Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin
loqosu təsdiqlənib
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əmri ilə korporativ üslubun, simvolikanın formalaşması və komitənin fəaliyyətinin unikal obrazla təsviri məqsədilə hazırlanmış loqotip “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin loqosu” kimi təsdiq edilib. Komitədən verilən məlumata görə, bundan başqa “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin loqosunun yazılı təsviri və istifadə Qaydaları” da təsdiq edilib.
Loqo vizual olaraq 3 hissəyə bölünür və sferaşəkillidir. Bu halda sfera yer kürəsini simvolizə edir. Bunu daha aydın göstərmək məqsədilə loqotipin yuxarı hissəsində planetin meridianları təsvir olunub. Bu da qurumun müasir dünya standartları əsasında fəaliyyətinin təşkilinin göstəricisidir.
Loqotipin mərkəzi hissəsi səkkizgüşəli ulduz ilə təsvir olunub. Məhz bu simvolun istifadə olunması, qurumun milli dəyərlərə söykənməsindən xəbər verir. Ulduzun konturları dövlət rəmzlərindən olan Azərbaycan bayrağının rəngləri ilə tamamlanır, bu da təşkilatın rəsmi orqan olduğunu nəzərə çatdırır. Ulduz ilə çərçivəyə alınan “SMP” hərfləri isə Komitənin əsas funksiyaları olan standartlaşdırma, metrologiya və patent sözlərinin baş hərfləridir. Bu qısaltma Komitənin adını sadələşdirir, daha dinamik edir və tələffüz üçün asanlaşdırır.
Loqotipin aşağı hissəsini isə şkala təşkil edir. Bu şkala milli ornamentimiz olan buta ilə özünəməxsus formada təsvir edilib. Şkala texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi kimi sahələrdə dövlət siyasətini həyata keçirən orqanın iş prinsipini - dəqiqliyi, norma yaratma və etalon prinsiplərini əhatə edir.
Azərbaycan.- 2015.- 5 iyul.- S. 8.