Rəy: Azərbaycan əhalisi
ilk Avropa Oyunlarının
ölkəmizdə keçirilməsindən
və idmançılarımızın
uğurlarından qürur
duyur
İlk Avropa Oyunları artıq tarixə çevrildi. Avropa idman rəsmilərinin də etiraf etdikləri kimi, iyunun 12-dən 28-dək Bakının ev sahibliyi etdiyi bu idman tədbiri öz səviyyəsinə və təşkilatçılığına görə Yay Olimpiya Oyunlarından geri qalmadı. Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki deyib ki, Azərbaycan bu idman yarışının yüksək standartlarını formalaşdırdı.
Bəs Azərbaycan əhalisi İlk Avropa Oyunlarının təşkilini necə qiymətləndirir? Ümumiyyətlə, onlar bağlanış mərasimini izləyiblərmi və əgər izləyiblərsə bu, onlarda hansı təəssüratlar oyadıb? İdmançılarımızın çıxışlarını necə qiymətləndirirlər?
“Rəy” Monitorinq Mərkəzinin 2015-ci il iyulun 1-dən 3-dək keçirdiyi ümummilli ictimai rəy sorğusu məhz bu suallara həsr olunub. Sorğuya yaşı 18 və yuxarı olan 1500 respondent cəlb edilib. Nisbi xəta 2,7 faiz təşkil edir.
Nəticələr göstərir ki, Azərbaycanda birinci Avropa Oyunlarının açılış mərasimi kimi, bağlanış mərasimi də böyük maraqla qarşılanıb. Bağlanışdan sonra rəyi soruşulanların 79 faizi mərasimi izlədiklərini qeyd edib.
Bağlanış mərasiminə baxanların 91 faizi şounu televiziya vasitəsilə, 1 faizə qədəri stadiondan, 8 faizə qədəri isə internet vasitəsilə izlədiyini qeyd edib.
Rəyi soruşulanların 70 faizi bağlanış mərasiminin onlarda qürur hissi doğurduğunu, 12 faizi belə səviyyəli yarışlardan həzz aldıqlarını qeyd edib. Cəmi 4 faizə qədər respondent onlar üçün heç bir fərqin olmadığını və buna əhəmiyyət vermədiklərini, 3 faizi heç bir hiss keçirmədiklərini bildirib. Rəyi soruşulanların yalnız 1 faizi bu cür yarışların keçirilməsindən narazılıq bildirib. 12 faiz respondent isə bu sualı cavablandırmaqda çətinlik çəkib.
Əgər Oyunların açılışından dərhal sonra, iyunun 13-15-də keçirilən sorğuda ölkə əhalisinin 80 faizə qədəri Oyunları izləyəcəklərini deyirdisə, bağlanışdan sonra keçirilmiş sorğuda respondentlərin 88 faizi yarışları izlədiklərini, qalan 12 faizi isə ümumiyyətlə idmanla maraqlanmadıqlarını bildirib.
“Sizcə, hansı idman növündə Azərbaycan idmançıları daha da yaxşı çıxış edə bilərdilər?” sualına respondentlərin 23 faizi güləşi, 16 faizi voleybolu (əsasən qadınlar arasında), 20 faizi isə digər idman növlərini göstərib. Otuz bir faiz respondent bu sualı cavablandırmaqda çətinlık çəkib.
Ölkə əhalisinin 94 faizi Azərbaycan idmançılarının çıxışını uğurlu, yalnız 1 faizi uğursuz qiymətləndirib. Beş faiz respondent isə bu sualı cavablandırmaqda çətinlık çəkib.
“Azərbaycan idmançılarının çıxışını necə qiymətləndirirsiniz?” sualına respondentlərin 63 faizi komandamızın gözlədiklərindən də yaxşı, 27 faizi gözlədikləri kimi, 1 faizi pis çıxış etdiyini bildirib. Doqquz faiz respondent sualı cavablandırmaqda çətinlık çəkib.
“Avropa Oyunlarında çıxış edən Azərbaycan idmançılarından hansını bu Oyunların qəhrəmanı hesab edirsiniz, yaxud hansı idmançı özünü daha yaxşı göstərdi?” sualına ölkə əhalisinin 26 faizi ilk Avropa Oyunlarının məşəlini alovlandıran paralimpiyaçı çempionumuz İlham Zəkiyevi bu Oyunların qəhrəmanı hesab etdiklərini bildirib. Respondentlərin 9,3 faizi Toğrul Əsgərovu, eyni sayda insan Rafael Ağayevi, 7,3 faizi Rəsul Çunayevi, 7,1 faizi Oleq Stepkonu, 8,3 faizi isə digər idmançıları bu oyunların qəhrəmanı hesab etdiklərini bildirib. Otuz dörd faiz respondent bu sualı cavablandırmaqda çətinlık çəkib.
Məlum olduğu kimi, belə genişmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi ucuz başa gəlmir. Ölkə əhalisinin 72 faizi hesab edir ki, ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi sadəcə mədəni hadisə deyil, həm də dünyanı Azərbaycanla tanış etmək imkanı idi. Bu səbəbdən də rəyi soruşulanların əksəriyyəti Oyunların təşkilinə çəkilmiş xərclərin özünü doğrultduğu qənaətindədir. Cəmi 10 faiz respondent bu fikri bölüşmür, çünki bunu bədxərclik hesab edir. On səkkiz faiz respondent isə bu sualı cavablandırmaqda çətinlık çəkib.
Rəyi soruşulanların 83 faizi hesab edir ki, Oyunların keçirilməsi üçün infrastrukturun yaradılması idmanla məşğul olmaq imkanlarımızı artırmaqla yanaşı, həm də gələcəyə sərmayələrin qoyulması deməkdir, 11 faizi isə bu rəyi bölüşmədiyini qeyd edib. Altı faiz respondent bu suala cavab verməkdə çətinlik çəkib.
“Dünyada baş verənlər göstərir ki, biz informasiya müharibələri şəraitində yaşayırıq. Bu dövrdə istənilən fakt siyasi çalar alır, onun ətrafında şayiələr dolaşmağa başlayır. Avropa Oyunlarının Azərbaycanda keçirilməsi də istisna deyil. Bu tədbirin ətrafında əsl informasiya savaşı gedir. Sizcə Azərbaycan bu döyüşləri udur, yoxsa uduzur?” sualına ölkə əhalisinin 72 faizi Azərbaycanın bu savaşı udduğunu, cəmi 7 faizi isə uduzduğunu qeyd edib. İyirmi bir faiz respondent cavab verməkdə çətinlik çəkib.
Sorğu zamanı o da məlum olub ki, ölkə əhalisinin 86 faizi 2017-ci il İslam Həmrəylik Oyunlarının Azərbaycanda keçirilməsi ideyasina müsbət və yalnız 8 faizi mənfi münasibət bəsləyir. Altı faiz respondent cavab verməkdə çətinlik çəkib.
AZƏRTAC
Azərbaycan.- 2015.- 8 iyul.- S. 5.