Bakı Slavyan Universitetinin könüllüləri mükafatlandırılıblar

 

Bakı Slavyan Universitetində (BSU) bu ali məktəbin “Bakı-2015” I Avropa Oyunlarında fəal iştirak etmiş universitet tələbələri ilə görüş keçirilib.

BSU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə universitetin rektoru professor Asif Hacıyev ilk Avropa Oyunlarının tarixi milli əhəmiyyətini qeyd edib, bu möhtəşəm tədbirin ölkəmizin dünya miqyasında böyük uğuru olduğunu vurğulayıb. Rektor Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın gənclərə göstərdiyi diqqət qayğıdan, könüllülərin bu oyunlarda iştirakının onların bir vətəndaş, mütəxəssis kimi formalaşmasına təsirindən danışıb. Qeyd olunub ki, BSU-nun 1077 tələbəsi I Avropa Oyunlarında 215 istiqamət üzrə fəal iştirak edib.

Könüllülərə təşəkkürünü bildirən A.Hacıyev onların bu möhtəşəm idman tədbiri zamanı qazandıqları təcrübədən universitetdəki ictimai işlərdə, gələcək fəaliyyətlərində uğurla istifadə edəcəklərinə əminliyini ifadə edib.

Görüşdə könüllülər I Avropa Oyunlarında fəaliyyətlərindən danışıb, təəssüratlarını bölüşüblər.

Sonda universitetin bir qrup tələbəsinə təhsil aldığı müəssisənin tələbə gənclər təşkilatında göstərdiyi uğurlu fəaliyyətə görə diplomlar təqdim olunub.

 

Azərbaycan.- 2015.- 7 iyul.- S. 3.