Azərbaycan-Fransa Hökumətlərarası
İqtisadi Komissiyasının
növbəti iclası
Parisdə keçiriləcək
Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov iyulun 6-da Bakıda səfərdə olan Fransa Respublikasının xarici ticarət, turizmin inkişafı və xaricdəki fransızlarla iş üzrə dövlət katibi, Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Matias Feklin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə Azərbaycanın qazandığı sosial-iqtisadi uğurlar barədə qonaqları məlumatlandıran Samir Şərifov iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu, Fransa şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini vurğulayıb, qarşılıqlı səfərlərin ölkələrimiz arasında münasibətlərin inkişafına mühüm töhfə verdiyini bildirib.
Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdıran Matias Fekl ölkəsini təmsil edən idmançıların və nümayəndə heyətinin Bakıdan böyük təəssüratla qayıtdığını diqqətə çatdırıb. Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının növbəti iclasının Parisdə keçiriləcəyini qeyd edən Matias Fekl iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran iqtisadi və digər sahələrlə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan.- 2015.- 7 iyul.- S. 3.