Rusiyanın “Ali İqtisad Məktəbi”
Milli Tədqiqat Universitetinin rektoru Təhsil Nazirliyində olub
Təhsil naziri Mikayıl Cabbarov Rusiya Federasiyasının “Ali İqtisad Məktəbi” Milli Tədqiqat Universitetinin rektoru, professor Yaroslav Kuzminovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə M.Cabbarov Prezident İlham Əliyevin təhsilə daim böyük önəm verdiyini bildirib, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası barədə danışıb.
Y.Kuzminov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin Azərbaycandakı tərəfdaşlarla əməkdaşlıqda maraqlı olduğunu, artıq bu istiqamətdə praktiki fəaliyyətin aparıldığını, hazırkı səfərin bu əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədi daşıdığını bildirib. Rektor “Ali İqtisad Məktəbi” Milli Tədqiqat Universitetinin dünyanın qabaqcıl ali məktəbləri ilə ikili diplom proqramlarına malik olduğunu qeyd edib.
Görüşdə Rusiyanın “Ali İqtisad Məktəbi” Milli Tədqiqat Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında birgə tədris və araşdırma proqramlarının təşkil edilməsi imkanları müzakirə olunub.
“Ali İqtisad Məktəbi” Milli Tədqiqat Universiteti Azərbaycan Dövlət İqtisad Universiteti ilə sıx əməkdaşlıq edir və bu ali təhsil müəssisələri arasında bakalavriat və magistratura səviyyələrində rus dilində ikili diplom proqramları həyata keçirilir.
Azərbaycan.- 2015.- 5 iyul.- S. 2.