I
Avropa Oyunlarındakı uğurlar daha böyük qələbələrdən
xəbər verir
Vətənimizin I Avropa Oyunlarına evsahibliyi, yarışların təşkilində böyük iradə nümayiş etdirməsi, bütün maneələri dəf edərək uğurlarımızı gözü götürməyən qara qüvvələri məyus etməsi tarixi hadisədir. Ölkəmizə gələn 50-dən çox ölkənin nümayəndəsi, tanınmış idman xadimləri və hətta sıravi insanlar belə bu möhtəşəmliyi görüb etiraf edirlər. Axı ilkə imza atmaq və idman ölkəsi kimi tanınmaq hər xalqa, hər ölkəyə nəsib olmur.
O da sevindirici haldır ki, soydaşlarımız Oyunların gedişini və idmançılarımızın uğurlarını maraqla izlədilər. Sevinclərini sosial şəbəkələrdə paylaşmalarının özü də xalqımızın həmrəyliyindən, ruh yüksəkliyindən xəbər verirdi.
İlk Avropa Oyunlarının dövlətimiz üçün, xalqımız üçün nə qədər əhəmiyyət kəsb etdiyi artıq hər kəsə məlumdur. İdmançılarımızın uğurları, ölkəmizə gələn qonaqlar, turistlər - bunların hamısı Azərbaycanı dünyaya tanıtmaq, söz sahibi etməyə hesablanmış mühüm addımlar idi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hələ 2015-ci il yanvarın 27-dəki çıxışında qətiyyətlə demişdi: “Ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bu sahədə də nümunəvi ölkə olmalıdır. Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Biz bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq”. Bəli, Avropa Oyunları bir daha bu fikrin doğruluğunu təsdiq etdi: hər bir vətəndaş öz ixtisası, peşəsi, sənəti üzrə vicdanla, əzmlə çalışsa, xalqına, dövlətinə layiqli töhfəsini verə bilər.
Azərbaycanın, eləcə də bir çox ölkənin həyatında böyük bir hadisəyə çevrilən I Avropa Oyunları tarixə qovuşsa da, təsir gücünü hələ də qoruyub saxlamaqdadır. Xüsusilə açılış mərasimindən aldığımız təəssüratın yaddaşlardan silinməyəcəyinə əminik. Oyunların rəsmi açılış mərasimindəki səhnələr bu gün əvvəlkilərdən daha çox birliyə və anlaşmaya ehtiyacı olduğunun bir növ nümayişinə çevrildi. Məşəlin alovlanması və təntənəli atəşfəşanlıq, Azərbaycanın dövlət himninin səsləndirilməsi, Dövlət Bayrağının qaldırıması, daha sonra təxminən 5500 kilometr məsafəni qət edən Avropa Oyunlarının məşəlini sonuncu məşəlçi - paralimpiyaçı, Qarabağ savaşının qəhrəman iştirakçısı İlham Zəkiyevin stadiona gətirməsi hamıya unudulmaz anlar yaşatdı. Sonda həmin axşamın 2 min ifaçısının səhnəyə toplaşaraq mərasimi sevinclə, təntənəli şəkildə başa çatdırmaları, əl-ələ verərək Azərbaycanın milli rəqsi olan “Yallı”nı ifa etmələri həqiqətən xalqımız üçün bayrama, bizi sevməyənlər üçün isə gözdağına çevrildi.
Fəxarət hissi ilə bildirməliyik ki, bu Oyunlar zamanı Azərbaycanda həm də böyük bir könüllülük məktəbi yarandı. On yeddi min könüllünün gördüyü iş Oyunlara dəstək baxımından böyük töhfə oldu. Həmçinin Oyunlar zamanı azarkeşlik mədəniyyətimizin nümayişi də ürəkaçan idi.
Oyunlar üçün inşa edilən arenalar gələcəkdə də ölkəmizdə idmanın inkişafına xidmət edəcək. Ümumilikdə Avropa Oyunları üçün inşa edilən və yenidən qurulan idman obyektləri beynəlxalq idman qurumları tərəfindən bəyənilib. Artıq ölkəmizdə bir sıra dünya və Avropa əhəmiyyətli yarışların keçirilməsi ilə bağlı təkliflərin olduğu da bildirilir.
Ancaq I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında 2012-ci ilin dekabrında Romada Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında qərar qəbul ediləndə yəqin çoxları onun belə yüksək şəkildə təşkil olunacağını təsəvvür edə bilmirdi. O zaman bu qərarın qəbul edilməsində bir neçə amil öz sözünü dedi: Azərbaycanın inkişafı, siyasi-ictimai sabitliyi, beynəlxalq tədbirlərin təşkilində ortaya qoyduğu ideal təşkilatçılıq, idman ölkəsinə çevrilməsi, o cümlədən son 15 ildə idman infrastrukturunun tamamilə yenilənməsi. Doğrudan da, ölkəmiz son illər inkişaf tempinə görə dünyada qabaqcıllar sırasındadır. Ölkəmizdəki ictimai-siyasi sabitlik göz önündədir və ona heç kim xələl gətirə bilməz. Artıq xeyli vaxtdır beynəlxalq tədbirlər məkanına çevrilən Azərbaycanda 40-dan çox yeni Olimpiya kompleksi və digər idman qurğuları inşa olunaraq istifadəyə verilib. Bu sahədə həyata keçirilən dövlət siyasəti, Olimpiya ideallarının geniş təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi və digər tədbirlər nəticəsində ölkəmiz beynəlxalq idman yarışlarının keçirildiyi məkana, dünyanın idman mərkəzlərindən birinə çevrilib. Bütün bunlar isə Azərbaycanın Avropa Oyunlarına evsahibliyi etməyə tamamilə haqqı çatdığının bariz nümunəsidir.
Bir sözlə, Azərbaycan iki il yarım ərzində ən mükəmməl hazırlıq işlərini yüksək səviyyədə həyata keçirdi və bütün Avropaya nümunə göstərdi. Bu müddətdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi I Avropa Oyunlarının Təşkilat Komitəsi əzmkar, yorulmaz və gərgin fəaliyyəti ilə bu idman müsabiqəsinin qüsursuz keçirilməsi üçün əlindən gələn hər şeyi etdi. Müddətin az olmasına baxmayaraq, Təşkilat Komitəsi hazırlıq işlərini vaxtından əvvəl başa çatdırdı. Həmin dövrdə Bakıda 5 yeni möhtəşəm idman qurğusu inşa edildi. Digər idman kompleksləri ən müasir standartlar səviyyəsində yenidən quruldu. Atletlər və Media kəndləri xarici qonaqları heyran etdi. Bütün bunlar dünyada idman ölkəsi kimi tanınan, Olimpiya hərəkatına dəstəyi dövlət siyasətinin əsas istiqamətlərindən biri seçən Azərbaycanın uğurlu inkişafının göstəricisidir.
Bakıya ilk dəfə gələn xarici qonaqlar da xalqımızı daha yaxından tanıdılar. I Avropa Oyunlarının Bakıda keçirilməsi həm də ölkəmizin dünyada təbliği oldu. Lakin o da məlumdur ki, Azərbaycanın uğurlarını həzm edə bilməyən müəyyən xarici dairələr Oyunlar başlamazdan əvvəl Azərbaycana qarşı şər, böhtan kampaniyasına başlamışdılar. Erməni lobbisi və ermənipərəst dairələr I Avropa Oyunları ərəfəsində də Azərbaycana qarşı hücuma cəhd göstərdilər, hətta AŞ PA-da Azərbaycanla bağlı qərar da qəbul olundu. Lakin həmişəki kimi, yenə də onların riyakar fəaliyyəti nəticəsiz qaldı, iflasa uğradı. Azərbaycan I Avropa Oyunlarını ən yüksək səviyyədə təşkil edib antiazərbaycançı dairələrin bütün məkrli planlarını alt-üst etdi.
Bu uğurların kökləri neçə il əvvələ gedib çıxır. Belə ki, ilk neft gəlirlərindən istifadə strategiyası müəyyən edilərkən ölkənin neftdən asılılığının qısa müddətdə azaldılmasının təmin olunması, daxili iqtisadiyyatı şaxələndirməklə Azərbaycanın dinamik və davamlı inkişafının təmin edilməsi yolu seçilərək qarşıya əsas vəzifə kimi qoyuldu. Bu vəzifəni yerinə yetirmək məqsədilə 2004-cü ildən başlayaraq Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı üç dövlət proqramı qəbul olundu. Birinci proqramın icrasının sonunda artıq məlum oldu ki, Azərbaycanın istehsal etdiyi ümumi daxili məhsulun 65 faizi qeyri-neft sektorunun hesabına formalaşır. Bu o deməkdir ki, büdcə gəlirlərinin də, digər sosial xərclərin də əsas yükü artıq neft və neft məhsullarının üzərindən götürülüb.
Mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və I Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə “Heydər Əliyev” ordeninə layiq görülən Mehriban xanım Əliyeva təltifetmə mərasimindəki çıxışı zamanı bu məsələyə də toxunub və Prezident İlham Əliyevə xitabən deyib: “Müstəqil Azərbaycanın hər bir qələbəsinin arxasında Sizin əməyiniz, biliyiniz, iradəniz durur. Çox sağ olun ki, biz bu gün qüdrətli, sabit, öz sözünü deyən və öz maraqlarını qoruyan dövlətin vətəndaşıyıq. Çox sağ olun ki, Sizin və Azərbaycan xalqının birliyi nəticəsində ölkəmiz belə inanılmaz nailiyyətlərə imza atıb. Oyunlara hazırlıq zamanı bizə göstərdiyiniz dəstəyə görə çox sağ olun. Ən çətin məqamlarda, ən dramatik anlarda Siz bizə arxa oldunuz. Sizin ölkəmizə, xalqımıza olan inamınız heç bir şübhə qoymurdu ki, hər şey əla olacaq və biz yenə də qələbə çalacağıq. Siz bir daha bütün dünyaya sübut etdiniz ki, heç bir qara qüvvə bizi hədəf seçib qorxuda bilməz və ədalət, xoş niyyət, xalqla birlik hər zaman zəfər çalacaq”.
Yerə gəlmişkən, dövri mətbuatda dərc edilən rəylərə baxdıqca, xarici qonaqların fikirlərini dinlədikcə görülən işin əhəmiyyəti, məsuliyyəti və əzəməti bir daha aydın olur. I Avropa Oyunlarına qatılan idmançılar özləri mübarizənin bu qədər gərgin və çətin olacağını əvvəlcədən bilirdilər. Çünki ölkəmizə gələn idmançılar arasında çoxlu sayda Olimpiya, dünya və Avropa çempionları var idi. Yarışlar həqiqətən gözlənildiyindən də gərgin mübarizə şəraitində keçdi. Bunu komandaların təmsilçiləri də təsdiqləyirlər.
Bəli, Azərbaycan ilk dəfə keçirilən Avropa Oyunlarını möhtəşəm təşkil etdi. Yarışların keçirildiyi günlərdə dünya ölkəmizin həm nümunəvi evsahibliyinin şahidi oldu, həm də xalqımızın nəyə qadir olduğunu gördü. Bir sözlə, Azərbaycan I Avropa Oyunlarının keçirilən ilk ölkə kimi adını tarixə qızıl hərflərlə həkk edə bildi. Təşkilatçılıq onu da göstərdi ki, gələcəkdə Azərbaycan dünyanın daha böyük idman tədbirlərinə də evsahibliyi edə bilər. Çünki dövlətin gücü, qüdrəti heç də onun ərazisi və ya əhalisinin sayı ilə ölçülmür. Dövlətin gücü onun iqtisadi-sosial potensialı, milli iradəsi ilə müəyyənləşir. Azərbaycan idman ölkəsi olmaqla bərabər, həm də vətəndaş cəmiyyəti normalarını bərqərar etmiş bir ölkədir.
I Avropa Oyunlarının uğurları daha böyük qələbələrdən soraq verir. Ölkəmizin son illərdəki uğurları işğalçı Ermənistanın və ermənipərəst qüvvələrin yuxusunu qaçırıb. 20 ildən artıqdır ki, bir milyondan artıq qaçqın və məcburi köçkünü olan Azərbaycanın haqq səsinə dünya biganədir. BMT-nın işğalçı Ermənistanla bağlı qəbul etdiyi 4 qətnaməsi hələ də kağız üzərində qalır. Buna baxmayaraq, dövlətimiz öz daxili və xarici siyasətini uğurla davam etdirir və bu gün ümumilikdə Azərbaycan regionda ən qüdrətli dövlət kimi tanınır və təsdiq edilir. Avropa Oyunları xalqın gücünü, lazım olanda bir yumruq kimi birləşməyə hazır olduğunu bir daha nümayiş etdirdi. Belə bir xalqın torpağı isə heç vaxt əbədi işğal altında qala bilməz.
Xanhüseyn
KAZIMLI,
Avrasiya Qiymətləndiricilər Birliyinin
sədri,
Milli
Məclisin deputatı, professor
Azərbaycan.- 2015.- 8 iyul.- S. 4.