Birinci Avropa Oyunları
zamanı Qobustan Milli Tarix-Bədii Qoruğunu 9 mindən çox turist ziyarət edib
Birinci Avropa Oyunları zamanı yüzlərlə xarici turistin üz tutduğu məkanlardan biri də Azərbaycanın daş yaddaşı, qədim tariximizin ana kitabı hesab olunan Qobustan Dövlət Tarixi-Bədii Qoruğu olub.
Birinci Avropa Oyunlarının keçirildiyi günlərində Qobustan Dövlət Tarixi-Bədii Qoruğunu 9 min 242 nəfər turist ziyarət edib.
Qoruq idarəsindən AZƏRTAC-a bildirilib ki, onlardan 1826-sı xarici turistlərdir.
Bu tarixi məkana üz tutan xarici ölkə vətəndaşları sırasında Rusiya Federasiyasını təmsil edənlər çoxluq təşkil edib. Xarici turistlərdən 275-i Rusiya, 221-i Almaniya, 160-ı ABŞ, 119-zu isə İtaliya vətəndaşları olub. Eyni zamanda digər 1051 xarici turist isə müxtəlif ölkələri - Koreya Respublikası, Polşa, İran, Türkiyə, Hollandiya, Çexiya, İsrail, İspaniya və digər ölkələri təmsil edib.
Qobustanı görməklə qonaqlar Azərbaycanda qədim insanların məişəti, bacarıqları haqqında geniş məlumat əldə ediblər. UNESCO-nun Dünya İrs Siyahısında yer alması Qobustanı dünyaya daha çox tanıdıb. Avropa mütəxəssisləri isə Qobustanı Avropanın ən yaxşı muzeyləri sırasına daxil ediblər.
Qeyd edək ki, qədim Qobustanla müasir Qobustan arasında kəskin fərq var. Ərazidə turistlərin rahat istirahət etməsi və gəzməsi üçün hər cür şərait yaradılıb. Qoruğun ümumi sahəsi 4530 hektardır. Burada yeni inşa olunan muzey isə 12 ekspozisiya zalından ibarətdir. Digər muzey binaları ilə müqayisədə, Qobustan Milli Tarix-Bədii Qoruğunun muzey kompleksi orijinal və fərqli memarlıq dizaynına malikdir. Hər otağın özünəməxsus mövzusu var.
Yeni mövzu, yeni təcrübələr, yeni sürprizlər və əyləncə - bütün bunlar birinci Avropa Oyunları zamanı Qobustan Milli Tarix-Bədii Qoruğunu ziyarət etməyə gələnlərdə ölkəmizin qədim tarixi ilə bağlı zəngin təəssürat yaradıb.
Azərbaycan.- 2015.- 5 iyul.- S. 8.