Avropa Oyunları bədxahlara zərbə oldu

 

Tarixdə ilk dəfə keçirilən Avropa Oyunları yüksək səviyyədə təşkil olundu. Azərbaycanın evsahibliyi etdiyi mötəbər idman tədbiri möhtəşəm idman bayramı kimi yadda qaldı, qitə idmanının tarixinə parlaq səhifə yazdı. Avropalı idmançıların idman- sülh festivalını təşkil edənlərə minnətdarlığı sonsuzdur, çünki uğur qazanıb-qazanmamaqdan asılı olmayaraq, ilk qitə Oyunları kimi tarixi hadisənin şahidi və iştirakçısı oldular.

Təəssüf ki, eyni sözləri köhnə qitənin bir sıra siyasi dairələri haqqında demək mümkün deyil. Həmin dairələr Oyunların təşkilinə kömək etmək əvəzinə, təşkilatçı ölkəyə - Azərbaycana təzyiq göstərmək xətti götürdülər. İdmanı siyasətə qatıb aranı qarışdırmaq istəyən bu qüvvələr müxtəlif bəhanələrə əl atır, ölkəmizin formalaşan müsbət imicinə kölgə salmaq istəyirdilər. Özü də belə təzyiq cəhdləri rəsmi Bakı üçün yeni deyildir, ölkəmiz azad həyata qovuşan kimi başlamışdır.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bir çox iri dövlətlər demokratiya pərdəsi altında ölkəmizin daxili işlərinə müdaxilə etmək üçün hərəkətə keçdilər. Maraqlı dövlətlər ayrı-ayrı partiya liderlərinə dəstək verərək Azərbaycanı parçalamağa doğru aparırdılar. Pafoslu çıxışları ilə ictimaiyyəti aldadan “siyasi liderlər” mahiyyət etibarilə xarici qüvvələrə, ilk növbədə Qərb dövlətlərinə xidmət edir, onların diktəsi ilə fəaliyyət göstərirdilər. Nəticədə milli müstəqilliyin ilk illərində ölkədə vətəndaş itaətsizliyi, qardaş qırğını, ordu özbaşınalığı, dövlət çevrilişinə cəhdlər baş verdi. O vaxt dövlətimiz İraq, Yəmən, Misir, Suriya və Liviyanın bugünkü gününə düşə bilərdi. Nə yaxşı ki, taleyimizin xilaskarı Heydər Əliyev vardı. Nə yaxşı ki, Heydər Əliyev canından artıq sevdiyi xalqın çağırışına cavab verdi, həyatını təhlükə altına qoyaraq hakimiyyətə qayıtdı.

Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətini dağılmaqdan, xalqı parçalanmaqdan xilas etdi. Ölkə hərc-mərclikdən, anarxiyadan, qanunsuzluqdan qurtuldu, sabitlik bərqərar oldu. Bütün sahələrdə islahatlar aparıldı, davamlı inkişafın təməli qoyuldu. Müasir demokratik dövlət quruculuğu prosesi geniş vüsət aldı. Fərdi təşəbbüsü boğan sosialist təsərrüfatı sisteminin qalıqlarından imtina edilərək azad bazar iqtisadiyyatı yolu tutuldu. Bərabər imkanların yaradılması istiqamətində islahatlar həyata keçirildi. Ayrı-ayrı silahlı dəstələr ləğv edilərək ölkəni xarici təcavüzdən qorumaq, işğal altında olan əraziləri azad etmək qüdrətində olan ordu yaradıldı. Xalqda milli ruh, dövlətçilik, vətənpərvərlik hissi gücləndi. Ölkə vətəndaş qarşıdurmasından milli birliyə, vətəndaş sülhünə üz tutdu.

Hakimiyyətə topsuz-tüfəngsiz gələn Heydər Əliyev ölkənin problemlərinin həllində zora deyil, məhz xalqa arxalandı. Azərbaycanı boğan separatçılıq bilavasitə xalqın iradəsi ilə dəfn edildi. Xalq ayağa qalxıb separatçıları yerində oturtdu, dövlətini müdafiə etdi.

Heydər Əliyevin böyük dövlət xadimi kimi qətiyyəti özünü “Əsrin müqaviləsi” imzalandıqdan sonra baş verən dövlət çevrilişi cəhdlərinin qarşısının alınmasında aydın şəkildə göstərdi. 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında baş vermiş dövlət çevrilişi cəhdləri məhz Heydər Əliyevin yenilməz qətiyyəti, siyasi bacarığı ilə iflasa uğradı. Azərbaycan xalqı qanuni hakimiyyəti müdafiə etdi. Çevriliş cəhdlərinin qarşısının alınmasının Azərbaycan üçün tarixi əhəmiyyəti oldu. Heydər Əliyev göstərdi ki, Azərbaycan dövlət çevrilişləri üçün sınaq meydanı deyildir və bu fikrə düşənlərin cəhdləri uğursuzluğa düçar olacaq.

1995-ci ilin noyabrında müstəqil Azərbaycanın ümumxalq səsverməsi ilə qəbul edilmiş ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təmin edilməsini də dövlətin ali məqsədi kimi ön plana çıxardı. Konstitusiyada hakimiyyət bölgüsü prinsipi dəqiq əksini tapdı, zamanın tələbilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə fundamental hüquqi zəmin yaradıldı. Əsas Qanunda əksini tapmış müddəaların üçdə ikisinin məhz insan hüquqları ilə bağlı olması da ulu öndərin insan hüquqlarına necə böyük həssaslıqla yanaşmasının təcəssümüdür.

Ulu öndər Heydər Əliyevin milli müstəqilliyin möhkəmləndirilməsi naminə misilsiz xidmətlərindən biri də özündən sonra siyasi varisliyi təmin edəcək qüdrətli lider yetişdirməsidir. Ötən 12 ildə ulu öndərin müəyyənləşdirdiyi siyasi strategiyanı uğurla davam etdirən Prezident İlham Əliyevin fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə onun xalqına və dövlətinə qəlbən bağlı dövlət xadimi olduğu bir daha aydın görünür. Ölkə başçısı özünün dövlətçilik konsepsiyasını məhz ulu öndər Heydər Əliyevin müəllifi olduğu strateji kurs üzərində formalaşdırır və onu yeni dövrün tələblərinə uyğun zənginləşdirməyə çalışır. Dövlət başçısı xalqı Heydər Əliyev ideyaları ətrafında birləşdirir, özünü azərbaycanlı sayan, bu mənsubiyyətdən qürur duyan hər kəsi ulu öndərin ideyalarının reallaşdırılması istiqamətində səfərbər edir.

Prezident İlham Əliyev daxildə möhkəm ictimai-siyasi sabitliyə, qanunçuluğa nail olmadan, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda kompleks addımlar atmadan xarici siyasət sahəsində hansısa uğurlu nəticə əldə etməyin qeyri-mümkünlüyünü dəfələrlə bildirmişdir. Dövlət başçısının yeritdiyi uğurlu diplomatiya sayəsində dünya siyasətinə təsir imkanları getdikcə artan Azərbaycanın bütövlükdə Avratlantika coğrafi arealında sülh, tərəqqi və əməkdaşlıq mərkəzinə, habelə beynəlxalq əhəmiyyətli enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrildiyi getdikcə daha qabarıq sezilir.

Azərbaycan hazırda sülh və əməkdaşlıq diyarı kimi tanınır. Belə bir müsbət imicin formalaşmasında cənab İlham Əliyevin təşəbbüsü ilə respublikamızda keçirilən beynəlxalq toplantıların əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Avropa ailəsinə inteqrasiya edən Azərbaycan cəmiyyəti bütün liberal dəyərləri mənimsəmiş, insan hüquq və azadlıqlarının təminatı, demokratikləşmə sahəsində mühüm uğurlara imza atmışdır.

Eyni zamanda dövlət gənc nəslin sağlam böyüməsini strateji məqsədlərindən biri kimi müəyyənləşdirərərk bu istiqamətdə ardıcıl addımlar atdı. Nəticədə böyük idmançı ordusu yarandı və dünya miqyasında öz sözünü deməyə başladı. Digər tərəfdən, Azərbaycan beynəlxalq idman turnirlərinə evsahibliyi edən ölkələrin sırasına qoşuldu. Yurdumuzda son irimiqyaslı idman tədbiri

I Avropa Oyunları oldu.

Şad gündə dost sevinər, düşmən isə çatlar. İlk Avropa Oyunlarına evsahibliyinin Azərbaycana həvalə edilməsi və ölkəmizin bu mühüm idman tədbirini yüksək səviyyədə təşkil etməsi uğurlarımızı gözü götürməyənlərin iç üzünü bir daha açıb göstərdi. Bizim, əslində həm də bütün Avropa dövlətlərinin şad günündə iştirak etməli, xeyir-dua verməli olanların bəziləri aşkar xəbislik nümayiş etdirdilər. Avropanın idman-sülh festivalını baykot etməyə cəhd göstərdilər, amma alınmadı. Azərbaycan Oyunları yüksək səviyyədə keçirməklə yanaşı, Avropadakı bədnam dairələrin təzyiq cəhdlərini heçə endirdi, idmanı siyasətə qatmaq istəyənlərə yerlərini göstərdi.

Xoşbəxtlikdən, avropalı siyasətçilərin Azərbaycana münasibətdə qərəzli mövqeyinə sərt reaksiya Avropanın özündən də gəlirdi. Bir çox vicdanlı siyasətçilər həqiqətin gözünə dik baxmağı, qərəzlə reallığı bir-birindən ayırmağı bacardılar. Bu baxımdan iyunun 12-də - I Avropa Oyunlarının açıldığı gün Almaniya Bundestaqının Azərbaycanda insan hüquqlarına dair keçirdiyi bədnam dinləmələr zamanı “Sollar” partiyasını təmsil edən deputat, parlamentin xüsusi xidmət strukturlarına nəzarət komitəsinin sədri Andre Hanın çıxışı ibrətamiz idi. Almaniya Bundestaqının 631 üzvündən vur-tut 35-nin iştirakı, onlardan da cəmi 21-nin lehinə səs verməsi ilə qəbul olunmuş Azərbaycan əleyhinə məlum qətnamə layihəsinin müzakirəsi zamanı ciddi siyasətçi kimi tanınan Andre Han demişdir: “Azərbaycanda insan və vətəndaş hüquqları ilə bağlı situasiyada ayrı-ayrı pozuntuların olduğunu istisna etmirəm. Lakin bu, Azərbaycanı əsassız tənqid atəşinə tutmaq üçün səbəb deyil. İnsan hüquqlarına riayətin təminatından danışırıqsa, Almaniyanın özündə insan hüquqlarının tapdanmasından niyə bəhs etmək istəmirik?! Hökumətimiz Avropa İnsan Hüquqları Məhkəməsinin bir sıra qərarlarını hələ də icra etmək istəmir. O ki qaldı Bakıda keçirilən I Avropa Oyunlarına - bu turnir ilk əvvəl idman yarışıdır. İdmanı isə siyasətlə qarışdırmaq olmaz. Unutmayın ki, Almaniya Milli Olimpiya Komitəsi də I Avropa Oyunlarının Bakıda keçirilməsinin lehinə səs verib və bu səbəbdən idman yarışlarına ikili standartlar tətbiq etməməliyik. Avropa Oyunları kimi yarışlar ABŞ-da keçirilsəydi, Bundestaqın hörmətli deputatlarının ABŞ-da insan hüquqlarına riayətin təminatına siyasi qiymət verməyə cəsarət edəcəklərini, xüsusilə də bununla bağlı qətnamə çıxarmağa cəsarət edəcəklərini düşünmürəm. Onu da xatırladım ki, Azərbaycandan fərqli olaraq, ABŞ-da edam cəzası hələ də ləğv olunmayıb. Sonda bildirmək istərdim ki, müzakirəyə çıxarılmış qətnamə layihəsində Azərbaycanla bağlı ancaq mənfi məqamlar sadalanıb, bu ölkədə müsbət işlər barədə bir kəlmə də deyilməyib”.

Alman deputatının çıxışı əleyhdarlarımızın barəmizdə qərəzli məqsədlə dedikləri və etdiklərinə, deyəcəkləri və edəcəklərinə ən tutarlı cavab idi. Bu eyni zamanda bədxahlarımızın iç üzünü bir daha açıb göstərdi, onların ikili standartlara söykənərək Azərbaycana təzyiq göstərmək üçün insan hüquqlarından bəhanə kimi istifadə etdiklərini sübuta yetirdi. Bu həm də uğurlarımızı gözü götürməyənlərə sarsıdıcı zərbə idi.

 

Fəxrəddin AĞAMİRZƏYEV,

hüquqşünas

 

Azərbaycan.- 2015.- 7 iyul.- S. 4.