Rəy sorğusunun nəticələri:
Azərbaycan Prezidentinin
reytinqi 90 faizə yaxınlaşır
Azərbaycan əhalisinin ölkə Prezidenti İlham Əliyevə etimadı yüksəkdir. Bunu “Rəy” Monitorinq Mərkəzinin iyulun əvvəlində ölkə üzrə keçirdiyi ictimai rəy sorğusunun nəticələri göstərir.
Cavablardan görünür ki, əgər prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, səsvermə məntəqələrinə yollanacaq respondentlərin tam əksəriyyəti, yəni 89,7 faizi öz səslərini hazırkı dövlət başçısı İlham Əliyevə verərdi.
“İlham Əliyev sizin kimi insanların maraqlarına cavab verirmi?” sualına respondentlərin 86 faizə yaxını “bəli, cavab verir” (tam və ya qismən), cəmi 3 faizi “xeyr, cavab vermir”, bir o qədəri isə “əsasən cavab vermir” deyə bildirib. Qalan 8 faiz respondent bu sualı cavablandırmaqda çətinlik çəkib.
Ölkə əhalisinin 73 faizi Azərbaycan Prezidenti postunda İlham Əliyevə alternativ görmür.
Sorğu, həmçinin göstərib ki, prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, rəyi soruşulanların əksəriyyəti (61 faiz) birmənalı olaraq səsverməyə qatılardı. Daha 22 faiz “yəqin ki, iştirak edərdim” cavab variantını seçib. Səsverməyə getməyəcəklərini deyən respondentlər isə 9 faiz təşkil edib. Qalan 8 faiz cavab verməkdə çətinlik çəkib.
Hesabat 2015-ci il iyulun 1-3-də keçirilmiş “omnibus” tipli ictimai rəy sorğusunun nəticələri əsasında hazırlanıb. Yaşayış yeri üzrə üzbəüz müsahibə yolu ilə keçirilən sorğuda yaşı 18 və yuxarı olan 1500 nəfər iştirak edib. Nisbi xəta 2,7 faizdir.
Əhalinin sosial stratifikasiyası, yaş və cinsi strukturunu proporsional şəkildə əks etdirən bu sorğu, təsadüfi seçmə metodu əsasında Azərbaycanın 10 sosial-iqtisadi zonası üzrə 36 yaşayış məntəqəsini əhatə edib.
AZƏRTAC
Azərbaycan.- 2015.- 8 iyul.- S. 1.