Radik
İSAYEV: “Cəsarətlə döyüşüb Vətənə
əsl övlad olduğunu göstərmək şərəfdir”
Kənardan asan görünən döyüşlərdə qan-tər axıtmağa dəyər. Çünki tarixə zəfər ancaq fiziki və zehni əməyin vəhdətiylə yazılır. Digər sahələrdə olduğu kimi, idmanda da qalibiyyət bayrağını döyüşlərə yaxşı hazırlıq keçənlər qaldırır. Bu şərəfə nail olan hər kəs xoşbəxtdir. Zaman-zaman zəfər bayrağını qaldıran döyüşçü-idmançılarımız az olmayıb. Onların ancaq qələbə sevincləri görünür, lakin, bir çox hallarda zirvələri fəth etmək üçün keçdikləri çətin, enişli-yoxuşlu yollar kadr arxasında qalır.
Son illər ölkəmizin idman tarixinə adını şərəflə yazanların sayı artmaqdadır. Bunun səbəblərindən birincisi ölkədə idmana marağın artırılmasıdırsa, ikincisi yaradılmış şəraitdir. Azərbaycanda son 15 ildə idman sahəsində qazanılan nailiyyətlər bir daha bunu söyləməyə əsas verir.
Respublikamızın sosial-iqtisadi və mədəni həyatındakı inkişaf göstəriciləri dünyanın aparıcı dövlətlərinin ictimaiyyəti tərəfindən də birmənalı şəkildə və hətta, heyranlıqla qəbul edilir. Azərbaycanın inkişaf modeli nümunə kimi öyrənilir. Bu sıraya idmanın adı qa qatılır. Azərbaycan idmanı son illər çox böyük sürətlə inkişaf yolu keçdiyini “Bakı-2015” I Avropa Oyunlarında özünü bir daha təsdiqlədi: 56 medal (21 qızıl, 15 gümüş və 20 bürünc olmaqla) qazanmaqla...
I Avropa Oyunlarına evsahibliyi kimi məsuliyyəti öz üzərinə götürməklə Azərbaycan dövləti ilk növbədə özünün inkişaf göstəricilərini nəinki Avropanın, əslində, dünyanın idman ictimaiyyətinin nəzərlərinə çatdırdı. Oyunların möhtəşəm açılışı və onun kimi maraqlı, rəngarəng proqramlı bağlanış mərasimləri ilə ölkəmizin və xalqımızın tarixi və mədəniyyəti, eləcə də idmana olan marağını dünyaya bir daha mesaj verdik. İdmançılarımız döyüş meydanlarına əsl cəsurlar və qaliblər kimi atıldılar. İdmanın ayrı-ayrı növləri üzrə döyüş meydanlarında rəqibinə qalib gələrək Azərbaycan bayrağını daha yüksəklərə qaldıran 56 medal qazanan cəngavərlərimizdən biri də dünya və Avropa çempionu Radik İsayev oldu. Bu gənc taekvondoçu 1989-cu ildə Dağıstanda anadan olub. Ailəlidir, iki övlad atasıdır. Atasını erkən itirmiş Radik idman aləminə atılmağında, çətin döyüşlərdən cəsarət və qələbələrlə çıxmasında anasının daha çox payı olduğunu düşünür. Azərbaycana sevgisi də bu ölkənin həm idmana marağı, həm də burada yaradılmış şəraitdir. Ona görə də Azərbaycan bayrağı altında döyüş meydanlarına çıxmaqdan qürur duyur. Adı bu günlər dillər əzbərinə çevrilən idmançıların sırasında şərəflə çəkilən Radik İsayevin “Bakı-2015” I Avropa Oyunlarında 80 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək qızıl medala yiyələnməsi onun həyatında yeni bir iz qoyacağına əmindir.
Qələbəyə aparan yol, təbii ki, asan olmur. Radik İsayev də bu yolu keçib. O, 80 kiloqramdan yuxarı çəki dərəcəsi üzrə yarışın yarımfinalında sloveniyalı İvan Konrad Trajkoviçlə gücünü sınadı. Radik rəqibinə çox yüksək - 17:2 hesabı ilə qalib gələrək finala vəsiqə qazananda da özünə güvəndi. Dünya çempionu Radik İsayev dörddəbir final mərhələsində beynəlxalq turnirlərin qalibi, niderlandlı Yeroen Vanroiylə qarşılaşanda onun özündən çox azarkeşləri həyəcanlanırdı. Rəqibini bu dəfə 8:6 hesabı ilə məğlub edən idmançımız yarımfinala yüksəldi.
Radik İsayevin idman həyatının səhifəsinə qızıl hərflərlə yazılan günlərdən biri də 19 iyun 2015-ci il tarixidir. O gün kişilər arasında 80 kiloqramdan yuxarı çəki dərəcələrində taekvondoçular qüvvələrini sınayırdılar.
Xatırladaq ki, Radik İsayev I Avropa Oyunlarından öncə Rusiyanın Çelyabinsk şəhərində keçirilən dünya çempionatının da qızıl medalını qazanmışdı.
Radik İsayev dörddəbir finalda Hollandiya təmsilçisini məğlub etdikdən sonra ikidəbir finalda yenə də çətinlik çəkmədən qələbə qazandı. İkinci hissənin gedişində Radik 15 xal fərqi ilə önə keçdiyindən, döyüş yarımçıq dayandırıldı. Beləliklə, dünya çempionu R.İsayev finala vəsiqə qazandı. Finalda taekvondoçunun rəqibi Rusiya idmançısı Vladislav Larin idi. Rəqibini 4:3 hesabı ilə məğlub edən Radik İsayev I Avropa Oyunlarının çempionu adına layiq görüldü. Bununla da o, Azərbaycana 13-cü qızıl medalı qazandırdı. Medalı Radik İsayevə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdim etdi. Bütün bunlar dünya çempionunun həyatında qızıl hərflərlə yazılan tarixi anlardır.
I Avropa Oyunlarında uğurlu çıxışa görə Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2015-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilmiş Taekvondo Federasiyasının böyük məşqçisi Elnur Amanov deyir ki, R.İsayev Meksikada keçirilən dünya çempionatında Azərbaycan bayrağını iki il bundan öncə, 2013-cü ildə qaldırıb. 2014-cü ildə isə Azərbaycanda keçirilən Avropa çempionatının qalibi olan Radik İsayev bu il həmçinin dünya çempionatında 1-ci yerə layiq görülüb: “Azərbaycan Taekvondo Federasiyasında 14 ildən sonra (Koreyada ilk dünya çempionumuz Niyaməddin Paşayev olmuşdu) qazanılan ən böyük nailiyyət idi. Bununla yenidən 2-ci dünya çempionu Azərbaycana gəldi. Bizdən sonra MDB dövlətləri arasında dünya çempionu milliyyətcə özbək oldu. MDB dövlətlərində taekvondo üzrə
3 dünya çempionu var ki, onun ikisi Azərbaycandadır. Onlardan biri də Radik İsayevdir. Biz Radikin gücünə bələd olduğumuzdan, onun I Avropa Oyunlarında da qalib gələcəyinə inanırdıq. Amma bu, o qədər də asan məsələ deyildi. O, buna rahat nail olmadı. Çətin döyüşlər keçdi. Məsələ bundadır ki, Radik İsayevdən fərqli olaraq, həmin 3 dünya çempionunun ikisi bu yarışlarda məğlub oldu. Biz məşqçilər də həddən artıq həyəcan içərisindəydik ki, Radik bu çətin yarışdan qalib çıxacaqmı?! Amma düşünürdük ki, 6 ay ərzində gərgin keçirilən məşqlər bəhrəsini verməli idi. Taekvondo üzrə dörd qızıl medalın üçünü Azərbaycan qazandı. Şükürlər olsun ki, Radik İsayev ona bəslənilən ümidləri doğrultdu. Bu, ilk növbədə xalqımızın, dövlətimizin, idmançının və nəhayət, onu hazırlayan məşqçilərin qələbəsidir. Bu qələbə, əlbəttə, Azərbaycan Taekvondo Federasiyasının nailiyyətidir. Uğur və nailiyyətlər, təbii ki, yalnız idmançının təkbaşına qazandığı hesab edilə bilməz. Burada kollektiv əməyin nəticəsi özünü göstərir. Yarışlara qədər məşqlərin hansı dərəcədə keçirilməsindən də çox şey asılıdır. Elə olurdu ki, gün ərzində 2-3 dəfə məşqlər keçirirdik.
İyunun 16-19-da taekvondo üzrə keçirilən yarışlarda 8 idmançımız döyüşürdü. Ümumi 5 medalımız oldu: 3 qızıl, 1 gümüş və 1 bürünc. 3-cü qızılı Radik İsayev qazandı”.
Həmsöhbətimiz Azərbaycan bayrağını I Avropa Oyunlarında da səmalara qaldıran Radik İsayevi qarşıda gözləyən məşqlərə də aydınlıq gətirdi: “I Avropa Oyunları xalqımız və dövlətimiz üçün olduqca vacib məsələdir. Açılış və bağlanış mərasimlərinin möhtəşəmliyi dünyanı heyran qoydu. Bu Oyunlar bitsə də, idmançılarımızı qarşıda neçə-neçə gərgin döyüşlər və qələbələr gözləyir. İyunun 29-dan yenidən məşqlərə başlamışıq. İyul ayında 20 xallıq turnirimiz var. Olimpiya Oyunlarında iştirak etmək üçün xallar toplamalıyıq. Avqust ayında Türkiyənin Samsun şəhərində “Qran-pri” turnirimiz olacaq. Növbəti yarış İngiltərənin Mançester şəhərində, “Qran-pri”nin son finalı isə Meksikada keçiriləcək. Ona görə də yarışlara indidən ciddi hazırlaşmalıyıq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı,”Bakı-2015” I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva, ailə üzvləri, eləcə də Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərovun yarışlar keçirilən arenada birbaşa oyunları izləmələri idmançılarımızın mübarizə əzmini qat-qat yüksəldirdi. Radik İsayev də bunu dəfələrlə bildirib”.
“I Avropa Oyunları qaliblərinin və Azərbaycan idmanının inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2015-ci il tarixli sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülən Radik İsayev vaxtının əsas hissəsini döyüşlərə həsr etdiyini, özü haqqında, ümumiyyətlə, ətraflı danışmağı sevmədiyini dedi: “Azərbaycan idmanına və idmançılarına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısı, MOK-un prezidenti cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk. Oyunlar başa çatdıqdan sonra qaliblərin özlərinə və onların məşqçilərinə yüksək dəyər verərək dövlətin ali mükafatları ilə təltif etməsi üzərimizə daha böyük məsuliyyət qoyub. Bizi bundan sonra gözləyən döyüşlərdən də qələbə ilə çıxmaq üçün bu təltiflər ruhvericidir. Çalışacağıq ki, göstərilən etimadı bundan sonra da doğruldaq. Qaldı ki rəqibim üzərindəki qələbəyə, revanş götürmək istəyirdim, çünki bundan öncə iki dəfə ona uduzmuşdum. Qələbə üçün imkanlarımdan istifadə etdim”.
Avropa Oyunlarında bütün rəqiblərini məğlub edərək qızıl medala yiyələnən təcrübəli idmançı final matçının onun üçün çətin keçdiyini də etiraf etdi: “Hansı hisslər keçirdiyimi sözlə ifadə etməkdə çətinlik çəkirəm. Bunu anlamaq üçün gərək o hissləri yaşayasan. Hər bir idmançı istəyir ki, yarışı medalla başa çatdırsın. Bu cür mötəbər yarışda uğur qazanmaq heç də asan deyil. Avropa Oyunlarına çox yaxşı hazırlaşmışdım. Ancaq onu deyim ki, Bakıya güclü idmançılar gəlib. Ona görə də mübarizələr çətin olur. Bu cür mötəbər yarışda uğur qazanmaq heç də asan deyil. Amma əsas odur ki, qızıl medal qazandım. Mənim üçün bu çox dəyərlidir.
Final görüşüm çox çətin keçdi. Rəqibim güclü idmançı idi. Ancaq vətənimdə keçirilən yarışda ona uduzmamalı idim. Azarkeşlərin böyük dəstəyi və xüsusən də Azərbaycan Prezidenti İlham Əliyevin final qarşılaşmasına baxması ilk dəqiqələrdə məndə bir qədər həyəcan yaratdı. Lakin özümü toplaya bildim. Hər bir idmançı dövlətinin bayrağını ən yüksəklərə qaldırmaq üçün mübarizə aparır. Mənə də qızıl medal sevinci qismət oldu. Qürurlanıram ki, qızıl medalı mənə Prezident İlham Əliyev təqdim etdi. Hər bir idmançımıza bu sevinci yaşamasını arzulayıram. Azarkeşlərimizə də xüsusi təşəkkürümü bildirirəm.
Bir ildən sonra Braziliyada Olimpiya Oyunları keçiriləcək. Ona bir qədər vaxt var. Yaxşı hazırlaşmaq lazımdır. Çünki mənim üçün Olimpiada böyük önəm kəsb edir. Orada da birinci olmağı arzulayıram. Ancaq bunun üçün öncə lisenziya qazanmaq lazımdır. Mən buna var gücümlə çalışacağam.
Məni dəstəkləyənlərə, o cümlədən məşqçilərimə təşəkkür edirəm. İndi çox xoşbəxtəm. Həmişəki kimi, qələbəni valideynlərimə həsr edirəm. Bu il mənim üçün uğurlu keçir. Dünya çempionu olmuşdum, indi isə I Avropa Oyunlarının qalibi adını qazandım”.
...Bu da bir taledir, hər kəsə nəsib olmayan, həm də çoxlarının arzuladığı... Şərəflidir, amma, həm də çətin. Sevindiricidir, həm də kədərli: qaliblərlə məğlublar arasında gedən döyüşlər kənardan asan görünə bilər. Cəsarətlə döyüşüb Vətəninə əsl övlad olduğunu göstərmək şərəfdir! Bu şərəfi yaşamaq və yaşatmaq da hünərdir! Hünəriniz qalibiyyət, zəfər bayrağınız enməz olsun, Azərbaycan idmançıları!
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.- 2015.- 8 iyul.- S. 3.