Azərbaycan Avropa Oyunları ilə dünyaya sülh mesajı verdi

 

Avropa isə “Bakı-2015”lə Azərbaycanı yenidən kəşf etdi

 

“Bakı-2015” I Avropa Oyunları başa çatsa da, Azərbaycanın 17 günlük fantastik idman bayramına evsahibliyi etməsi hələ uzun müddət müzakirə mövzusu olacaq. İlk fikirlər, rəylər belədir ki, idman tarixində yeni səhifə açan Azərbaycan böyük uğura imza atıb. Əks-təqdirdə, dünyanın aparıcı KİV-ində ilk Avropa Oyunları ilə bağlı hər gün maraqlı yazılar, təhlillər, araşdırmalar, səfər təəssüratları geniş yer almazdı. Yəqin ki, Azərbaycanda keçirilən yarışları izləyən əcnəbi turistlər və media nümayəndələri hələ uzun müddət öz təəssüratlarını bölüşəcəklər.

Biz isə Azərbaycan xalqının yaddaşında xoş iz buraxan Avropa Oyunları ilə bağlı Milli Məclisin deputatlarının bir neçəsinin fikrini öyrəndik.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə: -

I Avropa Oyunları ilə Azərbaycan dünyaya bir daha öz qüdrətini göstərdi. Dövlətimiz bu beynəlxalq idman bayramına ən yüksək formada evsahibliyi etməklə ölkəmizə qarşı aparılan bütün çirkin kampaniyaları ifşa etdi. Dünya Azərbaycanın necə qonaqpərvər və idman ölkəsi olduğuna şahidlik etdi: “Gözlənildiyi kimi açılışı da, bağlanışı da çox möhtəşəm oldu. Fantastik açılış mərasimində qədim tariximiz çox gözəl tamaşa və səhnə tapıntıları ilə dünyaya göstərildi. Bu həm şou, həm də dünyaya Azərbaycanı tanıtmaq imkanı idi. Yaddaşlardan silinməyəcək açılış mərasimi böyük bir bayramın uğurlu keçəcəyinə yaxşı zəmanət idi”.

Avropa Oyunlarının dünya standartları çərçivəsində keçirilməsi, qonaqların, idmançıların təhlükəsizliyi təminatını üzərinə götürən Azərbaycan dövləti bu işin də öhdəsindən məharətlə gəldi. İdmançılarımızın tarixi uğurları isə Avropa Oyunlarına daha da gözəllik verdi: “İdman tariximizdə çox böyük uğura imza atan Azərbaycan atletləri onlara bəslənən ümidləri doğrultdular. Həqiqətən açıq-aydın göründü ki, Azərbaycan idmanında böyük inkişaf var. Rusiya yığmasından sonra 2-ci yeri tutmaqla bir daha idman ölkəsi olduğumuz dünyaya bəyan oldu. Hələ Oyunlardan öncə idmançılarımızın verdiyi açıqlamalardan da hiss olunurdu ki, atletlər yarışlara çox ciddi hazırlaşıblar. Ancaq etiraf edək ki, heç kim Avropa Oyunlarında Azərbaycanın 21-i qızıl olmaqla 56 medal qazanacağını gözləmirdi. Lakin Azərbaycan idmançıları bunu da bacardılar və tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarının birinci səhifəsinə adlarını yazdırdılar”. Avropa Oyunlarının bağlanış mərasimi də açılış kimi möhtəşəm keçdi. Stadiona toplaşan minlərlə insanın Azərbaycan himnini birlikdə oxumasından yalnız və yalnız fəxr, qürur, iftixar hissi keçirmək olar. Azərbaycanın Avropa Oyunları ilə bağlı müəyyənləşdirdiyi yeni standartlar isə növbəti Oyunları keçirəcək ölkələr üçün yəqin ki, əlçatmaz nümunə oldu. 12500-dən artıq könüllünün dəstəyi nəticəsində ilk Avropa Oyunları tarixə çevrildi. Hər gün bu gənclər Azərbaycanın adını uca tutmaq üçün əllərindən gələni etdilər.

A.Mirzəzadə sonda bildirdi ki, Azərbaycana gələn əcnəbilər doğrudan da bir tərəfdən müasir, digər tərəfdən koloritli Şərq ölkəsi gördülər: “Azərbaycan onlara yaxın və bir daha qayıtmaq arzusunda olduqları ölkə təəssüratı yaratdı. Hesab edirik ki, I Avropa Oyunları Azərbaycanın bir çox xüsusiyyətlərini tamamilə ortaya qoydu. Onlardan biri də Avropanın Azərbaycanı özü üçün yenidən kəşf etməsidir. Ona görə də həm turist axınının, həm ölkəmizdə investisiya qoymaq istəyən şirkətlərin sayının artmasına, həm universitetlərdə təhsil almaq, həm də Azərbaycanla bağlı müəyyən araşdırmalar aparmaq istəyən insanların və təşkilatların sayının çoxalacağına ümid edirik”.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Elman Məmmədov: - Azərbaycan dünya idmanı tarixində yeni açdığı səhifə ilə həm də özünü dünyaya tolerant, mədəniyyətlərarası inkişafın ən yüksək səviyyədə olduğu bir dövlət kimi təqdim etdi. Ancaq Azərbaycan təkcə bu yarışa yüksək səviyyədə evsahibliyi etməklə kifayətlənmədi, həm də Avropa Oyunlarının yeni standartlarını tətbiq etdi. Dünyaya sülh, barış və əsl islam dövləti nümunəsini göstərdi. Bütün göstəricilərlə verilən proqnozları, gözləntiləri doğrultdu. Mən əvvəlcədən bu qənaətdə idim ki, Azərbaycan Avropa Oyunlarına evsahibliyi etməklə bərabər ən çox medal qazanan ölkələr sırasında olacaq. Həqiqətən də nəhəng Avropa dövlətləri və öz idman tarixlərində yüksək nəticələr göstərmiş ölkələr sırasında Azərbaycanın 56 medalla 2-ci yeri tutması böyük uğurdur. Açılış mərasimindən başlamış bağlanış mərasiminə qədər 17 gün ərzində dünyanın bütün qitələrində milyonlarla tamaşaçı əsl idman bayramının şahidi oldu. Bağlanış mərasimi də açılış mərasimi kimi möhtəşəm, təkrarolunmaz, hamını heyran qoyan səviyyədə keçirildi. Açılış mərasimi Azərbaycanın tarixini, milli-mənəvi dəyərlərini, mədəniyyətini əks etdirən kompozisiyalardan ibarət idisə, bağlanış mərasimi Azərbaycanın müasir dövrünü, dinamik inkişafını, gələcəyini əks etdirən orijinal, hələ uzun müddət yaddaşlardan silinməyəcək möhtəşəm bir tədbir kimi tarixdə qalacaq.

Avropa Oyunlarına təkcə idman bayramı kimi yanaşılmamalıdır. Çünki bu yarış həm də Azərbaycanın bütövlükdə dünyaya təqdimatı idi və bu da uğurla nəticələndi. Azərbaycan öz uğurlarını, inkişafını, mədəniyyətini, incəsənətini və qonaqpərvərliyini hər kəsə nümayiş etdirdi. Ölkəmiz bir daha bəyan etdi ki, hər kəslə əməkdaşlıq etməyə hazırdır. Bunu Azərbaycana gələn hər bir əcnəbi də bildi. Ölkəmizə gələn xarici ölkə vətəndaşları Azərbaycan haqqında söylənən xoşagəlməz fikirlərin şər, böhtan olduğunu da öz gözləri ilə gördülər. Gördülər ki, söylənilənlər qərəzdən başqa bir şey deyil. Eyni zamanda Azərbaycan dünyaya sülh mesajı verdi.

E.Məmmədov onu da vurğuladı ki, Azərbaycanın qazandığı bu uğur Prezident İlham Əliyevin apardığı uğurlu fəaliyyətin nəticəsidir. Azərbaycan öz daxili və xarici siyasəti ilə doğru yoldadır. Bu isə ölkəmizin uğur göstəricisidir. Bu uğurlar Azərbaycanı qələbəyə daha da yaxınlaşdırır. Bu nailiyyət gələcəkdə ən mühüm qələbəmizə - Dağlıq Qarabağda qazanacağımız qələbəyə aparan bir uğurdur.

Eyni zamanda Azərbaycana gələn hər bir əcnəbi turist, idmançı və digər şəxslər Avropanın bəzi ölkələrində islam dövlətləri ilə bağlı aparılan çirkin kampaniyaların da yalan olduğuna şahid oldular. Əcnəbilər gördülər ki, müqəddəs Ramazan bayramında bəzi Avropa ölkələrində məscidlər yandırıldığı, partladıldığı halda Azərbaycanda katolik, provaslav kilsələr, sinaqoqlar fəaliyyət göstərir və dinlərarası münasibətlər ən yüksək formadadır. Bütün xalqlar burada mehriban, əmin-amanlıq şəraitində yaşayırlar.

Antiazərbaycançı şəbəkənin ölkəmizə qarşı apardığı çirkin kampaniya Azərbaycanı daim ayıq-sayıq olmağa sövq edir və ölkə ictimaiyyətini daha mütəşəkkil olmağa, xalqı ölkə Prezidenti ətrafında daha sıx birləşməyə, müstəqilliyimizi qoruyub saxlamağa çağırır. Avropa Oyunları ilə Azərbaycan dünyaya bəyan etdi ki, bu xalq qüdrətli, böyük və hər şeyə qadir olan, qarşısına qoyduğu məqsədə çatmağı bacaran xalqdır. Bununla hər bir azərbaycanlı qürur duyur, fəxarət hissi keçirir.

“I Avropa Oyunları Azərbaycan xalqını bir yumruq kimi birləşdirdi. Prezident İlham Əliyevin dediyi kimi, “Bakı-2015” cəmiyyətdə unikal əhval-ruhiyyə yaratdı və bir daha xalqımızın birliyinin nümayişinə çevrildi. Azərbaycan dünyadakı nüfuzunu daha da artıraraq parlaq gələcəyə sahib bir ölkə olduğunu nümayiş etdirdi”. Bu fikri isə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə söylədi. Deputatın firkincə, Azərbaycan Avropa Oyunlarının təşkilatçısı kimi ortaya qoyduğu nümunə ilə Yay Olimpiya Oyunlarını da belə yüksək səviyyədə keçirməyə qadir olduğunu göstərdi. Möhtəşəm açılış və bağlanış mərasimləri, yüksək səviyyədə qonaqpərvərlik, tolerantlıq, ən müasir tələblərə cavab verən idman arenalarında keçirilən yarışlar Azərbaycanın qüdrətinin nümayişi idi: “Əminliklə söyləyə bilərəm ki, Avropa Oyunları Prezident İlham Əliyevin qətiyyətli iradəsi sayəsində baş tutdu. Əgər dövlət başçısı Avropa Olimpiya Komitəsinin qərarına müsbət yanaşmasaydı, bu yarış reallaşmayacaqdı. Prezident riski nəzərə aldı və 30 aylıq qısa zamanda peşəkarlıqla Oyunların həyata keçirilməsinə dəstək verdi. İlk Avropa Oyunlarının Təşkilat Komitəsi isə inanılmazı gerçəkləşdirdi. Bu işdə Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın böyük xidmətləri oldu. Onun yüksək peşəkarlığı, dərin zəkası nəticəsində Avropa Oyunları ən yüksək səviyyədə təşkil olundu”.

Ç.Qənizadənin fikrincə, digər bir sevindirici məqam Avropa Oyunlarında Azərbaycan nümayəndə heyətinin ən yüksək formada iştirakı, 291 idmançımızın 56 medalla 2-ci sırada qərarlaşmasıdır. Atletlərimizin şanlı qələbələri Azərbaycanın adına yeni rekordlar müəyyənləşdirdi: “Azərbaycan Avropa Oyunlarına yüksək səviyyəli evsahibliyi etməsi ilə adını dünyanın idman tarixinə qızıl hərflərlə yazdı. İlk dəfə keçirilən idman yarışında Azərbaycan təmsilçisi Oleq Stepko 5 medala sahib çıxdı. Ölkəmiz güləşçiləri, karateçiləri, taekvondoçuları, boksçuları ilə fəxr etdi. Çünki onlar Avropada ən güclü olduqlarını sübut etdilər.

Azərbaycan bu beynəlxalq yarışı əsl idman bayramına çevirdi və hər kəs ölkəmizdən xoş təəssüratlarla ayrıldı. Söz yox ki, bu xoş hisslər əcnəbi idmançılar, media nümayəndələrinin xatirələrində gözəl iz buraxdı. 17 gün ərzində bayram libasına bürünən Azərbaycan isə idmançılarının yeni-yeni uğurları və belə böyük təntənəli bayramlarla hələ tez-tez qarşılaşacaq. Bütün bunlar yetişməkdə olan müasir Azərbaycan gəncliyində idmana marağı daha da artıracaq”.

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2015.- 8 iyul.- S. 4.