Rusiyalı məşqçi: Azərbaycan Avropa Oyunlarının keçirilməsi
səviyyəsini çox
yüksəyə qaldırıb
Birinci Avropa Oyunları bir çox yaddaqalan hadisələrlə - misli görünməmiş açılış və bağlanış mərasimləri, qızğın mübarizə əzmi və geniş mədəni proqram ilə tarixdə qalacaq. Sözsüz ki, hər bir yarışın əsas məqsədi idmançıların arenalarda qazandıqları qələbə və müəyyən etdikləri rekordlardır. Rusiyanın ucqar Orenburq şəhərindən olan kövrək qızın, üzgüçü Mariya Kamenevanın da adı birinci Avropa Oyunlarının tarixinə yazılıb. 16 yaşlı Mariya birinci Avropa Oyunlarında 6 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Bu rekord ikinci Avropa Oyunlarına qədər qüvvədə olacaq və ikinci Oyunlarda bu rekordu təzələməyin mümkün olacağını təsəvvürümə belə gətirə bilmirəm. Bakıda Maşa ilə söhbət etməyə imkan tapmadıq. Amma o, doğma Orenburqa qayıdanda, ona zəng etdik. Bakıdakı Oyunların altıqat çempionu böyük idmanın tələb etdiyi kimi məşqdə idi. Məşğul olduğu üçün bizdən başqa vaxt zəng vurmağı xahiş etdi. Bu günün işini sabaha qoymaq istəməyən AZƏRTAC-ın müxbiri onun məşqçisi ilə telefon əlaqəsi saxladı.
- Yetirməniz Mariyanın adı birinci Avropa Oyunlarının tarixinə ən çox medal qazanmış
idmançı kimi yazılacaq. Ötən Oyunlar ilə
bağlı sizdə nə kimi təəssüratlar
yaranıb?
-Oyunlar çox yaxşı təəssürat oyatdı. Təşkilatçılığa söz ola bilməzdi. Təəssüf ki, başqa arenalara gedə bilmədim, amma Su İdmanı Sarayı gözəl idi. İndiyə qədər Bakıda olmadığıma təəssüflənirəm. İçərişəhərə qısa ekskursiya çox maraqlı oldu. Azərbaycanın paytaxtı yaraşıqlı şəhərdir. İstər yarışlar zamanı, istərsə də şəhərdə qonaqlara, xüsusən, rusiyalılara münasibət əla idi.
Rusiyalı məşqçi bildirib ki, Orenburqun “Qazovik” uşaq-gənclər idman məktəbinin yetirmələri Bakıdakı Oyunlara qədər dünya və Avropa səviyyəli iri yarışların qalibi olmayıblar. Mariya Bakıdan əvvəl yeniyetmələr arasında Avropa birinciliyinin qalibi olub.
Bakıdakı yarışları indiyə qədər olduğu digər yarışlarla müqayisə edən Vladimir Kirillov deyib: “Bakı sadəcə əlçatmazdır. İkinci Avropa Oyunlarını Bakıdan daha yaxşı keçirmək olduqca çətin olacaq. Azərbaycan elə yüksək səviyyə müəyyən edib ki, sonrakı oyunların daha pis keçirilməsi təşkilatçıların heysiyyətinə zərbə vuracaq.
Mariyadan söz açan məşqçi deyib ki, o, üzgüçülüklə gec – 10 yaşında məşğul olmağa başlayıb. Mariyanı hovuza məktəbimizin yetirməsi olan yaxın qohumu gətirib. Mariya altı il ərzində gözəl nəticələr əldə edib. İndi o, Kazanda yaşlı idmançılar arasında dünya çempionatına hazırlaşır. Sonra Sinqapurda yeniyetmələr arasında dünya birinciliyində iştirak edəcək.
İndi Bakı Mariyaya və onun məşqçisinə qələbə sevincini xatırladır. Qeyd edək ki, Vladimir Aleksandroviç məşqçilik fəaliyyəti dövründə 14 idman ustası hazırlayıb. Hər birinə çoxlu əmək sərf edib. O, gözəl məşqçi və çox sadə insandır.
AZƏRTAC müsahibəyə, Azərbaycan və onun sakinləri haqqında səmimi sözlərə görə Vladimir Aleksandroviçə təşəkkür edir.
Azərbaycan.- 2015.- 5 iyul.- S. 5.