İstiqlalımızın
ilk tribunası
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş gözəl bir ənənə var: hər beş ildən bir milli mətbuatımızın yubileyi keçirilir. Yubileyqabağı günlərdə jurnalistikanın inkişafı yoluna nəzər salınır, imzası ilə fərqlənənlər dövlət tərəfindən mükafatlandırılır, mövcud problemlərin həlli istiqamətində səmərəli addımlar atılır. Eyni zamanda Azərbaycan milli mətbuatının təşəkkülündə xidməti olanlar anılır, mətbuat tariximizin yaddaqalan səhifələri yenidən vərəqlənir, bu gün də aktuallığını saxlayan mövzular və məsələlər yenidən gündəmə gətirilir.
“Azərbaycan” qəzeti dövlət başçısı cənab İlham Əliyevin “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” 2 iyun 2015-ci il tarixli sərəncamına uyğun olaraq yeni rubrika açmışdır. Sərəncamla bağlı müxtəlif mövzuda materialların verilməsi, jurnalistikamızın tarixinə və müasir durumuna həsr olunmuş müəllif yazılarının dərci nəzərdə tutulmuşdur.
Xalqın özünəinamının ifadəsi kimi “Azərbaycan” qəzeti Şərqin qədim mədəniyyət mərkəzlərindən olan Gəncə şəhərində nəşrə başladı. Ölkədəki uzunmüddətli ictimai-siyasi xaosun, hərc-mərcliyin, qeyri-müəyyənliyin sonu, vətəndaş sülhünün, əmin-amanlığın, sabitliyin, gələcəyə işıqlı ümidlərin sübh çağı, dan yeri, istiqlalımızın ilk tribunası kimi özünü büruzə verdi.
“Azərbaycan” qəzeti gündəmə gələnə qədər isə bir neçə ay idi ki, milli mətbuatımız, sözün həqiqi mənasında, özünün iflic dövrünü yaşayırdı. Bakıda 1918-ci ilin martında erməni-daşnak və bolşevik barbarların törətdikləri kütləvi qırğınlar, azərbaycanlıların soyqırımı zamanı bir sıra mədəniyyət abidələri ilə yanaşı, “Kaspi”, “Açıq söz”, “Turan” mətbəələrinin yandırılıb məhv edilməsi demokratik yönümlü mətbuat orqanlarının fəaliyyətinə son qoymuşdu. Bakıda, Şamaxıda, Qubada törədilən qətliamlar Azərbaycanda baş verən ictimai-siyasi hadisələrin inkişafını sürətləndirirdi. 1918-ci ilin mart-sentyabr aylarında bolşeviklər “26 Bakı komissarı” deyilən mürtəce hərbi qurum yaratdı və bu struktur antiazərbaycan əhvali-ruhiyyəsinə görə iflasa uğradı. Bakıda Mərkəzi Xəzər Diktaturası yarandı. Zaqafqaziya Seymi parçalandı və mayın 28-də Milli Şura Azərbaycanın İstiqlal Bəyannaməsini elan etdi, Şərqdə ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti meydana gəldi. Gəncədə fəaliyyətə başlayan Milli hökumətin iradəsi ilə Qafqaz İslam Ordusu və Azərbaycan hərbi hissələri Bakının qurtuluşu uğrunda ölüm-dirim savaşına atıldı və sentyabrın 15-də düşmən üzərində misilsiz qələbə çaldı.
“Azərbaycan” qəzeti milli mətbuatımızın başı üzərini qara buludların aldığı belə bir mürəkkəb dövrdə, ictimai-siyasi və hərbi vəziyyətin böhranlı, qeyri-sabit durumunda, eyni zamanda, tarixi bir gündə - xalqımızın Qurban bayramı ərəfəsində Bakının azad olunmasını Qurtuluş Günü kimi qeyd etdiyi, dəyərləndirdiyi bir vaxtda işıq üzü gördü.
Görkəmli ictimai-siyasi xadim M.Ə.Rəsulzadə “Azərbaycan” qəzetində bu tarixi günlə bağlı çap etdirdiyi “Haqq yerini tutan gün” məqaləsində 15 sentyabrı yalnız 28 may Müstəqillik Günü ilə müqayisə edir, Bakının azad olunması tarixini yüksək qiymətləndirərək yazırdı: “Azərbaycan türkü mayısın 28-də istiqlalını elan eyləmiş, sentyabrın 15-də qəsbkarlar əlində inildəyən paytaxtını xilas etmişdir.
Mayısın 28-i Azərbaycan Cümhuriyyət tarixinin ibtida günü isə, sentyabrın 15-i o ibtida qədər qiymətdardır. Sentyabrın 15-i vaqe olmasa, yəqin ki, mayısın 28-nin ibtidası bir sənəyi-dövriyyəsini görmədən intihaya varar, gedərdi.
Bakının Azərbaycan üçün sadə bir paytaxt deyil, adətən əfsanələrdə söylənən bir “can şüşəsi” olduğunu nəzərə alırsaq, həqiqi istiqlal gününün sentyabrın 15-i olduğunu qəbul etməliyiz” (“Azərbaycan” qəzeti, 15 sentyabr 1919, ¹ 274).
Bəli, “Azərbaycan” qəzeti ilk dəfə öz oxucularının qarşısına qələbə xəbəri, bayram sevinci ilə çıxdı. Bakının azad olunması tarixi, “...həqiqi istiqlal günü”nə bərabər 15 sentyabr haqqında Mavərayi-Qafqaziyada oxucularına ilk informasiya verən mətbuat orqanı oldu. “Azərbaycan”çılar “Bakının süqutu” adlı məqalədə fikirlərini isti-isti oxucuları ilə bölüşürdülər. Bu məlumat son zamanlar çap olunan bir sıra yazılarda təhrif edildiyi üçün dilinə və üslubuna toxunmadan oxuculara təqdim edirik: “Bakının süqutu. Dün gecə Azərbaycan Cümhuriyyəti Riyasəti namına Nuri paşa həzrətləri tərəfindən böylə teleqraf kəşidə edilmişdir: “Bismihil-kərim, Bakı şəhəri 15.9.34 saət 9 əvvəldə qitəatimiz (hissələrimiz - A.R.) tərəfindən zəbt olundu. Qafqaz İslam Ordusu komandanı Farik Nuri”.
Bu mətn bir sıra mötəbər mənbələrdə, eləcə də “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nda, təəssüf ki, təhriflərə məruz qalmışdır. Müqayisə üçün “Azərbaycan” qəzeti haqqında milli ensiklopediyamızda yer alan məqalədən bir parçanı nəzərdən keçirək: “Qəzetin birinci nömrəsində “Heyəti-təhriyyə” (“Redaksiya heyəti”) imzası ilə böyük bir yazı verilmişdir. Bu nömrədə Bakının azad edilməsi ilə bağlı xəbərlər daha çox diqqəti cəlb edir: “Dünən gecə Azərbaycan Cümhuriyyəti hökuməti adına Qafqaz İslam Ordusunun komandanı Nuru paşa həzrətləri tərəfindən belə bir teleqram gəlmişdir: “Bismillahir-Rəhmanir-Rəhim! Bakı şəhəri 15.09.18 saat 9-a işləmiş ordu hissələrimiz tərəfındən zəbt olundu. Qafqaz İslam Ordusunun komandanı Fərrux Nuri” (Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. Bakı, “Lider” nəşriyyatı, 2004,
I cild, səh.135).
Öncə onu qeyd edək ki, “qəzetin birinci nömrəsində “Heyəti-təhriyyə” (“Redaksiya heyəti”) imzası ilə yazı getməmişdir və “təhriyyə” sözü “təhririyyə” şəklində olmalıdır. Ümumiyyətlə, “Azərbaycan”ın türkcə ilk sayı “Heyəti-təhririyyə” imzası ilə yox, “Heyəti-idarə” (İdarə heyəti) imzası ilə çıxmışdır. “Heyəti-təhririyyə” imzası ilə “Azərbaycan” qəzeti 1918-ci il 3 təşrini-əvvəl (oktyabr) tarixli 5-ci sayından Bakıda nəşr olunmağa başlamışdır. Təəccüblüdür ki, teleqramda “Bismihil-kərim” sözünün əvəzinə yanlış olaraq “Bismillahir-Rəhmanir-Rəhim!” verilib. Qəzetin rus variantında “Bismihil-kərim” sözü “Bojey milostyu” kimi tərcümə olunmuşdur. Farik Nuri yerinə səhv olaraq “Fərrux Nuri”, “15.9.34 saət 9 əvvəldə” tarixinin yerinə isə “15.09.18 saat 9-a işləmiş” yazılıbdır. Sadələşdirmə adı altında bu və ya digər üslubi xarakterli redaktə və əvəzləmələr xüsusilə tarixi sənədlər üçün qüsurludur və qəbuledilməzdir.
Qəzetin sentyabrın 15-də Bakının zəbt olunması xəbərinin “dün gecə” alındığını bildirməsi, şübhəsiz ki, onun ilk sayının 16-sında dərc edildiyini təsdıqləyən ən mötəbər arqumentdir.
Azərbaycan Cümhuriyyəti Heyəti-Vükəla (Nazirlər Şurası) rəisi Fətəli xan Xoyskinin cavab teleqramı özünü çox gözlətmədi. O, Azərbaycanın xilaskarına ünvanladığı minnətdarlıq məktubunda yazırdı:
“Qafqaz İslam Ordusu komandanı səadətli Nuri paşa həzrətlərinə.
Təhti-komandanızda olan cəsur türk əsgərlərimiz tərəfindən Azərbaycanın paytaxtı olan Bakının düşməndən xilas edildiyi münasibətilə millətin zati-həmiyyətpərvəranələrinizə və dünyanın ən nəcib əsgəri olan türk oğullarına minnətdar olduğunu ərz etməklə iftixar edərim, əfəndim. Heyəti-Vükəla rəisi Fətəli xan”.
Nuri paşa sentyabrın 15-də Gəncəyə göndərdiyi növbəti teleqramında Azərbaycan hökumətini Bakıya dəvət edərək yazırdı: “Gəncədə Azərbaycan Cümhuriyyəti Riyasəti-Alisinə.
Azərbaycan Cümhuriyyətinin paytaxtı olan Bakı şəhərini ziyarət etmək üzrə Heyəti-Vükəlanın yarın Bakıya təşriflərinə müntəzirəm, əfəndim. 15.9.34.
Yavərani-həzrəti-şəhriyaridən Farik Nuri”.
“Azərbaycan” qəzetinin verdiyi məlumata əsasən, hökumət üzvləri həqiqətən “yarın”, yəni sentyabrın 17-də qatarla Gəncədən Bakıya yola düşmüş, şəhərdə Kişi gimnaziyasının qarşısında onları gənc vətənpərvərlərin izdihamlı nümayişi alqışlamışdı. Bakının qəhrəman əsgərlərimiz tərəfindən azad olunması münasibətilə keçirilən nümayişdə Fətəli xan Xoyski təbrik nitqi söyləmişdi.
Bir məqama da münasibət bildirmək yerinə düşərdi. Cümhuriyyət dövründən bəhs edən orta məktəb dərsliklərinin əksəriyyətində Azərbaycan hökumətinin 1918-ci ildə Gəncədən Bakıya köçməsi tarixi sentyabrın 17-si göstərilmişdir. Məlum olduğu kimi, Nuri paşanın hökumət üzvlərini Bakını ziyarətə dəvət etməsi hələ hökumətin paytaxta köçməsı demək deyildi. “Azərbaycan” qəzeti (rus dilində) özünün 19 sentyabr tarixli 2-ci sayında bu məsələyə aydınlıq gətirərək yazırdı: “Hökumət idarələri hələlik Gəncədə fəaliyyət göstərir. Bu günlərdə hökumət ilk imkan düşən kimi mərkəzi idarələri Bakıya köçürəcəkdir”.
“Azərbaycan”ın Gəncədə sonuncu - 4-cü sayı sentyabrın 25-də işıq üzü görüb. Qəzetin rus variantında “Gəncə, 25 sentyabr 1918” sərlövhəli imzasız məqalədə Azərbaycan hökumətinin 3 aylıq fəaliyyətdən sonra bu gün Gəncəni tərk etdiyi, öz paytaxtına köçdüyü, Gəncənin Azərbaycan dövlətçiliyi tarixində parlaq səhifələr açdığı xüsusi qeyd edilmişdir. Bu faktın özü yaxın tariximizin ziddiyyətli bir məqamının dəqiqləşdirilməsində böyük əhəmiyyət kəsb edir.
Qəzetin fəaliyyətinin Gəncə dövrü yığcam və məzmunlu 10 təqvim günündən ibarət olsa da, burada həftədə iki, cəmi isə dörd sayı işıq üzü görən, mütəxəssis, kağız və şrift qıtlığı ilə üzləşən “Azərbaycan” mətbuat tariximizin qürurlandırıcı, şərəfli səhifələrini təşkil edir. İlk saylarının materiallarında imzalar olmasa da, qəzetin hazırlanmasında, araya-ərsəyə gətirilməsində, çətinliklərin dəf edilməsində Üzeyir bəy və Ceyhun bəy Hacıbəyli qardaşlarının, Şəfi bəy Rüstəmbəylinin, yerli ziyalıların xidmətləri danılmazdır.
Redaksiya Gəncədə Bulatov küçəsindəki 26 saylı evdə yerləşirdi. Qəzetin ilk sayı, hər biri iki səhifədən ibarət olmaqla, Azərbaycan və rus dillərində A-2 formatda çıxmışdır. Demək olar ki, rus variantı xırda istisnalarla Azərbaycan nüsxəsinin tərcüməsidir. “Azərbaycan”ın 2-ci sayı sentyabrın 19-da, cümə axşamı, 3-cü sayı isə sentyabrın 22-də, bazar günü rus dilində dərc olunmuşdur (təəssüf ki, bu nömrələrin Azərbaycan variantına təsadüf etmədik). Qəzetin sentyabrın 25-də, çərşənbə günü Gəncədə çıxan sonuncu sayı qarışıq səhifələrdən ibarətdir. Belə ki, ilk dəfə dörd səhifə ilə oxucularının görüşünə gələn qəzetin 4-cü sayının üç səhifəsi rus, bir səhifəsi isə Azərbaycan türkcəsindədir.
Qəzetdə çap olunan materialların mövzusunu nəzərdən keçirdikdə Qafqaz İslam Ordusunun Bakı şəhərini azad etməsi və onunla bağlı informasiyaların, təbii ki, prioritet mövqedə dayandığı müşahidə olunur. “Azərbaycan”ın Gəncə şəhərində çıxan bütün saylarında bu mövzu layiqincə işıqlandırılmışdır. Qəzetin birinci sayının sonuncu səhifəsində “Bakının süqutu” sərlövhəsi ilə gedən informasiyalar arasında əsir alınan düşmən əsgərlərinin sayı haqqında məlumatlar, şübhəsiz ki, qələbə əhvali-ruhiyyəsinin təsiri altında şişirdilmiş, oxucuların ovqatına hesablanmış məlumatdır. Xəbərdə deyilir: “Son xəbərlərə görə, Bakıda türklər tərəfindən 30 minədək müsəlləh (silahlı - A.R.) düşmən əsgərləri əsir alınmışdır. Alınan qənimətlərin ədədi hədsizdir. Şəhərdə sakitlik hökm-fərmadır”.
Qəzetin sentyabrın 19-da rus dilində çıxan 2-ci sayında “Bakının alınması” başlıqlı yazısında isə redaksiyanın Bakıdan aldığı məlumata görə, 8000 nəfər ingilis əsgərinin əsir alındığı, “Ərdəhan” gəmisi istisna olunmaqla, bütün hərbi və ticarət gəmilərinin saxlanıldığı bildirilirdi. Əlbəttə, əsirlər barədə informasiyalar yoxlanılmamış xəbərlərdən qaynaqlansa da, sakitlik, əmin-amanlıq haqqında məlumat gerçəkliyə söykənirdi.
Şəhərdə asayişin bərqərar olması dövrün, zamanın zəruri tələbi, Qafqaz İslam Ordusunun növbəti böyük qələbəsi idi. Parlaq zəfər qarşısında bəzi milli azlıqların yersiz və əsassız iddiaları ikinci plana keçmişdi. Azərbay-canlıların mart soyqırımı ərəfəsində mənfur niyyətlərindən və qəddar hərəkətlərindən əl çəkməyən erməni millətçiləri 15 sentyabr qələbəsini özlərinin tarixi ənənələrinə dayanan ikiüzlü və yaltaq bir siyasətlə qarşıladılar. “Azərbaycan” qəzetinin 19 sentyabr tarixli 2-ci sayında qeyd olunduğu kimi, şəhər ermənilərinin arximandriti (baş monarxı) Levonun başçılığı, İ.N.Xocayevin və Q.M.Şahnazarovun iştirakı ilə 6 nəfərlik nümayəndə heyəti 15 sentyabr Bakının alınması münasibətilə Fətəli xan Xoyskini və onun müavini Nuri paşanı təbrik etmişdi. Arximandritin türkləri təbrik etməsi nə qədər qəribə səslənsə də, təəccüblü görünmürdü. Çünki onların şəraitə uyğun əqidələrini və simalarını dəyişmələri mürəkkəb məqamlarda özünü həmişə büruzə verirdi.
“Azərbaycan” qəzetinin Gəncədə sonuncu dəfə çıxan 25 sentyabr tarixli 4-cü sayında “İdarədən” verilən xəbərdə yazılırdı: “Qəzetimiz bu gündən Bakıya köçdüyünə binaən hər bir sifarişat üçün bundan sonra bu ünvana müraciət etməli: Bakı, “Azərbaycan” qəzeti idarəsinə”.
Bu mətbuat orqanı özünün 4-cü sayından sonra Gəncənin Bulatov küçəsindəki idarəsindən Bakının Kolyubakinski küçəsindəki ünvanına köçərək “gündəlik siyasi, ictimai, ədəbi, iqtisadi türk qəzetəsi” səlahiyyətlərinə yiyələndi.
“Azərbaycan” qəzeti ilk saylarından yarandığı mühitin, fəaliyyət göstərdiyi dövrün tarixi salnaməsinə, milli ruhlu ziyalıların azad fikir, düşüncə tribunasına çevrildi, milli istiqlal məfkurəsinin intişarında, milli şüurun təkamülündə misilsiz xidmətlər göstərdi.
* * *
Qafqaz İslam Ordusunun və milli hərbi hissələrimizin birgə möhtəşəm tarixi qələbəsindən sonra “Azərbaycan” qəzetinin “Heyəti-idarə”si (Redaksiya heyəti) özünün 4-cü sayında qeyd etdiyi kimi, 1918-ci il sentyabrın 25-də Nazirlər Şurası və mühüm dövlət idarələri ilə bərabər Gəncədən Bakıya köçdü. Görkəmli ictimai-siyasi və dövlət xadimi Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Heyəti-Vükəla (Nazirlər Şurası) “Metropol” mehmanxanasında (indiki AMEA Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində), “Azərbaycan” qəzetinin Heyəti-idarəsi isə həmin bina ilə üzbəüz, Kolyubakinski (indiki Nigar Rəfibəyli) küçəsindəki Adamovlara məxsus yaşayış binasında yerləşdi. Qəzetin Bakıda ilk, sayca isə 5-ci nömrəsi “Heyəti-təhririyyə” imzası ilə təşrini-əvvəlin (oktyabrın) 3-də birinci dəfə həcmi Azərbaycan türkcəsində 4 səhifədən ibarət olmaqla işıq üzü gördü. “Azərbaycan” bu sayından özünün “gündəlik siyasi, ictimai, ədəbi, iqtisadi türk qəzetəsi” olduğunu bəyan etdi. Sərlövhəsinin altında “rəsmi dövlət qəzetəsi” sözləri yazılmasa da, Azərbaycan Xalq Cümhuriyyətimizin ilk dövlət qəzeti idi. Bu qəzet hökumət başçısının təşəbbüsü və dəstəyi ilə yaranmışdı, dövlət tərəfindən maliyyələşirdi və “Dövlət mətbəəsi”ndə gündəlik çap olunurdu. “Azərbaycan” qəzetinin Gəncə nüsxələrində olduğu kimi, Bakıda çıxan nömrələrində də Xalq Cümhuriyyətinin təkamül dialektikası, dövlət strukturlarının fəaliyyəti, qanun və qərarların icrası məsələləri prioritet sayılaraq geniş işıqlandırılırdı. Qəzetin 5-ci sayının birinci səhifəsində “Hökumət qərardadı”, maliyyə naziri Ə.Əmircanovun “Elan”ı, Heyəti-Vükəla rəisi F.X.Xoyskinin və ticarət və sənaye naziri A.Aşurbəyovun “Azərbaycan Cümhuriyyətindən əhalinin nəzərinə” sərlövhəli 1 oktyabr 1918-ci il tarixli müraciəti dərc edilmişdi. Bu müraciətdə “Azərbaycan Cümhuriyyəti ümum Bakıdakı mədənlərdə və fabriklərdə işləyən fəhlələr bu gündən işlərinə şüru etməgə (başlamağa - A.R.) dəvət” edilirdi. Bu informasiyaların özü Bakıda əmin-amanlığın mövcudluğuna, iqtisadiyyatın bərpası istiqamətində aparılan səmərəli fəaliyyətə işarə idi.
Qəzetin 5-ci sayının növbəti səhifələrində “8 zilhiccə - 15 eylül” (15 sentyabr) tarixi günü ziyalılar, sənət adamları, qələm əhli tərəfindən şərh olunaraq yüksək dəyərləndirilirdi. “C.Dağıstani” imzası ilə “Tarixi gün” sərlövhəli məqaləsində Ceyhun bəy Hacıbəyli hadisəyə uzaqgörənliklə isti-isti siyasi qiymət verərək yazırdı: “8 zilhiccə - 15 eylülün bütün türk və islam aləminin ən səadətli, ən şövkətli günlərindən ibarət olacağı şübhəsizdir.
...Bismihil-kərim, düşmənlər öz maraqlarına yetmədilər, məyus oldular. Türkün qəhrəman oğulları öz istedadlarını, öz rəşadətlərini, özlərinin yaşamaq üçün ölməyə hazır olmalarını bütün aləmin gözünə çırpdılar və bununla böylə, yüz illərcə başqalarının təhti-təzyiqində əzilən milyonlarca dindaş və millətdaşlarımıza böyük-böyük ümidlər bəxş etdilər”.
Böyük ümidlərin gerçəkləşməsi, Şərqdə ilk demokratik qurum olan Azərbaycan Xalq Cümhuriyyətinin formalaşması və dirçəlməsi istiqamətində yüzlərlə ziyalımız iqtisadi, sosial, mədəni inkişaf naminə yeni həyatın, qaynar mühitin qoynuna atıldı, çiyinlərində azad ölkənin vətəndaşı məsuliyyətini daşımaqla dövlətçiliyimizin güclənməsi prosesinə tükənməz həvəslə qoşuldu. “Azərbaycan” qəzetinin Bakıda çıxan ilk sayında H.Hamidin “Yeni həyat”, N.İ. imzalı müəllifın “Azərbaycan gənclərinə”, Məhəmməd Sadiqin “Bələdiyyə idarələrinin nəzər-diqqətinə”, imzasız yazılmış “Bakı məsələsinə dair məqalat”, “Osmanlı və Ermənistan münasibətlərinə dair”, “Türkiyədəki erməni qəzetləri nə söyliyorlar” və başqa materiallar vətənpərvərlik ruhunda yazılmış, milli şüurun inkişafına xidmət edən yazılardır.
Bakının azad edildiyi tarixi gündə M.Ə.Rəsulzadə Avropa dövlətlərinin iştirakı ilə İstanbulda keçirilən konfransda Azərbaycan Cümhuriyyətinin nümayəndə heyətinə başçılıq edirdi. Onun Fətəli xan Xoyskiyə göndərdiyi təbrik teleqramı məlum səbəblər ucbatından ünvanına geciksə də, “Azərbaycan” qəzetinin 5-ci sayında öz əksini tapmışdı. Həmin teleqramda deyilirdi: “Paytaxtımızın istirdadından (alınmasından - A.R.) dolayı təhti-idareyi-alilərində bulunan hökumətimizi səmimi təbrik ilə Bakının yeni türk ellərini istixlas (xilası) üçün sarsılmaz bir qəleyi-mətin olması ümidilə bütün arkadaşlarımla öpüşürüz.
Azərbaycan heyəti-mürəxxəsəsi namına Rəsulzadə Məhəmməd Əmin”.
Qəzet təbrik teleqramlarına, Bakı xəbərlərinə, teatr və musiqi afişalarına da öz səhifələrində xüsusi yer ayırmışdır.
“Azərbaycan”ın rus variantından nigaran qalan oxucuları üçün son səhifədə bir elanı da yer almışdı: “Sabiqdə Gəncədə rus dilində nəşr olunan “Azərbaycan” qəzetəsi şənbə günündən etibarən Bakıda nəşr olunmağa başlayacaqdır. Ünvan: Bakı, Kolyubakinski küçədə “Azərbaycan” idarəsi”.
“Azərbaycan” qəzeti özünün 3 təşrini-əvvəl 1918-ci il tarixli 5-ci sayından 1 təşrini-sani (noyabr) tarixli 28-ci nömrəsinədək Bakıdakı Kolyubakinski küçəsində fəaliyyət göstərmişdir. Redaksiyanın ünvanında təşrini-saninin 3-ü tarixindən formal dəyişiklik baş vermişdi. Qəzetin 29-cu sayında ünvan yerində yazılırdı: “Məhəlleyi-idarə, Bakı, Voronsovski və Qubernski küçələrinin küncündə, 4 nömrəli evdə. “Azərbaycan” idarəsi”.
“Voronsovski və Qubernski küçələrinin küncündə, 4 nömrəli ev” indiki İslam Səfərli ilə Nizami küçələrinin kəsişməsində yerləşən, bütöv bir məhəlləni özündə ehtiva edən, 1867-1895-ci illərdə milyonçu Mantaşevin sifarişi əsasında İtaliya memarlıq üslubunu özündə yaşadan üçmərtəbəli yaşayış binasıdır. “Məhəlleyi-idarə”nin cənub pəncərələri Parapet (indiki Fəvvarələr) bağına açılır və binanın güney səmti Kolyubakinski küçəsində yerləşir. “Azərbaycan” qəzeti idarəsinin quzey səmti isə Kolyubakinskiyə paralel Qubernski (indiki Nizami) küçəsinə baxır. Redaksiyanın binası şərqdən kilsə, qərbdən isə Voronsovski (indiki İslam Səfərli) küçəsi ilə əhatə olunmuşdur. Qəzetin redaksiyasına giriş noyabrın 3-dək Kolyubakinski istiqamətindən, bu tarixdən sonra isə “Voronsovski və Qubernski küçələrinin küncündən” həyata keçirilmişdi.
“Azərbaycan” qəzeti Bakıda fəaliyyətə başladığı gündən əməkdaşlarının sayını artırmış, istedadlı gəncləri işə qəbul etmişdi. “Azərbaycan”çıların arasında fəallığı və istedadı ilə diqqəti cəlb edən gənclərdən biri də Cəfər Cabbarlı idi. O, redaksiyada tərcüməçi işləyir, hökumətin qərarlarını, rəsmi xəbərləri Azərbaycan dilindən ruscaya, ruscadan isə Azərbaycan dilinə çevirirdi. “Azərbaycan” qəzetinin (rus dilində) 26 noyabr 1918-ci il tarixli sayında onun çap etdirdiyi “Parapetdən Şamaxı yoluna qədər” adlı felyetonunda redaksiya əməkdaşlarının düşdüyü ekstremal şəraitlə yanaşı, dövlət məmurlarının, nazirlərin astagəlliyi, sosial problemlərə soyuq, biganə münasibətləri gülüş hədəfinə, qınaq mərkəzinə çevrilmişdi.
“Azərbaycan” qəzeti mətbuat tariximizdə ilk rəsmi dövlət qəzeti olmaqla yanaşı, azad sözün, sərbəst düşüncənin, fikir plüralizminin tribunası idi. Dövlətçiliyə və qanunlara sədaqət nümayiş etdirməklə müstəqil mətbuat orqanı imici qazandı. Qəzetin Bakıdakı fəaliyyətinin ilk gününü milli-demokratik mətbuatımızın intibah mərhələsinin başlanğıcı da adlandırmaq olar. “Azərbaycan” operativliyi, obyektivliyi, peşəkarlığı, qərəzsizliyi ilə cümhuriyyət dövrünün jurnalistika universitetinə çevrildi. Qəzet mübaliğəsiz və istisnasız olaraq milli istiqlal ideyalarımızın ilk və ən müqtədir tribunası, Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası missiyasını da şərəf və ləyaqətlə həyata keçirmişdir.
Asif
RÜSTƏMLİ,
AMEA
Nizami adına Ədəbiyyat İnstitutu
Mətbuat
tarixi və publisistika şöbəsinin müdiri
Azərbaycan.- 2015.- 7
iyul.- S. 2.