Portuqaliya Olimpiya Komitəsinin
prezidenti ilk Avropa Oyunlarının yekunlarına
dair xüsusi müraciət yayıb
Portuqaliya Olimpiya Komitəsinin prezidenti Joze Manuel Konstantinyo birinci Avropa Oyunlarının başa çatması ilə əlaqədar xüsusi müraciət yayıb.
Müraciətdə deyilir ki, Portuqaliya çoxprofilli idman yarışlarında uğurları nadir hallarda qeyd olunan ölkələrdəndir. Lakin birinci Avropa Oyunlarında iştirakı bunun əksini göstərdi. “Biz Bakıda əsl komanda olmağı bacardıq və bu, bizim əsas uğurumuzdur”, - deyə Portuqaliya Olimpiya Komitəsinin prezidenti bildirib.
Avropa Oyunlarını izləmək üçün Bakıya gedən J.M.Konstantinyo yarışlar başa çatmamış səhhətində yaranan narahatlığa görə ölkəsinə qayıtmışdı. O, müraciətində bu məsələyə toxunaraq deyib ki, Portuqaliyaya qayıtsa da yarışları diqqətlə izləməkdə davam edib. O, ilk Avropa Oyunlarının yüksək təşkilatçılığından və ölkəsinin idmançılarının çıxışından aldığı təəssüratı xəstəliyinə ən yaxşı dərman adlandırıb.
Portuqaliya Olimpiya Komitəsinin prezidenti qeyd edir ki, I Avropa Oyunları idman tarixinin yeni və şərəfli səhifəsidir.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon
Azərbaycan.- 2015.- 7 iyul.- S. 5.