Li
RENİ: Simurq quşu
alovun içindən qurtulub dirçələn
kimi, Bakı da xoşagəlməz sovet keçmişinə əlvida deyib
Macarıstanda ingilis dilində çıxan “The Budapest Times” qəzetinin daimi müəllifi, kanadalı Li Reni bu günlərdə Bakıda keçirilmiş I Avropa Oyunlarını qitənin tarixində “ən böyük oyunlar” adlandırıb. O qeyd edib ki, Oyunlar ilk növbədə öz təmsilçiliyi ilə fərqlənib: yarışlarda dünyanın 200 çempionu, 150 olimpiya medalçısı, o cümlədən 59 nəfər qızıl medalçısı iştirak edib. Onlarla yanaşı, böyük ümidlər verən gənc idmançılar da çıxış ediblər. Təkcə Macarıstan komandasını 200 atlet, o cümlədən üç il bundan əvvəl Londonda kürsünün ən yüksək pilləsinə qalxmış doqquz atlet təmsil edib.
Adlı-sanlı idmançılarla gənclərin birgə iştirakından başqa, Bakıda keçirilmiş Oyunları fərqləndirən cəhətlərdən biri də, Reninin fikrincə, olimpiya və qeyri-olimpiya idman növlərinin əlaqələndirilməsi olub. Müəllif 12 növ üzrə idmançıların Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiadasına vəsiqə qazanmaq uğrunda mübarizə apardıqlarını nəzərə alaraq I Avropa Oyunlarının əhəmiyyətini yüksək qiymətləndirib.
Müəllif yazır ki, “Eurovision” mahnı müsabiqəsinin Bakıda keçirilməsi təcrübəsi I Avropa Oyunlarının Azərbaycana həvalə edilməsinə səs verənlərin rəğbətini qazanmaqda Azərbaycan paytaxtına kömək edib. Oyunlara hazırlaşmaq üçün isə Azərbaycanın cəmi 30 ay vaxtı olub. Reninin fikrincə, bu yaxınlaradək bir çox avropalıların Bakı haqqında heç təsəvvürü belə yox idi və çoxları bu ölkənin adını düzgün tələffüz edə bilmirdi. Jurnalist deyib: “SSRİ dağıldıqdan sonra Simurq quşu alovun içindən qurtulan kimi, Bakı da ilk növbədə öz enerji ehtiyatları hesabına dirçəldi. Köhnə yollar modernləşdirildi, təzə yollar salındı. Köhnə tikililər söküldü, onların yerində Dubaydakı kimi yeni, müasir göydələnlər ucaldıldı. Ölkə açıq, müasir, Avropa xalqı imicinin formalaşdırılması kursunu götürüb”.
Reni Azərbaycanın paytaxtına valeh olduğunu gizlətmir. Müəllif öz təəssüratlarını bölüşərək yazır: “Bu gün Bakı öz yaşıl qazonları, təmizliyi və müasir idman obyektləri ilə sovet keçmişindən ona miras qalmış görüntülərdən çox uzaqdır. Sovetlərdən ona miras qalanların yerində indi Simurq quşu kimi alovun içindən qurtulub dirçələn və möhtəşəm beynəlxalq tədbirlər keçirməyə hazır olan müasir bir Avropa şəhərini görürük”.
Pərvanə QARAYEVA,
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
Azərbaycan.- 2015.- 8 iyul.- S. 5.