Tibb Universiteti tələbələrinin
215 nəfəri birinci
Avropa Oyunlarında həkim köməkçisi
kimi çalışıb
Azərbaycan Tibb Universitetindən (ATU) “Bakı-2015” birinci Avropa Oyunlarında könüllü kimi iştirak edən tələbələrin ümumi sayı 1000 nəfərə yaxın olub. Onlardan 400 nəfəri Səhiyyə Nazirliyinin müraciətinə əsasən ATU-nun Tədris Cərrahiyyə Klinikasında təlim keçiblər. Təlim keçən tələbələrin 215 nəfəri birinci Avropa Oyunlarında həkim köməkçisi kimi çalışıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri universitetin rektoru, akademik Əhliman Əmiraslanov "Bakı-2015"də könüllü kimi iştirak edən tələbələrlə görüşündə deyib.
Əhliman Əmiraslanov ilk dəfə Azərbaycanda keçirilən və dünyanın əksər ölkələrində böyük maraqla qarşılanan birinci Avropa Oyunlarının uğurla başa çatmasını vurğulayaraq bildirib: "İlk Avropa Oyunlarının açılış və bağlanış mərasimləri möhtəşəm oldu. Mən də Bakı Olimpiya Stadionunda idim, tələbələrimizi yaxından izləyirdim, onların fəallığı məni qürurlandırırdı. Bütün Avropa mediası Oyunların yüksək səviyyədə keçirilməsindən yazdı, telereportajlar hazırladı. Hər yerdə xalqımızın mehriban və qonaqpərvər olduğundan danışıldı. Qürur duyuram ki, birinci Avropa Oyunlarına Azərbaycanın çox qısa bir müddətdə hazırlaşmasına baxmayaraq nəticələr həddindən artıq yüksək oldu".
Qeyd edilib ki, Avropa tarixində ilk dəfə təşkil olunan bu Oyunlara ev sahibliyinin məhz Azərbaycana həvalə edilməsi beynəlxalq və Avropa Olimpiya hərəkatı tərəfindən ölkəmizdə görülən bütün işlərə, idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə verilən yüksək qiymətin təzahürüdür.
Görüşdə universitetdən ilk Avropa Oyunlarına qatılan könüllülərin yay istehsalat təcrübəsindən azad olunduqları da diqqətə çatdırılıb.
Sonda rektor ilk Avropa Oyunlarında yaxından iştirak etdikləri üçün könüllülərə minnətdarlığını bildirib.
Azərbaycan.- 2015.- 7 iyul.- S. 3.