Nəticələr gözləntiləri
üstələdi
Həm Avropa Oyunlarının
təşkili, həm
də idmançılarımızın
mübarizə əzmi
ən yüksək səviyyədə idi
Bakının evsahibliyi etdiyi I Avropa Oyunları tarixə qovuşdu. Ötən ayın 12-28-də - 17 gün ərzində qitə və dünya idmanının ürəyi Azərbaycan paytaxtında döyündü. 50 ölkəni təmsil edən 6 mindən çox atletin qatıldığı yarışlar möhtəşəm idman festivalı kimi yadda qaldı. 20 idman növü üzrə keçirilmiş Oyunlarda 253 dəst medal uğrunda gərgin mübarizə getdi. İlk dəfə təşkil olunan qitə Olimpiadasının mükafatçıları adlarını Avropa idmanının tarixinə yazdırdılar.
Yəqin ki, 2012-ci ilin dekabrında Bakı Avropa Olimpiya Komitələrinin (AOK) 41-ci Baş Assambleyasında I Avropa Oyunlarının ev sahibi elan ediləndə hamı Azərbaycanın üzərinə şərəfli olduğu qədər də böyük vəzifə düşdüyünün fərqində idi. Söhbət adi bir turnirdən yox, qitə Olimpiadasından gedirdi. Belə bir tədbir ilk dəfə keçirildiyindən Avropanın heç bir ölkəsinin bu sahədə təcrübəsi yox idi. Deməli, kimdənsə yararlanmaq mümkün deyildi, Oyunların ev sahibinin özü yeni təcrübə yaratmalı idi. Digər tərəfdən, irimiqyaslı idman tədbirini təşkil etmək üçün hazırlıq işlərinə cəmi 2,5 il vaxt qalırdı, hərçənd Yay Olimpiya Oyunlarına, digər qitələrin mini-olimpiadalarına hazırlaşmaq üçün təşkilatçı ölkələrə 6-7 il vaxt verilirdi.
İstər-istəməz belə bir sual ortaya çıxırdı: nəzərdə tutulan təşkilati məsələləri qısa müddətdə həll etmək mümkün olacaqmı? Axı işin həcmi böyük idi: mövcud idman obyektləri yenidən qurulmalı, yeniləri tikilməli, üstəlik, şəhərin infrastrukturu müasir tələblər səviyyəsinə gətirilməli idi... Təbii ki, qitənin idman ictimaiyyəti Oyunlara hazırlığın gedişini müntəzəm olaraq izləyirdi. Hazırlıq işlərində hansısa problemin ortaya çıxacağını gözləmək olardı, çünki ayrı-ayrı idman növləri üzrə qitə çempionatlarına hazırlığın gedişində bu və ya digər çətinliyin meydana çıxması adi hal idi. Məsələn, Polşa və Ukraynanın birgə təşkil etdiyi futbol üzrə 2012-ci il Avropa çempionatının baş tutacağı şübhə doğururdu. Belə ki, Ukrayna maliyyə çətinlikləri ucbatından iş qrafikindən geri qalırdı. Hətta çempionatı təşkil etmək hüququnun Ukraynadan alınıb Türkiyəyə verilməsi ehtimalı var idi...
Lakin Azərbaycan dövləti üzərinə götürdüyü işin məsuliyyətini ciddi dərk edirdi. Prezident İlham Əliyev I Avropa Oyunlarının ev sahibinin adı açıqlandıqdan sonra xalqa müraciətində bəyan etdi ki, tədbir ən yüksək səviyyədə təşkil olunacaq. Bu, elə belə də oldu. Hərçənd AOK-un prezidenti Patrik Hikki Oyunlar başa çatdıqdan sonra etiraf edəcəkdi ki, “belə qısa müddət ərzində görülmüş bu qədər işləri hətta ən çılğın arzularımızda təsəvvür edə bilməzdik”.
Beləliklə, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Oyunların Təşkilat Komitəsi yaradıldı və dərhal işə başlandı. Təşkilat Komitəsi fəaliyyətini AOK-la, eləcə də əlaqəli dövlət orqanları ilə sıx əməkdaşlıq şəraitində qurdu, dövlət başçısından və ölkə ictimaiyyətindən tam dəstək aldı. Oyunların Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin qeyd etdiyi kimi, “cənab Prezident İlham Əliyev bizə inandı və onun köməyi olmasaydı, təbii ki, I Avropa Oyunları da tarixə çevrilməyəcək, bu cür möhtəşəm alınmayacaqdı. Prezident riski nəzərə aldı və 30 aylıq çox qısa zamanda belə bir peşəkarlıqla Oyunların keçirilməsinə dəstək verdi”.
Artıq görülmüş işlər göz qabağındadır. İlk Avropa Oyunlarına hazırlıq prosesində heç bir problem nəzərə çarpmadı, tədbir ən yüksək tələblərə cavab verdi: idman obyektləri vaxtlı-vaxtında istifadəyə verildi, lazımi infrastruktur yaradıldı. Onu qeyd etmək lazımdır ki, təşkilati işlərə ən böyük töhfəni məhz yerli mütəxəssislər verdilər. Belə ki, Oyunların Əməliyyat Komitəsinə irimiqyaslı idman tədbirlərinin təşkilində təcrübəsi olan xarici mütəxəssislər də cəlb olunmuşdular. Amma komitədə çalışanların (2000 nəfər) 78 faizi azərbaycanlı idi. İdman obyektlərinin baş podratçıları xarici şirkətlər idi. Ancaq tikinti işlərini həyata keçirənlər yenə də azərbaycanlılar idi. Bununla Avropa Oyunları həm də minlərlə azərbaycanlıya iş imkanı yaratdı.
Eyni zamanda, idman tədbirinin keçirilməsində 12 min 500-dən çox könüllünün fəaliyyəti xüsusi qeyd edilməlidir. Oyunların Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin qeyd etdiyi kimi, könüllülər idman arenalarında ölkənin adını ucaltmaq üçün əllərindən gələni etdilər. Onlar həm də misilsiz həyat təcrübəsi qazandılar. Bir sözlə, I Avropa Oyunları irimiqyaslı idman tədbirləri təşkil etməyə qadir azərbaycanlı mütəxəssislərdən ibarət bütöv bir komandanın formalaşmasına gətirib çıxardı. Bu istedadlı gənclər Azərbaycanın ev sahibliyi edəcəyi növbəti irimiqyaslı idman tədbirlərinin təşkilində öz sözlərini deyəcəklər.
Bütün bunlar ilk Avropa Oyunlarının gözlənildiyindən də yüksək səviyyədə təşkilini şərtləndirən amillər idi. Təşkilat Komitəsinin yüksək peşəkarlığı, fədakar işi, mütəşəkkil fəaliyyəti gözləntiləri üstələdi.
Oyunlar çərçivəsində keçirilmiş yarışların nəticələri Azərbaycan idmanı üçün gözlənilməz oldu. Atletlərimiz 56 medal (21 qızıl, 15 gümüş, 20 bürünc) qazanaraq tarixi zəfərə imza atdılar. Komandamız medal sıralamasında yalnız Rusiyadan geri qalaraq, ikinci yeri tutdu. Heç kim belə bir uğur gözləmirdi. Yarışlara qatılmış 291 atletimiz Avropanın güclü idmançıları ilə mübarizə aparırdılar. Oyunların iştirakçıları arasında 100-dən çox olimpiya mükafatçısı, dünya və Avropa çempionu vardı. Təkcə avarçəkmə yarışlarına 21 Olimpiya, dünya və qitə çempionu qatılmışdı. Oyunların proqramına daxil edilmiş 12 idman növündə ən güclü atletlər təmsil olunurdular, çünki bu yarışlar gələn il Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiadasına lisenziya verirdi.
Odur ki, mübarizənin gərgin keçəcəyi gözlənilən idi. Buna baxmayaraq, idmançılarımız onlara bəslənən ümidləri artıqlaması ilə doğrultdular. Azərbaycan qitənin Almaniya, Britaniya, Fransa, İtaliya, İspaniya, Hollandiya, Türkiyə, Ukrayna, Polşa kimi aparıcı idman ölkələrini geridə qoydu. İlk dəfə idi ki, Azərbaycan idmanı irimiqyaslı yarışda belə bir nəticə göstərirdi.
Atletlərimiz Oyunlarda 20 idman növünün 12-də mükafatçılar arasında oldular. 15 medal qazanmış pəhləvanlarımızın uğurunu xüsusi qeyd etmək lazımdır. Azərbaycan hər üç güləş növündə - yunan-Roma, sərbəst və qadın güləşində təmsil olunurdu. Yunan-Roma güləşçilərindən Rəsul Çunayev və Elvin Mürsəliyev qızıl, Rafiq Hüseynov və Sabah Şəriəti gümüş, Elman Muxtarov və Həsən Əliyev bürünc medalın sahibi oldular. Sərbəst güləşçilər Toğrul Əsgərov və Xetaq Qazyumov qızıl, Cəbrayıl Həsənov isə bürünc medal qazandılar. Qadın güləşçilərin mübarizəsində də uğurlu nəticələrin şahidi olduq. Mariya Stadnik və Anjela Doroqan qızıl, Natalya Sinişin isə bürünc medal qazandılar. Pəhləvanlarımız medalların sayına görə rusiyalılardan sonra ikinci yeri tutdular.
Azərbaycan boksçularının ilk Avropa Oyunlarında əldə etdikləri nəticələr də hər cür təqdirə layiqdir. Boks üzrə milli komandamızın 11medal qazanması, şübhəsiz, böyük uğurdur. Bu uğura Oyunların çempionları Elvin Məmişzadə, Teymur Məmmədov, Pərviz Bağırov, Albert Səlimov, Lorenso Sotomayor və Abdulqadir Abdullayev, gümüş medalçı Xaybula Musalov, bürünc mükafatçılar Tayfur Əliyev, Məhəmmədrəsul Məcidov, Anna Əlimərdanova və Yana Alekseyevna imza atdılar. Bununla boksçularımız medal cədvəlində lider oldular.
Oyunlara 10 karateçimiz qatılmışdı. Onlardan 6-sı medal qazandı. Firdovsi Fərzəliyev, Rafael Ağayev, Ayxan Mamayev və İrina Zaretska qızıl, Niyazi Əliyev və İlahə Qasımova bürünc medalın sahibi oldular. Təmsilçilərimiz yekun yarış cədvəlində birinci yeri tutdular.
Taekvondoçularımız mübarizəni 5 medalla başa vurdular. Ayxan Tağızadə, Milad Harçeqani və Radik İsayev Avropa Oyunlarının çempionu adını qazandılar. Fəridə Əzizova gümüş, Patimat Abakarova bürünc medalla kifayətləndilər. Taekvondo yarışlarında da idmançılarımız rəqiblərindən daha çox mükafat qazanaraq cədvəldə lider mövqeyinə çıxdılar.
Eyni zamanda, gimnastların uğurunu (7 medal) qeyd etmək lazımdır. Avropa Oyunlarının çempionu Oleq Stepko 5 medal qazanaraq mükafat sayına görə komandamızın rekordçusu oldu.
Azərbaycana medal qazandırmış digər atletlər də böyük qələbəyə öz töhfələrini verdilər. Beləcə, ölkənin idman tarixinin qızıl səhifəsi yazıldı.
Allahverdi MEHDİYEV,
Azərbaycan.- 2015.- 7 iyul.- S. 1.