“Sərhədçi” İdman
Olimpiya Mərkəzinin
atletləri indiyədək
375 qızıl medal qazanıblar
Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında “Sərhədçi” İdman Olimpiya Mərkəzinin idmançıları və məşqçiləri ilə görüş keçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yüksək diqqəti və dəstəyi, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın başçılıq etdiyi Təşkilat Komitəsinin rəhbərliyi ilə I Avropa Oyunlarının böyük uğurla keçirilməsinin dövlətimizin beynəlxalq nüfuzunun güclənməsi, ölkədə idmanın inkişafı üçün ciddi əhəmiyyət kəsb etdiyini vurğulayaraq qazanılmış möhtəşəm qələbələr münasibətilə idmançılara təbriklərini çatdırıb. Azərbaycan Prezidenti İlham Əliyevin xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birgə yarışlara gələrək idmançılarımıza dəstək verməsinin, qalib idmançılara medalları şəxsən təqdim etməsinin böyük ruh yüksəkliyi və əzmkarlıqla qarşılanması xüsusi qeyd olunub.
Sərhədçi idmançıların gələcək yarışlara hazırlığı və uğurlu iştirak məsələlərinə həsr olunan görüşdə “Sərhədçi” İdman Olimpiya Mərkəzinin məsul vəzifəli şəxslərinin məruzələri dinlənilib. Həmçinin 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin açılışını etdiyi “Sərhədçi” İdman Olimpiya Mərkəzinin bu illər ərzində paytaxt sakinlərinin, xüsusən də gənclərin sevimli idman ocağına çevrilməsi, burada 17 mindən artıq idman həvəskarının məşq etməsi, mərkəzin idmançılarının dünya və Avropa birinciliklərində, beynəlxalq və respublika turnirlərində 375 qızıl, 270 gümüş, 404 bürünc medal qazanmaları və bu göstəricilərin ildən-ilə artım dinamikası müsbət nailiyyət kimi diqqətə çatdırılıb.
Görüşdə I Avropa Oyunlarında və digər mötəbər beynəlxalq yarışlarda qalib gəlmiş sərhədçilərə medallar, ilkin və növbəti hərbi rütbələr təqdim olunub, idmançılara hərtərəfli şəraitin yaradılması və zəruri dəstəyin göstərilməsi barədə müvafiq tapşırıqlar verilib.
Azərbaycan.- 2015.- 8 iyul.- S. 6.