Azərbaycan Milli Elmlər
Akademiyası Naxçıvan
Bölməsinin Distant Təhsil
Mərkəzinin açılışı
olub
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin üzvləri Naxçıvana gəliblər. İyulun 6-da Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə və akademiyanın Rəyasət Heyətinin üzvləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərində əzəmətlə ucalan abidəsini ziyarət edərək gül dəstələri düzüb, Heydər Əliyev Muzeyində olublar.
AZƏRTAC xəbər verir ki, muzeylə tanışlıq zamanı Ulu Öndərin həyat və fəaliyyəti, siyasi-nəzəri irsi haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, burada nümayiş etdirilən eksponatlar Ulu Öndərin ictimai-siyasi fəaliyyətini, keçdiyi həyat yolunu özündə əks etdirən dəyərli mənbələrdir.
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin üzvləri ulu öndər Heydər Əliyevin abidəsi önündə xatirə şəkli çəkdiriblər.
Sonra Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin üzvləri Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Bioresurslar və Təbii Ehtiyatlar institutlarında olub, bölmənin Distant Təhsil Mərkəzinin açılışında iştirak ediblər.
Məlumat verilib ki, bu gün Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində elmi-texniki yeniliklərin ən son nailiyyətləri tətbiq olunur. Son illər müasir informasiya texnologiyalarından istifadə elmi nailiyyətlərin artırılmasına səbəb olub, elektron kitabxana yaradılıb. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Distant Təhsil Mərkəzinin fəaliyyətə başlaması da bu baxımdan mühüm əhəmiyyət daşıyır.
Distant Təhsil Mərkəzi yaradılarkən bölmənin böyük akt zalında videokonfrans, kiçik akt zalında isə audiokonfrans sistemləri qurulub, hər iki zala optik kabel çəkilibdir. Mərkəzdə proyektor, kamera, 12 mikrofon və digər avadanlıqlar quraşdırılıb. Distant Təhsil Mərkəzi ölkəmizin və dünyanın istənilən elm mərkəzi ilə telekörpülərin yaradılmasına, eləcə də müştərək videokonfransların keçirilməsinə imkan verəcəkdir.
Mərkəzlə tanışlıqdan sonra Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutu ilə videobağlantı yaradılıb
AZƏRTAC
Azərbaycan.- 2015.- 7 iyul.- S. 3.