Simone
Del MESTRE: “Bakı-2015” mənə sözlə ifadə edə bilməyəcəyim
dərəcədə xoş
hisslər bəxş
etdi”
İtaliyanın çimərlik futbolu üzrə millisi “Bakı-2015”də uğurlu çıxışı ilə yadda qalıb. Bu komanda Oyunlarda gümüş medal qazanmaqla qitənin ən güclü yığmalarından biri olduğunu sübut edib.
Komandanın üzvü 32 yaşlı təcrübəli futbolçu Simone Del Mestre “Bakı-2015”in daha əvvəl iştirak etdiyi yarışlardan çox fərqli olduğunu bildirib. O deyib: “Daha əvvəl FIFA tərəfindən keçirilmiş iki Dünya Kubokunda iştirak etmək imkanı qazanmışam. Bu yaxınlarda isə üçüncü Dünya Kuboku yarışlarına qatılacağam. Lakin qeyd etməliyəm ki, “Bakı-2015”də digər idman tədbirlərindən daha fərqli atmosfer var idi. Bu Oyunlar mənə sözlə ifadə edə bilməyəcəyim dərəcədə xoş hisslər bəxş etdi. Atletlər Kəndində müxtəlif xalqları təmsil edən idmançılarla bir arada yaşamaq çox gözəl duyğu idi. Yarışın nəticələri ürəyimizcə oldu. Komandamız ilk Avropa Oyunlarının gümüş medalını qazanmaqla tarixə düşdü. Növbəti hədəfimiz Dünya Kuboku yarışlarında daha bir uğur qazanmaqdır”.
Maqsud DADAŞOV,
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Azərbaycan.- 2015.- 5 iyul.- S. 5.