İnsan amilinin yüksəlişinə
xidmət edən inkişaf strategiyası
Hər bir fərdin
maraq və mənafeyini əsas götürən bu strategiya həm də əhalinin sağlam həyat tərzinin təmin olunmasına istiqamətlənib
Müstəqilliyini bərpa edəndən sonra Azərbaycanın tarixinə yazılan unudulmaz uğurları çoxdur. Neft müqavilələrinin imzalanması, karbohidrogen ehtiyatların nəqli üçün kəmərlərin inşa olunması, Bakı-Tbilisi-Qars dəmiryol xəttinin çəkilməsi, kosmosa peykin göndərilməsi, “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsinə başlanılması, “Cənub” qaz dəhlizinin təməlinin qoyulması, BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi və bu quruma rəhbərlik etməsi Azərbaycanın 24 ildə əldə etdiyi möhtəşəm uğurların bir qismidir.
Bu günlərdə isə I Avropa Oyunlarını yüksək səviyyədə başa vurmaqla Azərbaycan daha bir misilsiz uğura imza atdı. Bir çox ölkələrin təşkilatçılıq səviyyəsinə görə həsəd apardığı bu idman yarışı Azərbaycanı bir daha dünyaya tanıtmaqla ölkəmizin beynəlxalq səviyyədə ən gözəl təqdimatı oldu. Ən əsası, I Avropa Oyunları Azərbaycanın dünya birliyindəki yerinin möhkəmlənməsinə, nüfuzunun, imicinin daha da yüksəlməsinə böyük töhfələr verdi.
Bəli, biz bu cür möhtəşəm idman tədbirinə evsahibliyi etmək kimi güclü imkana cəmi 24 ildə nail olmuşuq. Lakin müstəqilliyimizin bərpasından sonrakı ilk illərdə hətta kiçik idman tədbirlərinə evsahibliyini sadəcə arzu edə bilərdik. Çünki o dövrdə ölkənin salındığı böhranlı vəziyyət idmandan da yan ötməmişdi. Diqqətsizlik və laqeyd münasibət sovet illərindən qalan idman komplekslərinin də dağılmasına, atletlərimizin başqa ölkələrə üz tutmasına gətirib çıxarmışdı. İdmanın tənəzzüldən xilas olması və inkişaf etdirilməsi üçün, sözsüz ki, ilk növbədə dövlətin bu sahəyə münasibətində dəyişiklik yaranmalı idi. Həm də ona görə ki, müasir dünyamızı idmansız təsəvvür etmək mümkün deyil. Çünki idman fiziki sağlamlıqla yanaşı, insanları mənəvi ucalığa, ədalətə və dostluğa dəvət edir. İnsanlarda həyata nikbinlik yaradır, onlara yaşamaq eşqi, zövq və istirahət verir. Bu mənada bütün dövrlərin ən maraqlı fenomeni olan idman cəmiyyətin bütün sosial qruplarına nüfuz etdiyi, insanların əmək və həyat fəaliyyətinə, yaşayış tərzinə, etik-əxlaqi dəyərlərə, hətta millətlərarası və dövlətlərarası münasibətlərə güclü təsir göstərdiyi üçün bütün sivil cəmiyyətlərdə dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
Ulu öndər Heydər Əliyev idmanın cəmiyyətdə oynadığı rolu həmişə yüksək qiymətləndirmiş, bu sahəni daim özünün şəxsi nəzarəti və qayğısı altında saxlamışdır. Təsadüfi deyil ki, 1993-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyev hakimiyyət sükanının arxasına keçdikdən az sonra idmanı da diqqət mərkəzinə gətirdi. Məhz onun sayəsində Azərbaycan xaos və anarxiya girdabından çıxdığı kimi, gənc nəslin fiziki, mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi məsələləri və bu aspektdə idmanın inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi. Ulu öndər əldə edilmiş nəticələrlə daim maraqlanır, idmançı və məşqçilərin əməyini yüksək dəyərləndirir, onlara mübarizlik, iradə və qətiyyət aşılayırdı. Məhz ulu öndərin idmançılara təqdim etdiyi dövlət mükafatları ilə həm də müstəqil, gənc Azərbaycan dövlətində bu yeni ənənənin əsası qoyuldu.
Cənab İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçiləndən sonra isə respublikamızda Olimpiya hərəkatının inkişafında da yeni mərhələ başladı. İlk olaraq bu sahədəki real vəziyyət araşdırıldı, Olimpiya ideallarının təşəkkül tapmasına mane olan səbəblər müəyyənləşdirildi. Ölkəmizin Olimpiya ailəsinə qoşulmasını, olimpiya oyunlarında iştirakını təmin etmək, ən əsası, idmanı inkişaf etdirmək, bu sahədə müasir infrastruktur formalaşdırmaq, idmançıların sosial vəziyyətini yaxşılaşdırmaq, beynəlxalq yarışların Azərbaycanda keçirilməsinə nail olmaq, idmanın kütləviliyini artırmaq, uşaq və yeniyetmələri idmana cəlb etmək kimi məsələlər MOK-un fəaliyyətinin əsas istiqamətləri oldu. 2000-ci ildən etibarən Azərbaycanın müxtəlif bölgələrində müasir tipli olimpiya idman kompleksləri tikilib istifadəyə verilməyə başladı. 2000-ci ildə Sidneydə keçirilən olimpiya oyunlarında 2 qızıl və 1 bürünc, 2004-cü ildə Afinada keçirilən olimpiya oyunlarında 1 qızıl və 4 bürünc, 2008-ci ildə Pekində keçirilən olimpiya oyunlarında 1 qızıl, 2 gümüş və 4 bürünc, 2012-ci ildə Londonda keçirilən olimpiya oyunlarında isə 2 qızıl, 2 gümüş, 6 bürünc medalın qazanılması Azərbaycanda Olimpiya hərəkatının və idmanın inkişafının göstəricisidir.
Bu gün də Azərbaycanda dövlət siyasətinin tərkib hissələrindən biri idmanı inkişaf etdirməklə gənclərin fiziki və mənəvi baxımdan sağlamlığını təmin etməkdir. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi bu siyasəti Prezident İlham Əliyevin layiqincə davam etdirməsi nəticəsində qazanılan uğurlar həqiqətən qürurvericidir. Son illər Azərbaycanın, demək olar ki, bütün bölgələrində idman infrastrukturu yenidən qurulub, ən müasir beynəlxalq standartlara cavab verən 40-dan artıq olimpiya idman kompleksi, müxtəlif təyinatlı digər idman qurğuları atletlərin ixtiyarına verilib. İdmançılarımız da bu qayğıya cavab olaraq hər il müxtəlif yarışlarda onlarca qızıl medal qazanırlar. Bu onu göstərir ki, respublikamızda idman siyasəti layiqincə həyata keçirilir, ölkə rəhbərliyi gənc nəslin fiziki-mənəvi sağlamlığına çalışır, idman və bədən tərbiyəsinin inkişafı və kütləviliyinin təmin edilməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsini diqqətdə saxlayır. Bu sırada əhalinin sağlam həyat tərzinin təmin olunması məqsədilə hər bir vətəndaşın bədən tərbiyəsi və idmanla məşğul olması üçün şəraitin yaradılması, xəstəliklərin, zərərli vərdişlərin aradan qaldırılmasında bədən tərbiyəsi və idman vasitələrindən istifadə olunması, respublikanın şəhər və rayonlarında idmanın maddi-texniki bazasının gücləndirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması kimi məsələlər dövlət siyasətinin əsasını təşkil edir.
Ötən ay keçirilən I Avropa Oyunlarında Azərbaycan idmançılarının 21-i qızıl, 15-i gümüş, 20-si bürünc olmaqla 56 medal qazanmaları, komanda hesabında Avropa ölkələri arasında ikinci yerə çıxmaları ölkəmizdə reallaşan idman siyasətinin real nəticəsidir. 50 ölkə arasında ikinci yerə çıxmaqla Azərbaycan həm də böyük idman ənənələri olan əksər dövlətləri geridə qoydu. Məsələn, Böyük Britaniya idmançıları 18, almanlar isə 16 qızıl medal qazana bildilər. Ona görə bu nailiyyət tək idmanımızın deyil, həm də ölkəmizin möhtəşəm uğurudur. İyunun 29-da I Avropa Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və Oyunların təşkilində xidmətləri olan xarici tərəfdaşlarla görüşdə Prezident İlham Əliyev bu barədə deyib: “İdmanda əldə edilən uğurlar müəyyən bir baza əsasında yaranır. Bu bazanı biz yaratmışıq. Artıq neçə ildir ki, biz idmanın inkişafı ilə çox ciddi məşğul oluruq. İdmançılar, klublar, federasiyalar, idman cəmiyyətləri, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, biz hamımız birlikdə idmanı inkişaf etdiririk. Təsadüfi deyil ki, dünya, Avropa çempionatlarında, olimpiya oyunlarında bizim idmançılarımız ən yüksək kürsüyə qalxırlar. Bu dəfə isə bu Oyunlar Azərbaycan idmanının, Azərbaycan dövlətinin təntənəsidir”.
Azərbaycanın inkişaf strategiyası bütün məziyyətləri ilə yanaşı, paralel olaraq insan amilinin yüksəlişinə xidmət edir. Hər bir fərdin maraq və mənafeyini əsas götürən bu strategiya həm də əhalinin sağlam həyat tərzinin təmin olunmasına istiqamətlənib. Odur ki, idmanın inkişafı, vətəndaşların fiziki sağlamlığının qorunması bu siyasətin prioritet xətti kimi yüksək idealları özündə ehtiva edir. Bunun nəticəsidir ki, Azərbaycanda idmanın bütün növləri inkişaf edir, hər bir vətəndaşın idmanla məşğul olması üçün yeni-yeni imkanlar yaradılır.
Rəşad CƏFƏRLİ,
Azərbaycan.- 2015.- 8 iyul.- S. 1.