Böyük zəhmətin uğurlu nəticəsi: “Naxçıvan tarixi”

 

Heç kimə sirr deyildir ki, dünyada ən qədim insan məskənlərindən və sivilizasiya mərkəzlərindən biri olan Azərbaycan regionlarının tarixinin dərindən araşdırılması, yazılması, elmi ictimaiyyətə və geniş oxucu kütləsinə çatdırılması tarixçi alimlərimizin qarşısında duran başlıca vəzifələrdən biridir. Ölkəmizdə də bu istiqamətdə ilk addımların atılmasına, bəzi əsərlərin yazılmasına baxmayaraq, görülməli işlərin hələ çox olduğu şübhə doğurmamalıdır. Atılan addımlar ilk olsa da, onları uğurlu saymaq olar. Bu baxımdan təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da yaxşı tanınan görkəmli alimlər - akademik İsa Həbibbəyli, akademik İsmayıl Hacıyev, AMEA-nın müxbir üzvləri Fəxrəddin Səfərli, Qadir Qədirzadə və Vəli Baxşəliyevin daxil olduğu redaksiya heyəti və digər alimlər tərəfindən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2012-ci il 6 avqust tarixli sərəncamına əsasən “Naxçıvan tarixi” çoxcildliyinin yazılması və nəfis şəkildə nəşr edilməsi Azərbaycan elmində atılmış uğurlu addımlardan biri kimi qiymətləndirilməlidir. Üçcildlik “Naxçıvan tarixi”nin hələlik iki cildinin nəşr edilməsi təkcə müəlliflərin deyil, bütövlükdə Azərbaycan tarixşünaslığının böyük uğurlarından biridir.

“Naxçıvan tarixi”ni yazarkən müəlliflər ümummilli lider Heydər Əliyevin məşhur kəlamını epiqraf kimi qəbul etmişlər: “Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır”. Əsəri zəngin arxeoloji materiallar, ən mötəbər arxiv materialları və müxtəlif dillərdə olan mövcud ədəbiyyat əsasında yazan müəlliflər başlanğıcdan sonadək bu tövsiyəyə sadiq qalmış, Naxçıvanın gerçək tarixini qələmə almış, belə demək mümkünsə, bölgə tarixi yaradanlara sadiq qalmışlar.

Giriş, yeddi fəsil, tarixi-siyasi xronologiya, xəritələr, illüstrasiya və şəkillərdən ibarət olan “Naxçıvan tarixi”nin birinci cildi (Naxçıvan, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi, 2013, 452 səh.) Naxçıvan tarixinin ən qədim dövrlərindən başlayaraq XVIII əsrin ortalarınadək olan dövrü əhatə edir. Bu cilddə ilk növbədə Naxçıvanın təbii-coğrafi şəraiti təsvir edilmişdir. Müəlliflər haqlı olaraq vurğulamışlar ki, qədim karvan yollarının üstündə yerləşən, çox kiçik bir ərazidə müxtəlif landşaft kompleksləri və iqlim tiplərinə, zəngin təbii sərvətlərə malik olan qədim Naxçıvan tarixinin formalaşmasında coğrafi amillər mühüm rol oynamışdır.

“Naxçıvan qədim dövrdə” adlanan birinci fəsildə Naxçıvan ərazisində yaşamış insanların qədim daş dövründən erkən dəmir dövrünədək keçdikləri inkişaf mərhələləri işıqlandırılmışdır. Burada arxeoloji, yazılı və etnoqrafik mənbələrin Naxçıvan tarixinin öyrənilməsindəki rolu və yeri tədqiq edilmişdir. Naxçıvanın arxeoloji baxımdan tədqiqinə xüsusi diqqət yetirən müəlliflər vurğulamışlar ki, Cənubi Qafqazda əkinçilik mədəniyyətinin öyrənilməsi Naxçıvandakı I Kültəpə abidəsindən başlanır. Onlar Naxçıvan tarixinin öyrənilməsində Neolit və Eneolit abidələrinin böyük əhəmiyyətinin olduğunu qeyd etmişlər. Eneolit dövründən etibarən Naxçıvanda mədən işləri, xüsusilə duz çıxarılmasının geniş miqyas aldığı vurğulanmışdır. Naxçıvanın qədim qayaüstü abidələrlə də məşhur olduğu qeyd və şərh edilmişdir. Bütün bu və digər məsələləri müfəssəl bir şəkildə təqdim edən müəlliflər belə bir nəticə çıxarmışlar ki, Xocalı-Gədəbəy mədəniyyəti qədim dövrdən bu ərazidə məskunlaşan aborigenlər tərəfindən yaradılmışdır. Bu isə Naxçıvana dair əsassız iddiaları alt-üst edir.

Naxçıvanda siyasi və sosial-iqtisadi münasibətlər əsərin “Naxçıvan e.ə. IX - b.e.II əsrlərində” adlanan ikinci fəslində nəzərdən keçirilmişdir. Burada Naxçıvanda yaşayanların xarici hücumlara qarşı müqaviməti əks olunmuş, Atropatena dövlətinin tərkibində Naxçıvanın vəziyyəti izah edilmişdir.

“Naxçıvan əhalisinin etnogenezi tarixi” adlanan üçüncü fəsildə əhalinin etnik tərkibi və “Naxçıvan” sözünün mənşəyi müxtəlif xarakterli mənbələr əsasında izah edilmişdir. “Naxçıvan” sözünün mənşəyinə dair çoxlu baxışların mahiyyətini təqdim edən müəlliflərin fikrincə, indiyədək Naxçıvan əhalisinin etnogenezi ilə əlaqədar olaraq sistemli tədqiqat işləri aparılmamışdır. Araşdırma nəticəsində belə bir qənaətə gəlinmişdir ki, “nax” tayfa adı qədim türk mifində olan Nuh adından gəlmədir. Bu isə Naxçıvanın, deməli, bütövlükdə Azərbaycanın dünyanın qədim sivilizasiya mərkəzlərindən biri olduğunu göstərir.

Naxçıvanda feodal münasibətlərin meydana gəlməsi və inkişafı prosesləri, erkən orta əsrlərdə türk tayfalarının - hunlar, bolqarlar, xəzərlər, kəngərlər, sabirlər, peçeneqlər, suvarlar və b. bölgədə yenidən məskunlaşması məsələləri “Naxçıvan erkən orta əsrlər dövründə” adlanan dördüncü fəsildə tədqiq olunmuşdur. Əsərdə islamaqədərki dövrdə Naxçıvanda və çevrəsində etnik-mədəni münasibətlər, Xilafət ordularının Naxçıvanı işğal etməsi, İslam dininin qəbul olunması, idarəetmə sistemi, şəhərlər, sənətkarlıq, ticarət, epiqrafik abidələr və s. məsələlər şərh edilmişdir. Müəlliflər Ordubad şəhərinin əsasının guya XII əsrdə qoyulmasına dair iddiaların heç bir əsası olmadığını arxeoloji və ən mötəbər yazılı mənbələrlə sübut etmişlər. Aparılan tədqiqat nəticəsində müəlliflər Naxçıvanın yüksək mədəniyyət, sənət və ticarət mərkəzi olduğunu xüsusilə vurğulamışlar.

X-XIII əsrlərdə Naxçıvan müxtəlif adlı Azərbaycan dövlətlərinin tərkibində olmuşdur. Bununla belə, X əsrin 80-ci illərində Azərbaycanda yaranmış siyasi şəraitlə bağlı olaraq Naxçıvanda müstəqil və ya yarımmüstəqil “Naxçıvanşahlıq” yaranmışdır. Əsərdə həmin məsələ tarixi məxəzlərə istinad edilərək şərh olunmuşdur. Bütün bu məsələlər, o cümlədən oğuz türkləri olan səlcuqların Naxçıvana gəlişi və Naxçıvanın Atabəylər dövlətinin tərkibində olması, iqtisadi həyat, mədəniyyət problemləri əsərin “Naxçıvan X-XIII əsrlərdə” adlanan beşinci fəslində tədqiq edilmişdir. Müəliflər X-XII əsrlərdə Naxçıvanın Yaxın, Orta Şərqin mühüm mədəniyyət mərkəzlərindən birinə çevrildiyini yazaraq vurğulamışlar ki, bu dövrdə Naxçıvanda incəsənət və memarlıq inkişaf etmiş, Azərbaycan alimləri dünya elminin zənginləşməsində müstəsna rol oynamışlar.

“Naxçıvan XIII-XV əsrlərdə” adlanan altıncı fəsil Naxçıvan tarixinin təxminən üçyüzillik bir dövrünü əhatə edir. Burada XIII əsrin ilk rübündə Azərbaycanın monqol hücumlarına məruz qalması, onun buraxdığı ağır izlər araşdırılmış və konkret tarixi fakt və materiallarla şərh edilmişdir. Fəsildə Toxtamışın və Əmir Teymurun Naxçıvana qarşı amansız hücumlarına həsr edilmiş hissə də maraqla oxunur. Naxçıvanın Qaraqoyunluların hakimiyyəti altında olmasını araşdıran müəlliflər XI əsrin başlanğıcından etibarən Naxçıvanın Teymurilərin, Cəlairilərin və Qaraqoyunluların mübarizə meydanına çevrilməsini və onun nəticələrini izah etmişlər. Daha sonra fəsildə Ağqoyunluların hakimiyyəti illərində bu yurdda siyasi, ictimai-iqtisadi həyat təhlil edilmişdir. Fəsildə maraqla oxunan hissələrdən biri Naxçıvanda sufiliklə bağlı mərkəzlərə həsr edilmiş yerlərdir.

Tarixi məxəzlərdən aydındır ki, Səfəvilərin mərkəzləşdirilmiş hakimiyyəti dövründə Naxçıvan bütün sahələrdə böyük inkişaf yolu keçmişdir. Bu məsələlər əsərin “Naxçıvan Səfəvilər dövründə” adlanan yeddinci fəslində tədqiq edilmişdir. XVI əsrdə və XVIII əsrin birinci qərinəsində Naxçıvanda siyasi şəraiti təhlil edən müəlliflər yazırlar ki, Səfəvilərin hakimiyyətinin son dövrlərində Azərbaycan ərazisində parçalanma baş verdi. Parçalanma bütün ölkədə olduğu kimi, Naxçıvanda da təsərrüfat həyatına ağır təsir etdi. Həmin dövrdə bu diyarın iqtisadi həyatını araşdıran müəlliflər ilk növbədə kənd təsərrüfatı, sahibkarlıq, ticarət məsələlərinə diqqət yetirmişlər. Naxçıvanın sənətkarlıq mərkəzi kimi rolu xüsusi vurğulanmışdır. Burada şəhərlərin ticarət və sənətkarlıqla yanaşı, inzibati-siyasi və elmi-mədəni mərkəzlər rolunu oynaması mənbələrə istinad edilərək konkret faktlarla tədqiq olunmuş, xüsusilə xalçaçılıq sənətinin geniş yayıldığına diqqət verilmişdir. Şəhərlərdəki karvansaraların da ticarət mərkəzlərindən biri olduğu vurğulanmışdır.

Mənbələrdən məlum olduğu kimi, III Şah Abbasın ölümündən sonra özünü şah elan edən Nadirqulu xanın hakimiyyətə gəlişi ilə Əfşarların idarəçiliyi dövrü başlayır. O, Səfəvilər dövrünün inzibati ərazi bölgülərini ləğv edir, yeni sistemi tətbiq edir. Bu məsələləri araşdıran müəlliflər həyata keçirilən dəyişikliklərin ölkə həyatına təsirini izah edərkən Nadir şahın hakimiyyətinin ilk illərinin Azərbaycan üçün ağır keçdiyini qeyd etmişlər. Daha sonra fəsildə maarif, elm, ədəbiyyat, epiqrafik abidələr, memarlıq və incəsənət və digər məsələlər tədqiq olunarkən Naxçıvanda göstərilən sahələrin yüksək səviyyədə olduğu vurğulanmışdır.

Araşdırılan dövrə aid tarixi-siyasi xronologiyanın, istifadə edilmiş mənbə və ədəbiyyatın, xəritələrin, şəkillərin, arxeoloji abidələrin xəritələrinin verilməsi ilə başa çatan birinci cild tamamlanmışdır. Bu, uğurlu bir tarixi tədqiqat əsəri təsiri bağışlayır.

XVIII əsrin ortalarından başlayaraq XX əsrin 30-cu illərinin sonunadək olan dövrü əhatə edən “Naxçıvan tarixi”nin ikinci cildinin (Naxçıvan, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi, 2014, 528 səh.) “Naxçıvan xanlığı” adlanan birinci fəslində Səfəfi dövləti zəiflədikdən sonra yaranmış Əfşarlar sülaləsinin hakimiyyəti illərində Naxçıvanda sosial-iqtisadi və siyasi şərait şərh edilmiş, xanlığın yaranmasını şərtləndirən amillər araşdırılmışdır. Naxçıvan xanı

I Kalbalı xanın müstəqil hakimiyyəti dövründə Naxçıvanın intibah dövrünü yaşadığı tarixi mənbələr əsasında qeyd edilmişdir. Bu dövrdə Naxçıvan xanlığı qonşu ölkələrlə və xanlıqlarla da sıx münasibətlər saxlamışdır. Xüsusən Gürcüstan, Osmanlı dövləti ilə qarşılıqlı ticarət və b. əlaqələr mövcud idi. Müəlliflər daha sonra XIX əsrin əvvəllərində dövrün böyük dövlətləri arasında gedən mübarizəni araşdırmış, regionda cərəyan edən hadisələrin Naxçıvana təsirini və işğalı asanlaşdırdığını göstərmişlər. Çar Rusiyası tərəfindən işğal edilməsi ərəfəsində Naxçıvanın əhalisinin tərkibini tədqiq edən müəlliflər vurğulamışlar ki, XIX əsrdə Naxçıvanın əhalisi azalmışdı. Bunun da əsas səbəbi regionda aparılan üzücü müharibələr nəticəsində yaranmış şərait və ərazi işğalları idi. Qeyd etmək lazımdır ki, birinci fəsildə Naxçıvan xanlığının əhalisinin etnik tərkibinə dair məsələlərin ən mötəbər mənbələr əsasında tədqiq edilməsi bu ərazinin etnomədəni mənsubluğu haqqında aydın təsəvvür yaradır, mübahisələrə və əsassız iddialara qətiyyən yer qoymur. Naxçıvanda sosial-iqtisadi həyat, şəhərlər, sənətkarlıq və ticarəti şərh edən, mədəniyyətin inkişafına diqqət yetirən müəlliflər Naxçıvan xanlığında mədəniyyətin yüksək səviyyədə inkişaf etdiyini xüsusi vurğulamışlar. Ən mötəbər mənbələr əsasında Naxçıvanda memarlıq sənətinin üstün olmasının və digər ölkələrə də təsir etməsinin elmi şəkildə əsaslandırılması, şübhəsiz, əsərin əhəmiyyətini artıran amillərdən biridir.

Kitabın “Naxçıvanın Rusiya tərəfindən işğalı” adlanan ikinci fəslində ilk növbədə XVII əsrin sonu - XIX əsrin əvvəllərində Naxçıvanda ictimai-siyasi şərait, I Rusiya-İran müharibəsi dövründə Naxçıvanın vəziyyəti, Gülüstan sülh müqaviləsi, II Rusiya-İran müharibəsi və Naxçıvan, Naxçıvanın Rusiya qoşunları tərəfindən işğal edilməsi, Türkmənçay müqaviləsinin Naxçıvanın taleyinə təsiri məsələləri tədqiq edilmişdir. Fəsildə diqqəti ən çox cəlb edən məsələlərdən biri işğaldan sonra ermənilərin tarixi Azərbaycan torpağı olan Naxçıvana köçürülərək yerləşdirilməsidir. Müəlliflərin ən mötəbər mənbələrə istinad edərək ermənilərin Naxçıvana köçürülməsi məsələlərini tədqiq edərək, emənilərin gətirilib yerləşdirilmələrinə dair ilk mənbələr əsasında mükəmməl tərtib etdikləri cədvəlləri uğurlu saymaq olar. İstifadə edilən rəsmi statistik materiallar bir daha göstərir ki, ermənilər Naxçıvanda aborigen deyil, gəlmə olmuşlar. Çar hökuməti azərbaycanlılara məxsus torpaqlara yerləşdirilmiş ermənilərə bir sıra güzəştlər vermiş, onlar müəyyən müddətdə vergi ödəməkdən azad edilmiş, inzibati idarəçilikdə təmsil olunmuş azərbaycanlılar isə tədricən sıxışdırılmağa başlanmışlar.

“Naxçıvan XIX əsrdə” adlanan üçüncü fəsildə işğaldan sonrakı dövrdə Naxçıvan tarixinin müxtəlif tərəfləri tədqiq edilmişdir. Məlum olduğu kimi, işğal bu diyarın sosial-iqtisadi həyatına mənfi təsir göstərmişdir. Gəlmə ermənilər onların tarixi torpaqlarına yerləşdirilmiş, aborigen əhali olan azərbaycanlıların köçüb getməsi artmışdır. İşğaldan sonra yaranmış demoqrafik vəziyyətin konkret fakt və materiallar əsasında cədvəllərdə təqdim edilməsi müsbət qiymətləndirilə bilər. Naxçıvanın təsərrüfat həyatı, aqrar münasibətlər və bu sahədə aparılan islahatlar, sənətkarlıq və sənaye, kapitalist münasibətlərinin meydana gəlməsi və inkişafı da işıqlandırılmışdır. Fəsildə diqqəti cəlb edən problemlərdən biri çarizmin müstəmləkə siyasətinə qarşı Naxçıvanda aparılan mübarizə məsələlərinin işıqlandırılmasıdır.

Əsərin “Naxçıvan XX əsrin əvvəllərində” adlanan dördüncü fəsli qeyd olunan dövrdə Naxçıvanda sosial-iqtisadi şəraitin təhlili ilə başlayır, daha sonra 1905-1907-ci illərdə ermənilərin Naxçıvanda törətdikləri soyqırımları, onların səbəbləri, gedişi və nəticələri zəngin fakt və materiallar əsasında təqdim edilir. Belə bir nəticəyə gəlinmişdir ki, törədilən kütləvi qırğınlar nəticəsində Naxçıvanda əhalinin sayı iki dəfədən çox azalmışdı. Lakin bütün qəddarlıqlara baxmayaraq, ermənilər azərbaycanlıları tamamilə məhv edə bilmədilər.

Birinci Dünya müharibəsi Azərbaycana, o cümlədən Naxçıvana da təsir etmişdir. Fəsildə göstərilmişdir ki, Birinci Dünya müharibəsi illərində Naxçıvanda əhalinin əhvali-ruhiyyəsi birbaşa türk cəbhəsindəki vəziyyətlə bağlı olmuşdur. Rusiya təbəələri olmalarına baxmayaraq, azərbaycanlılar türklüyün və islamın mərkəzi olan Türkiyənin müharibədə yenilməsini istəməmiş, Osmanlı dövlətinə rəğbət bəsləmişlər. Müharibənin gedişində şöhrət qazanmış Naxçıvandan çıxan generalların, xüsusən Hüseyn xan Naxçıvanskinin fəaliyyətinə də xüsusi diqqət yetirən müəlliflər qeyd etmişlər ki, “Vəhşi diviziya”nın azərbaycanlılardan ibarət “Tatar alayı”nın tərkibində naxçıvanlılar da olmuşdur.

Fəsildə Araz-Türk Respublikasının dövlət və hökumət orqanlarının təşkilinə və Azərbaycan Xalq Cümhuriyyəti ilə əlaqələr yaratmağa çalışmasına dair məsələlər şərh edilmişdir. Belə qənaətə gəlinmişdir ki, Araz-Türk Respublikası qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, bölgənin taleyində mühüm rol oynamış və Azərbaycanın ərazi bütövlüyünü təmin etmişdir. Daha sonra Azərbaycan Cümhuriyyətinin Naxçıvan bölgəsi ilə əlaqələri məsələsinə toxunan müəlliflər vurğulamışlar ki, AXC parlamenti və hökuməti öz fəaliyyətində Naxçıvanla bağlı məsələlərə diqqət yetirmiş, bölgənin ermənilər tərəfindən tutulmasına imkan verməmiş, ona hərbi, siyasi, maddi və mənəvi kömək etmişdir. Fəsildə erməni silahlı dəstələrinin Naxçıvana qarşı hücumlarına yerli əhalinin qəhrəmancasına müqaviməti də əks olunmuşdur.

1920-ci ilin əvvəllərində Bakıda ictimai-siyasi vəziyyətin ağırlaşması milli hökumətin Naxçıvana hərbi yardım etməsini çətinləşdirmişdi. Belə olduqda Naxçıvan rəhbərliyi Osmanlı dövlətinə yardım üçün müraciət etdi. Bundan sonra Naxçıvan əhalisi torpaqlarını ermənilərdən təmizləyə bildi. Bölgə əhalisinin igidliyi və qəhrəmanlığı sayəsində Naxçıvan diyarı Azərbaycanın tərkib hissəsi kimi qorunub saxlanıldı. Fəsildə Naxçıvana dair xarici ölkələrin siyasətlərinin mahiyyətini, dünyanın aparıcı dövlətləri olan ABŞ, İngiltərə, Fransa, Türkiyə və Almaniyanın planlarını araşdıran müəlliflər Naxçıvan əhalisinin İngiltərənin məqsədlərinin reallaşdırılmasına da imkan vermədiyini vurğulamışlar.

Əsərdə Azərbaycan sovetləşdirildikdən və bolşevik qoşunları Naxçıvana girdikdən sonra yürüdülən ermənipərəst siyasətin mahiyyəti izah edilmişdir. Müəlliflər Naxçıvanda sovet hakimiyyəti qurulduqdan sonra erməni silahlı bandalarının hücumlarının qarşısını almaq üçün A.Şadlinskinin rəhbərliyi altında qurulmuş “Qırmızı tabor”un fəaliyyətini araşdırmışlar.

Kitabda XX əsrin əvvəllərində Naxçıvanda mədəniyyət məsələləri tədqiq edilmiş, təhsilin inkişafında böyük xidmətləri olmuş maarifçilərin, Nazlı Tahirovanın 1912-ci ildə əsasını qoyduğu qız məktəbinin fəaliyyətinə xüsusi diqqət yetirilmişdir. Məktəblər şəbəkəsinin genişləndirilməsi məsələsi rəqəmlərin dili ilə izah edilmiş və belə bir qənaətə gəlinmişdir ki, XX əsrin əvvəllərində Naxçıvanda elmi fikir maarifçilik istiqamətində inkişaf etmişdir. Naxçıvanda ədəbiyyatın inkişafında mühüm rol oynamış Cəlil Məmmədquluzadə, Məhəmməd Tağı Sidqi, Məmməd Səid Ordubadi və başqa ziyalıların, “Şərqi-Rus” qəzetinin, “Molla Nəsrəddin” jurnalının fəaliyyətinə nəzər yetirilmişdir.

Azərbaycan teatr tarixində Naxçıvanın özünəməxsus yerinin olduğu məlumdur. XIX əsrin 80-ci illərində formalaşan və XX yüzilliyin əvvəllərindən fəaliyyətini genişləndirən Naxçıvan teatrında Ə.Haqverdiyevin, N.Nərimanovun, Ü.Hacıbəylinin və digər ədiblərin əsərləri oynanılmış və böyük tamaşaçı rəğbəti qazanmışdır. Müəlliflər qeyd etmişlər ki, mürtəce qüvvələrin müqavimətinə baxmayaraq, Naxçıvan teatrı milli teatrın inkişafında əhəmiyyətli rol oynamışdır. Fəsildə Naxçıvanda epiqrafik abidələr, memarlıq, incəsənətə dair məsələlər də mənbələr əsasında izah edilmişdir.

“Naxçıvan XX əsrin 20-30-cu illərində” adlanan beşinci fəsildə bolşevik işğalından sonra Naxçıvan tarixi tədqiq olunmuşdur. 1920-ci ilin aprel ayında Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal edilməsindən sonra regionda tamamilə yeni şərait yaranmışdı. Naxçıvanda yerli əhali Azərbaycanda sovet hakimiyyətinin qurulmasını birmənalı qarşılamamışdı. Çünki bu zaman Naxçıvanda türk qoşunları var idi. İyul ayında XI ordu hissələri Naxçıvana girsə də, Ermənistan bu diyarı işğal edərək özünə birləşdirmək səylərini dayandırmadı, lakin yerli əhali qəti müqavimət göstərdi. Naxçıvan İnqilab Komitəsi əhalinin iradəsini ifadə edərək, qəbul etdiyi qətnamədə Naxçıvanı Azərbaycan SSR-in ayrılmaz hissəsi elan etdi. Bu sənəddə yazılırdı ki, “Azərbaycan Sovet Sosialist Respublikası Naxçıvan əhalisi üçün üfüqdən doğan bir şəfəqdir”. Bütün bu və digər məsələləri tədqiq edən müəlliflər Naxçıvana münasibətdə mərkəzi bolşevik hakimiyyətinin ikili siyasətini, Naxçıvanın Ermənistan SSR-ə güzəştə gedilməsinə dair bəyanatın yerli əhali arasında həyəcan yaratdığını və B.Şahtaxtinskinin əhaliyə real vəziyyəti izah etməsini arxiv mənbələri əsasında araşdırmışlar. Fəsildə Naxçıvanda sovet hakimiyyəti qurulduqdan sonra proletariat diktaturası tədbirlərinin həyata keçirilməsi, dinə qarşı mübarizə məsələləri, məscidlərin, dini ziyarət yerlərinin dağıdılması və amansız repressiyalar arxiv mənbələri əsasında izah edilmişdir. Ermənistandan qovulan və Naxçıvana pənah gətirən azərbaycanlı qaçqınların vəziyyətini yaxşılaşdırmaq sahəsində görülən işlər, onların torpaq sahəsi ilə təmin edilmələri məsələlərinə əsərdə yer ayrılmışdır.

Sovetləşmədən sonra Naxçıvan tarixinin ən mühüm problemlərindən biri diyarın statusu məsələsi olmuşdur. Naxçıvan özünün strateji mövqeyinə görə nəinki qonşu dövlətlər, həmçinin dünyanın böyük dövlətləri üçün maraq kəsb etmişdir. Mürəkkəb və çətin proseslərdən keçib gələn Naxçıvanın statusu məsələsi Azərbaycanın əzəli və ayrılmaz tərkib hissəsi kimi həll edilmiş və diyara muxtariyyət statusu verilmişdir. Bu problemi araşdıran müəlliflər 1917-ci ildən sonra qarışıqlıq dövründə Naxçıvanda yaranmış ağır ictimai-siyasi şəraiti təhlil edərək vurğulamışlar ki, Rusiya və Türkiyə arasında Moskvada imzalanan 1921-ci il 16 mart tarixli, Rusiyanın vasitəçiliyi ilə Türkiyə, Azərbaycan, Gürcüstan və Ermənistan arasında 1921-ci il 13 oktyabr tarixdə imzalanan Qars müqaviləsi ilə Naxçıvanın statusuna dair məsələyə aydınlıq gətirilmişdir. Belə ki, 1917-1921-ci illərdə aparılan inadlı mübarizə, 1921-ci il rəy sorğusunun nəticəsi, bir sıra görkəmli şəxsiyyətlərin fəaliyyətləri, Türkiyənin ədalətli mövqe tutması və köməyi, beynəlxalq Moskva və Qars müqavilələrinin şərtləri Naxçıvan diyarına Azərbaycanın tərkibində muxtariyyət statusunun verilməsi ilə nəticələnmişdir.

Muxtar respublikanın yaradılmasını Naxçıvan tarixinin ən mühüm hadisələrindən biri kimi qeyd edən müəlliflər rəsmi dövlət və partiya sənədləri əsasında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının yaradılması məsələsini araşdırmışlar. Moskva və Qars müqavilələrinin mövcudluğuna baxmayaraq, Mərkəzi hökumətin Naxçıvan torpaqlarını hissə-hissə kəsərək Ermənistana verməsi qeyd edilmişdir. Arxiv sənədlərinə əsaslanaraq yazılmışdır ki, Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin 1929-cu il 18 fevral tarixli qərarı ilə Naxçıvanın 657 kv. km ərazisi - Şərur qəzasının Qurdqulaq, Xaçık, Horadiz, Naxçıvan qəzası Şahbuz nahiyəsinin Oğbin, Ağxəç, Almalı, İtqıran, Sultanbəy kəndləri, Ordubad qəzasının Qorçevan kəndi, habelə Kilit kəndi torpaqlarının bir hissəsi Ermənistana verilmişdir.

Fəsildə Naxçıvanda sovet hakimiyyəti qurulduqdan sonra əkilən torpaqların bir hissəsinin istifadəsiz qalması, kənd təsərrüfatı məhsullarının istehsalının azalması və onun səbəbləri və s. məsələlər izah edilmişdir. Daha sonra isə yazılmışdır ki, sovet hakimiyyətinin həyata keçirdiyi tədbirlərdən biri Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvanda da kollektivləşmənin həyata keçirilməsi olmuşdur. Bu tədbir muxtar respublikada da narazılıq yaratmışdır. Kolxozlara daxil olmayan kəndliləri sovet hakimiyyəti qolçomaq və bandit adlandıraraq sürgün, həbs etmiş, səsvermə hüququndan məhrum etmişdir. Beləliklə, mənbələr təsdiq edir ki, Naxçıvanda kollektivləşmə zorakı yollarla həyata keçirilmişdir. Kollektivləşmə əleyhinə qaçaq və kəndli çıxışları olmuş, lakin amansızlıqla yatırılmışdır.

Tarixi mənbələr sübut edir ki, sovet hakimiyyətinin antimilli siyasətinə qarşı Naxçıvanda da üsyanlar baş vermiş, əhali müstəqillik uğrunda mübarizə aparmışdır. Üsyanlar muxtar respublikanın Cəhri, Qaraçuq, Tırkeş, Keçili, Milax və b. kəndlərində olmuş, sovet hakimiyyətinə qarşı əsl partizan döyüşləri getmişdir. Lakin sovet qoşun hissələri üsyanları yatırmış və üsyançıları öldürmüş, sürgün və ya həbs etmişdir. Qolçomaqların evləri və mülkləri yandırılmışdır.

Naxçıvan tarixinin mühüm hadisələrindən biri 1926-cı il aprelin 18-də Naxçıvan MSSR-in 4 bölmə, 63 maddədən ibarət olan I konstitusiyasının qəbul edilməsi olmuşdur. Fəsildə Konstitusiyanın qəbulu prosesi, müddəaları təhlil edilmiş və əhəmiyyəti göstərilmişdir. Naxçıvan MSSR-in növbəti konstitusiyası 1937-ci il sentyabrın 18-də qəbul edilmişdir.

Ötən əsrin 20-30-cu illərində ağır Stalin repressiyaları bu diyardan da yan keçməmişdir. Muxtar vilayətdə antisovet və quldur adı altında 35 min nəfər repressiya edilmişdir. Azərbaycan diviziyasının komandiri Qambay Vəzirov, general Cəmşid Naxçıvanski, torpaq komissarı Heydər Vəzirov və başqa hərb, sovet və partiya xadimləri də amansız repressiyalara məruz qalmışlar. Bu məsələləri araşdıran müəlliflər belə bir qənaətə gəlmişlər ki, sovet hökumətinin hüquq-mühafizə orqanları tərəfindən tətbiq edilən siyasi repressiyalar planlı, düşünülmüş və vahid ssenari əsasında həyata keçirilmişdir.

Məlum olduğu kimi, sovet hakimiyyəti qurulduqdan sonra Naxçıvanda da mədəni quruculuğa başlanıldı, təhsil, elm, mədəniyyət və incəsənət sahələrində yeni siyasət yürüdülməyə başlandı. Mətbuatın vəziyyəti tədqiq edilərkən sovet dövründə Naxçıvanda müntəzəm və davamlı nəşr edilən qəzetin “Şərq qapısı” olduğu, Naxçıvanda mətbuatın yaranması və formalaşmasının Azərbaycan mətbuatının üzvi hissəsi olduğu qeyd edilmişdir. Muxtar respublika mətbuatı bu regionda gedən ictimai-siyasi prosesləri, baş verən ədəbi-mədəni hadisələri əks etdirmiş və onun ətrafında yaradıcı qüvvələr formalaşmışdır.

Sovet hakimiyyətinin 20-30-cu illərində Naxçıvanda ədəbiyyatın vəziyyəti də fəsildə araşdırılmışdır. Yerli şair və yazıçıların yaradıcılığını təhlil edən müəlliflərin fikrincə, ən böyük canlanma şeir sahəsində baş vermişdir. XX əsrin əvvəllərində Müzəffər Nəsirli, Hüseyn Əzim, Əbdül Kazım, Məhəmməd Rəsizadə və başqaları klassik və müasir üslubda şeirlər yazmışlar. Mövcud ideoloji çətinliklərə baxmayaraq, 20-30-cu illərdə Naxçıvan ədəbi mühitində canlanma yaransa da, bu proses Stalin repressiyaları nəticəsində dayanmışdır. 20-30-cu illərdə böyük bir inkişaf yolu keçən Naxçıvan teatrı sovet hakimiyyəti illərində savadsızlığa, dini xurafata, cəhalətə, geriliyə və çadraya qarşı mübarizə aparmışdır.

İkinci cildin sonunda tarixi-siyasi xronologiya, istifadə edilmiş mənbə və ədəbiyyatlar, xəritələr və şəkillər təqdim edilmişdir. Bunlar Naxçıvan tarixi haqqında olan məlumatları uğurla tamamlayır.

Beləliklə, dediklərimizdən belə bir ümumiləşdirilmiş nəticə çıxarmaq olar ki, məqbul bir konsepsiya əsasında yazılmış əsərin strukturu qarşıya qoyulan məqsədə nail olmağa imkan vermişdir. Naxçıvan tarixinin ən mürəkkəb və çətin məsələlərinin tədqiqi yüksək peşəkarlıqla aparılmış, sadə və anlaşıqlı bir dildə, dərin məntiqlə şərh edilmişdir. Əsər yazılarkən dünya tarix elmində qəbul edilmiş ümumi metodoloji prinsiplər gözlənilmişdir. Müəlliflər məqsədlərinə nail olmuş, Azərbaycanın ayrılmaz bir parçası olan Naxçıvanın qədim və zəngin tarixinin mükəmməl tədqiqini yaza bilmişlər. Bu əsər Naxçıvan tarixinin indiyədək tədqiq edilməyən müxtəlif qatlarını araşdırmaq üçün yeni istiqamətlər açır. Hesab edirəm ki, Azərbaycan tarixşünaslığına ciddi bir töhfə olan, hazırda iki cildi işıq üzü görən “Naxçıvan tarixi” əsərinin rus və ingilis dillərinə tərcümə edilməsi faydalı olardı.

Musa QASIMLI,

Milli Məclisin deputatı, professor

 

Azərbaycan.- 2015.- 5 iyul.- S. 7.