Britaniyanın “Politics First” jurnalında
“Avropa Oyunları: Azərbaycan Qərbi salamlayır” adlı məqalə dərc edilib
Böyük Britaniyanın “Politics First” jurnalının iyul buraxılışında bu ölkənin keçmiş enerji naziri, Baş nazirin Azərbaycandakı sabiq ticarət nümayəndəsi, 2001-2015-ci illərdə parlamentin üzvü olmuş Çarlz Hendrinin “Avropa Oyunları: Azərbaycan Qərbi salamlayır” adlı məqaləsi dərc olunub. Bu barədə Avropa Azərbaycan Cəmiyyətindən AZƏRTAC-a məlumat verilib.
Müəllif yazır: “Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistanda ticarət nümayəndəsi vəzifəsində çalışdığım zaman mənim Bakıya dəfələrlə səfərlərim olub. Böyük Britaniyanın Azərbaycana ən çox sərmayə yatıran ölkə olduğunu və bu ölkənin “Cənub” qaz dəhlizinin yaradılmasında mərkəzi yer tutduğunu nəzərə alsaq, deyə bilərəm ki, səfərlərimin əsas məqsədi daha çox işgüzar xarakter daşıyıb.
2020-ci ildən etibarən bu layihə çərçivəsində Xəzər dənizinin Azərbaycana məxsus hissəsindən qaz İtaliyada bağlayıcı vasitəsilə Avropaya nəql ediləcək. Bununla da Avropanın təchiz olunmasında müxtəliflik yaradılacaq.
1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində müstəqilliyini bərpa edən Azərbaycan firavan, Qərbə inteqrasiya edən, tolerant və dünyəvi ölkəyə çevrilib. Bu ölkə Avropa Şurasına üzv olub, həmçinin Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramına qoşulub. Bundan əlavə, o, öz sülhməramlı qüvvələrini İraqa, Əfqanıstana göndərib.
Bütün bu səbəbləri nəzərə alaraq deyə bilərik ki, 2012-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin ilk Avropa Oyunlarının 2015-ci il iyunun 12-28-də Bakıda keçirilməsi barədə qərar qəbul etməsi təəccüb doğurmadı. Azərbaycan bu vəzifənin öhdəsindən gəlməyə bilməzdi. Onun bu Oyunları keçirmək üçün lazım olan stadionları, idman arenalarını və digər zəruri qurğuları inşa etmək və infrastruktur yaratmaq üçün cəmi iki il yarım vaxtı var idi. Halbuki bu cür inşaat proqramlarının həyata keçirilməsi adətən 7 il vaxt tələb edir.
Burada təşkilati məsələlər də əsas oldu. Belə ki, bütün dünyadan, xüsusilə də Böyük Britaniyadan təcrübəli mütəxəssisləri dəvət etmək qərarı verildi. Bu təşəbbüs 2012-ci il London Yay Olimpiya Oyunlarının uğurla həyata keçirilməsinə rəhbərlik etmiş Britaniya Olimpiya Komitəsinin sabiq rəhbəri Saymon Kleq tərəfindən irəli sürülmüşdü. O, “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru idi. Bu komitənin Oyunların lazımi səviyyədə keçirilməsi üçün hər şeyin təmin edilməsi kimi mühüm vəzifəsi var idi və o, buna möhtəşəm şəkildə nail oldu.
Son iki il yarım ərzində mən şəxsən Oyunlara hazırlıq işlərinin şahidi oldum. Şəhərdə keçirilən inşaat proqramı misli görünməyən bir proqram idi və bu prosesə 20 min şirkət cəlb olunmuşdu. Ümumilikdə isə şəhərdə 18 yarış arenası var. Buraya yeni tikilmiş gimnastika, BMX, üzgüçülük və atıcılıq üçün nəzərdə tutulmuş idman qurğuları, bundan əlavə 68 min tamaşaçı tutumu olan, atletika idman növləri, həmçinin açılış və bağlanış mərasimləri üçün nəzərdə tutulan stadion daxildir. Heydər Əliyev Beynəlxalq Hava Limanının britaniyalı dizaynerlərin layihələri ilə inşa edilmiş yeni terminalı isə idmançıların ölkəyə gəlişinin rahatlığını və operativliyini təmin etdi.
Əlli ölkədən gəlmiş 6000-dən artıq idmançı 20 idman növü üzrə medallar uğrunda yarışıb. Onlardan 16 idman növündə Rio-2016 Yay Olimpiya Oyunları üçün təsnifat mərhələsindən keçmək imkanı təmin edildi. İdmançılar yeni inşa edilmiş Atletlər Kəndində yerləşdirilmiş, hər cür şəraitlə təmin edilmişdilər. Buradakı ərzaq və yeməklər ən yaxşı qida mütəxəssisləri tərəfindən təyin edilirdi. Hamı bu fikirlə razılaşır ki, bura idmançılar üçün nə vaxtsa təmin edilən yaşayış yerlərindən ən yaxşısı oldu.
“Bakı-2015” üçün Bakı Olimpiya Stadionunda həyata keçirilən açılış mərasimi ən yüksək səviyyədə təşkil edilmişdi. Biz digər 68 min tamaşaçı ilə birgə əyləşərək Odlar Yurdunun canlılığını, rəngarəngliyini və ruhunu nümayiş etdirən əlamətdar bir şounu seyr etmək imkanı əldə etdik. Burada kaleydoskopik rəqs silsiləsi, atəşfəşanlıq, nəhəng “nar” və içindən çıxan “dənələri” əks etdirən şarlar, uçan xalça üzərində oturaraq muğam ifa edən Alim Qasımov, Qobustanın qayaüstü şəkilləri və Con Lennonun “Imagine” mahnısını ifa edən Ledi Qaqa var idi.
Son olaraq məşəli cüdo üzrə ikiqat Paralimpiya Oyunları çempionu, Ermənistanla müharibə zamanı yaralanaraq görmə qabiliyyətini itirmiş İlham Zəkiyev daşıdı.
Açılış mərasimi Avropa Oyunlarının möhtəşəm birləşdirici gücünü nümayiş etdirdi. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bak deyib: “Biz rusiyalı idmançıların ukraynalı idmançılarla yanaşı yarışdığını görürük. Həmçinin burada Serbiya və Kosovo komandaları, eləcə də azərbaycanlı və erməni idmançılar birlikdə yarışırlar. Bütün bu idmançılar açılış mərasimində birgə yürüş ediblər. İdmanın gücü də bundadır – tarixindən, inancından və ya milliyyətindən asılı olmayaraq bütün insanları bir araya gətirməkdə. Bu, idmanın edə biləcəyi bir şeydir və bəlkə də yalnız idmanın edə biləcəyi bir şey”.
Getdiyim hər yerdə açılış mərasimi, ümumilikdə Avropa Oyunları barədə çox həvəslə danışıldığının şahidi oldum, xoş təəssüratlar eşitdim. Böyük Britaniya və Qərb mediasında verilən bəzi şərhlər isə çox yanlış oldu. Bu Oyunların keçirilməsi Azərbaycan üçün özünü beynəlxalq səhnədə göstərmək, son 20 il ərzində əldə etdiyi böyük dəyişiklikləri, bu gün dinamik, maraqlı və qonaqpərvər ölkə olduğunu nümayiş etdirmək üçün bir fürsət idi. Heç kəs demir ki, səyahət artıq başa çatdı və bu ölkə, əlbəttə ki, davamlı olaraq dəyişməkdədir. Oyunlar köhnə və yeni rəqibləri açıq və dürüst şəkildə yarışmaq üçün bir araya gətirdi və Azərbaycan bu cür möhtəşəm idman tədbirini həyata keçirdiyinə görə böyük etimada layiqdir.
Azərbaycan çox nikbin ölkədir və beynəlxalq arenada öz yerini tutmağa qərarlıdır. Növbəti Avropa Oyunlarının keçirilməsinə kim cəhd edərsə, o, öz üzərinə çox çətin bir vəzifə götürməli olacaq”.
Azərbaycan.- 2015.- 5 iyul.- S. 5.