Hamdi Güneş: “Bakı-2015” ilk Avropa Oyunları mükəmməl şəkildə təşkil edilmişdi

 

Mükəmməl şəkildə təşkil edilən “Bakı-2015” ilk Avropa Oyunları öz möhtəşəmliyini əvvəldən sonadək saxladı. İlk Avropa Oyunları ilə bağlı Azərbaycanın qazandığı mühüm uğur Türkiyə idmançılarının da ən böyük mükafatıdır. Beynəlxalq idman ictimaiyyəti uzun müddət “Bakı-2015” barədə qürurla danışacaq onun təcrübələrindən bəhrələnəcək.

Bu fikirləri Türkiyənin Triatlon Federasiyasının prezidenti Hamdi Güneş AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində bildirib. O deyib ki, rəhbərlik etdiyi təşkilat bu beynəlxalq idman yarışına üç idmançı ilə qatılmışdı. İdmançıların bu Oyunlarda iştirakının Rio Olimpiadası üçün böyük təcrübə olduğunu diqqətə çatdıran H.Güneş deyib: “Federasiyamızın təmsilçiləri yarışların yekununa görə birinci üçlüyə daxil ola bilməsələr , əldə etdiyimiz nəticələr bizim üçün gözlədiyimizdən daha artıqdır. İdmançılarımızdan ikisi ciddi zədə aldıqları üçün yarışlarda öz imkanlarından tam bəhrələnə bilmədilər”.

Federasiyanın prezidenti qeyd edib ki, Avropa Oyunlarında təşkilati işlərin yüksək peşəkarlıqla qurulması, hava limanında qarşılanmadan başlayan dəqiq hərəkət qrafikinə əməl olunması, Atletlər Kəndinin beynəlxalq standartlara uyğunluğu, idmançıların rahatlığı, düzgün yüksək səviyyədə qidalanmaları üçün nəzərdə tutulan zəruri təminatın mövcudluğu s. ilk Avropa Oyunlarından qürur duymağımız üçün əsas amillərdir.

 

 

Azərbaycan.- 2015.- 7 iyul.- S. 5.