Bolqarıstanın Azərbaycandakı səfiri Bakının Yay Olimpiya Oyunlarını
keçirməyə hazır
olduğunu bildirib
Bolqarıstanın “Standart” qəzetində bu ölkənin Azərbaycandakı səfiri Maya Xristovanın “Bakı Yay Olimpiya Oyunlarını qəbul etməyə hazırdır” sərlövhəli müsahibəsi dərc edilib.
Səfir Azərbaycanda ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirildiyini və əlamətdar hadisə kimi tarixə düşdüyünü bildirib. O, Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq idman tədbirlərində uğurla təmsil olunmağa başladığını deyib. M.Xristova ilk Avropa Oyunları kimi önəmli bir tədbiri təşkil etməklə Azərbaycanın idman sahəsinə böyük marağının olmasını bir daha nümayiş etdirdiyini vurğulayıb. Əlavə edib ki, Avropa Oyunları Azərbaycanın Yay Olimpiya Oyunlarına ev sahibliyi etməsinə hazır olduğunu sübuta yetirdi.
Diplomat ilk Avropa Oyunlarının açılışında Bolqarıstanın Baş nazirinin, bağlanışında isə Prezidentinin iştirak etdiyini xatırladıb. M.Xristova may ayında Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna da Bolqarıstanın yüksək vəzifəli rəsmi şəxslərinin qatıldıqlarını diqqətə çatdırıb. O, Azərbaycanın müxtəlif sivilizasiyaların, mədəniyyətlərin və dinlərin yaxınlaşmasına, qarşılıqlı anlaşmaya və hörmətə öz töhfəsini verməyə çalışdığını bildirib.
Səfir müsahibəsində Azərbaycan-Bolqarıstan münasibətlərindən də bəhs edib. O, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fond tərəfindən Bolqarıstanın Veliko-Tırnovo şəhərindəki “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpası işlərinin həyata keçirilməsini ölkələrimiz arasındakı möhkəm dostluq münasibətlərinin göstəricisi olduğunu vurğulayıb.
M.Xristova Azərbaycan ilə Bolqarıstan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib, kənd təsərrüfatı, turizm, nəqliyyat, tikinti və bir sıra sənaye sahələrinə qarşılıqlı marağın getdikcə artdığını diqqətə çatdırıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya
Azərbaycan.- 2015.- 7 iyul.- S. 5.