardı o vaxt. Maşını sürüb Gəncədən çıxdıq, Xanlar (indiki Göygöl) yoluna dönəndə maşını saxladı və Toğrula dedi düş, başla! İndi fərq etdim ki, Toğrul idman geyimindədir. Dedi elə qaç ki, Göygölə qədər nəfəsin çatsın. Maşını tərpədib yavaş-yavaş sürəndə Toğrul da arxamızca qaçmağa başladı. Təəccüblə baxdığımı görüb dedi ki, bizim belə “dərs”lərimiz tez-tez olur. Güləşdə güc, texnika vacibdir, ancaq nəfəs də çox əhəmiyyətli məsələdir. Qaçdıqca ciyərləri genişlənir, daha rahat nəfəs alır.
Səməndər kişi Toğrulun həm də bir vətənpərvər övlad kimi böyüməsinə çalışırdı. Deyirdi ki, vətənini, torpağını, bayrağını sevə bilməyən gəncdən peşəkar idmançı ola bilməz. Toğrul London Olimpiadasının qalibi olanda Səməndər müəllimin sevinməyini görmək üçün yanında olmaq lazım idi!..
Babası Səməndər kişinin, eləcə də məşqçilərinin ümidini doğrultmağa başlayan Toğrul Əsgərov 2008-ci ildə Latviyada, 2009-cu ildə Serbiyada keçirilən gənclər arasında Avropa çempionatında birinci yeri tutdu. Bir il sonra Bolqarıstanda gənclər arasında Avropa çempionu olmaqla yanaşı, Moskvada keçirilən dünya çempionatında ikinci yeri tutdu. 2011-ci ildə gənclər arasında dünya çempionatında ən yüksək pilləyə qalxdı. 2012-ci ildə isə London Olimpiadasının qızıl medalını qazanmaqla yanaşı, Serbiyada keçirilən Avropa çempionatında da qalib oldu. Əlbəttə, iyirmi yaşlı bir gənc üçün bu ad-san, bu şan-şöhrət, dövlətin, Prezident İlham Əliyevin bütün idmançılara, o cümlədən Toğrul Əsgərova yetərli qayğısı fonunda heç kim şübhə etmirdi ki, gəncəli güləşçinin yolunun üstündə daha böyük uğurlar var.
London zirvəsindən sonra zədələr Toğrulun planlarını alt-üst etdi, onu fiziki və mənəvi sınaqlarla üz-üzə qoydu. Günlərlə, aylarla fiziki sağlamlığının bərpası ilə məşğul oldu. Ondan böyük iradə və dözüm tələb olunurdu - həm bəzi ağzıgöyçəklərin hədyan danışıqlarına, qərəzli münasibətlərinə, həm də vaxtilə onun haqqında bəlağətli “tost”lar deyən idman aləminin üzüdönüklərinə qarşı! Toğrul Əsgərovu, necə deyərlər, dəftər-kitabdan silmək istəyən bir dəstə yaranmışdı (təəssüf ki, acı da olsa bu, həqiqət idi). Ancaq Toğrul büdrəmədi, özünə, öz iradəsinə inandı. Artıq haqq dünyasında olan babası Səməndər müəllimin tez-tez dediyi “İgid odur atdan düşə, atlana, igid odur hər əzaba qatlana!” sözləri də ona dayaq oldu. Və üçillik uğursuzluq (adını belə qoyaq) zolağından sonra Toğrulun möhtəşəm qayıdışı başlandı.
İlk Avropa Oyunlarının Bakıda keçirilməsi, son illərin psixoloji gərginliyi müəyyən həyəcan yaratsa da, Toğrul təmkinini qoruya bildi. Hər dəfə tatamiyə çıxanda Toğrulun gözlərinə baxmaq yetərli idi ki, onun qalib gələcəyinə əmin olasan. Elə final görüşündə də belə oldu-hesabda 0:2 geridə olsa da, nə təmkinini itirdi, nə də həyəcanlandı. Bir an içində rəqibin özünü də çaş-baş salan çevik bir fəndlə onun kürəyini yerə vurdu. Hətta sevinəndə də özünəməxsus təmkinini pozmadı. Bu, təkcə bir güləşçinin qələbəsi deyildi, bu, həm də onu son illər yersiz qınayanlara, “daha Toğrul bitdi” deyə ağız büzənlərə, ona inanmayanlara, ruhdan salmaq istəyənlərə tutarlı bir zərbə idi. Toğrulun final görüşünü zalda izləyən Prezident İlham Əliyev qələbə anında elə səmimi, elə coşqu ilə sevindi və Toğrulu elə alqışladı ki, bu alqış gənc pəhləvana olan inamın, etimadın ən gözəl ifadəsi idi. Bu gün şübhə etmədən, əminliklə deyə bilərik ki, bu etimad Toğrul Əsgərovun “Rio-2016” Olimpiya Oyunlarında da ən yüksək zirvəyə qalxmasına əsaslı zəmin olacaq.
Telman NƏZƏRLİ,
Azərbaycan.- 2015.- 5 iyul.- S. 1.