Belarusun “7 dney” qəzeti:
“2015-ci ilin Avropa Oyunları bir çox göstəricilərə
görə tarixə düşəcək”
Belarus Teleqraf Agentliyinin (BELTA) təsisçisi olduğu populyar “7 dney” qəzeti “Bakı-2015” Oyunlarına həsr olunan “Oyunlar davam edəcək” sərlövhəli geniş məqalə dərc edib.
Məqalənin müəllifi Vyaçeslav Dutov yazır ki, Avropa idmanının zəngin tarixinə ən parlaq səhifə yazılıb. Bu, misli görünməmiş oyunlar idi, deməli, idmançıların, o cümlədən Belarus idmançılarının bir neçə nəsli bu səhifəni dönə-dönə oxuyacaq, ondan “sitat gətirəcəklər”. Məqalədə daha sonra deyilir: “Aydın məsələdir ki, söhbət “Ah, idman! Sən sevincsən!” postulatını bir daha təsdiqləyərək bizə həyəcanlı, yaddaqalan hadisələr bəxş edən I Avropa Oyunlarından gedir”.
Məqalədə Vyaçeslav Dutov oxucu auditoriyasına xatırladır ki, Oyunlarda 50 ölkədən 6 min idmançı iştirak edib. Onlar idmanın 20 növündə 253 dəst mükafat uğrunda mübarizə aparıblar. Belarus milli yığması 43 medal (10 qızıl, 11 gümüş və 22 bürünc) qazanaraq on ən güclü yığma komandalar sırasına daxil olub və nəticədə 7-ci yeri tutub.
Məqalədə əsasən Belarus gimnastlarının, samboçularının və boksçularının uğurlarından bəhs olunur.
Belaruslu jurnalist öz məqaləsini belə bir fikirlə başa çatdırır: “I Oyunlar isə həmişə birinci olaraq qalacaq, çünki yeni bir salnamənin başlanğıcı olub. 2015-ci ilin Avropa Oyunları bir çox göstəricilərə görə yüksək təşkilatçılıq, xeyirxahlıq və yeni, genişmiqyaslı Avropa yarışlarının bayraqdarı olmuş müxtəlif ölkələrin idmançılarının birliyinin nümunəsi kimi tarixə düşəcək”.
Materialın tam mətni ilə “7 dney” qəzetinin elektron versiyasında tanış olmaq mümkündür: http://7dney.by/ru/issues?art_id=3452
Zeynal AĞAZADƏ,
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk
Azərbaycan.- 2015.- 5 iyul.- S. 5.