Dünya şöhrətli “Total”

 

“Total” Fransa şirkəti olsa da, bütün dünyada tanınır. Belə ki, bu qabaqcıl şirkət onlarca ölkədə neft hasil və emal edir, satır, neft-kimya məhsulları buraxır. “Total”, eyni zamanda, dünyamiqyaslı təbii qaz təchizatçısıdır və Sun-Power şirkətinin tərəfdaşı kimi günəş enerjisinin istehsalı sahəsində ikinci yerdədir. Şirkətin dünyadakı 10 minlərlə əməkdaşı insanların təhlükəsiz, təmiz və keyfiyyətli məhsullarla təmin olunmasına çalışır. Təcrübəli tərəfdaşlarla çalışmaq, həmçinin “Total”ın əməliyyatlarının iqtisadi, sosial və ekoloji cəhətdən faydasını artırır.

Bu il iyunun əvvəlində Bakıda keçirilən XXII Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində bu şirkət də iştirak edirdi. Geniş pavilyonu və zəngin ekspozisiyaları şirkətin dünənindən, bugünündən və gələcək perspektivlərindən söhbət açırdı.

Onlarca ölkədə səriştə toplayıb

“Total”ın dünyanın müxtəlif neft regionlarında həyata keçirdiyi əməliyyatlar çərçivəsində minlərlə insan işlə təmin edilib. Şirkət 13 ildən artıq hasilat dövrü üçün ehtiyatlara malikdir və 2014-cü ildə orta hesabla gündə 2,15 milyon barel neft ekvivalenti həcmində karbohidrogenlər çıxarıb. Şirkət tədqiqat və işlənmə proqramı daxilində ekstremal ətraf mühit və mürəkkəb geoloji quruluşa malik ərazilərdə ən çətin layihələri reallaşdırmağa qadirdir.

“Total” bunlara nəyin hesabına nail olur? İlk növbədə, bütün əməliyyatları həyata keçirərkən təhlükəsizliyin təmin edilməsi hesabına. Eləcə də karbohidrogenlərin hasilatı zamanı işin səmərəliyini daim artırır. Ətraf mühitə təsirlər minimuma endirilir. Əməliyyatların aparıldığı ərazilərdə sosial və iqtisadi inkişafa yardım göstərilir.

“Total” ən çətin sahələrdə çalışır. Bu da onun daim sınaqlardan keçməsinə səbəb olur. İş zamanı şirkət mütəxəssislərinin ixtiraçılıq qabiliyyəti üzə çıxır. Bunu hazırda şirkətin həyata keçirdiyi iki layihənin timsalında da görmək olar.

Anqolanın Qərbi Afrika sularında həyata keçirilən CLOV layihəsi dənizin dərinliklərində aparılan əməliyyatlar sahəsində şirkətin texnoloji imkanlarını və sənayedə liderliyini nümayiş etdirir. Gündə 160 min barel istehsal gücünə malik CLOV layihəsi çərçivəsində “Total” 34 dərin dəniz quyusunun nəzarətinə imkan verən qabaqcıl texnologiya ilə işləyir. Dəniz səviyyəsindən 1100 və 1400 metr dərinlikdə yerləşən quyular FPSO-ya (Hasilat, Toplanma və Yükboşaltma üçün Üzən Qurğu) birləşdirilib. Hasilat plana əsasən 2014-cü ilin iyununda başlanıb.

Avstraliyanın şimal-qərbində həyata keçirilən “İchtys” layihəsində “Total”ın 30 faiz paya sahib olması şirkətin mayeləşdirilmiş təbii qaz istehsalının bütün mərhələlərində həlledici rola malik olduğunu göstərir. Bu layihə 50 quyu vasitəsilə Browse hövzəsində suyun 250 metr dərinliyində yerləşən nəhəng qaz-kondensat yatağından hasilatı nəzərdə tutur. Quyular üzən nəhəng platformaya birləşdiriləcək və qaz buradan 900 kilometrlik sualtı xətlərlə Darvində fəaliyyət göstərən mayeləşdirmə zavoduna çatdırılacaq. İldə 8,4 milyon ton mayeləşdirilmiş təbii qaz vermək gücünə malik layihə əsasən Asiya bazarını təchiz etməyə yönəldilib. Hasilata 2016-cı ilin sonunda başlanılacağı gözlənilir.

30 ilə yaxındır “Total” fotovoltaik günəş enerjisi sahəsində də uğurlara imza atır. Burada etibarlı, səmərəli və ucuz texnologiyalardan istifadə edilir. 2011-ci ildə şirkət bu sektorda əməliyyatlarını genişləndirərək aparıcı operator olan Sun-Powerin əsas səhmdarına çevrilib. Bu o deməkdir ki, “Total” günəş enerjisi istehsalı sahəsində dünyanın yeni lideri olmaq üçün strategiya həyata keçirir.

Xəzər regionuna 1993-cü ildə gəlib

“Total” Xəzər regionunda 1993-cü ildən fəaliyyət göstərir. Onun burada çalışan şirkətlər sırasında özünəməxsus mövqeyi var. Şirkət bu regiona dünyanın müxtəlif bölgələrində həmkarları ilə əməkdaşlıq edərək qazandığı zəngin təcrübəni gətirib.

Müxtəlif regionlarda işləyərkən şirkətin əməkdaşları yataqların kəşfiyyatı və karbohidrogenlərin hasilatı zamanı bir çox çətinliklərə rast gələrək sınaqlardan çıxmışlar.

Məlumdur ki, Xəzər dənizində də bir sıra texniki çətinliklər mövcuddur. Burada coğrafi mövqe qazmanı və işlənməni çətinləşdirir, üstəlik, digər dənizlərə çıxış olmadığına görə qazma qurğularının lazımi ünvana çatdırılmasında çətinliklər yaranır.

Suyun dərinliklərində hərəkət edən substrat, qaztərkibli üst geoloji təbəqələr, aşağı laylarda yerləşən yüksək təzyiqli sular və palçıq vulkanları əlavə çətinliklər ortaya çıxarır. Təhlükəsizliyi təmin etmək üçün bu amillərlə bağlı xüsusi mühəndis və dizayn işləri tələb olunur. “Total”ın səriştəsi belə bir mühitdə müvəffəqiyyətlə işləməyə imkan verir.

“Total” Qazaxıstandakı Şimali Xəzər Əməliyyat Şirkətində (ŞXƏŞ) böyük rola malikdir. ŞXƏŞ “Kaşaqan” neft yatağını əhatə edən Şimali Xəzər dənizi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin əməliyyatçısıdır. Xatırladaq ki, “Kaşaqan” son 40 il ərzində dünyada kəşf olunan ən böyük neft yataqlarından biridir və hazırda işlənməkdədir.

“Total”ın Xəzər regionundakı fəaliyyətini əks etdirən xəritədə onun Qazaxıstanın quru ərazisində yerləşən “Nurmunay” yatağının işlənməsində də operatorluq etdiyi və 75 faizlik iştirak payına malik olduğu göstərilir.

Tacikistanda da “Total” dəst-xəttinə rast gəlmək mümkündür. Belə ki, şirkət “Boxtar” yatağının işlənməsi layihəsinin tərəfdaşlarından biridir. Burada 33,33 faizlik payla iştirak edir. Hazırda yataqda ikiölçülü seysmik tədqiqatlar vasitəsilə kəşfiyyat işləri aparır.

“Total”ın Türkmənistanda da nümayəndəliyi var. Şirkət burada uzunmüddətli əməkdaşlıq imkanlarını nəzərdən keçirir.

Azərbaycanda işləməkdən məmnunluq duyur

“Total” ölkəmizdə 20 ilə yaxın fəaliyyət göstərir. “Total” E&P Azerbaijan” şirkətinin baş meneceri Denis Lemarchal yazır: “Total” şirkəti Azərbaycan ofisini 1996-cı ildə açmışdır. Ölkədə fəaliyyət göstərdiyi ilk gündən şirkətin məqsədi qarşılıqlı maraq kəsb edən strateji layihələrdə iştirak etməklə Azərbaycan Respublikası ilə uzunmüddətli əməkdaşlığı inkişaf etdirməkdən ibarət olub”.

Hazırda “Total” Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəmərinin 11 səhmdarından biridir. Layihədə 5 faizlik iştirak payına malikdir. Məlum olduğu kimi, BTC ilə daşınan neft 2006-cı ilin ortalarından dünya bazarlarına yola salınır. “Total”ın da digər tərəfdaşlar kimi xam neftin BTC ilə təhlükəsiz və ahəngdar nəqlində böyük əməyi var.

“Total”ı Azərbaycanda həm də əməliyyatçı şirkət kimi tanıyırlar. Belə ki, hələ 2009-cu il fevralın 27-də ARDNŞ və “Total” “Abşeron” dəniz blokunun kəşfiyyatı, işlənməsi və Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) imzalayıblar. Sazişə əsasən, kəşfiyyat mərhələsində əməliyyatçı qismində “Total” çıxış edəcək. İşlənmə mərhələsində isə “Total” və ARDNŞ əməliyyatların idarə edilməsi üçün birgə şirkət yaradacaqlar.

Xatırladaq ki, “Abşeron” Xəzər dənizində Bakıdan 100 kilometr aralıda suyun 500 metrlik dərinliyində yerləşir. 2011-ci il sentyabrın 1-də “Total” burada iri qaz yatağının aşkarlandığını elan edib. Belə ki, “Abşeron x-2” quyusu 270 kvadratkilometrlik geniş strukturun şimal tərəfi boyunca yüksək keyfiyyətli qumlarda 500 futluq kumulyativ qaz layını aşkar etməyə imkan verib. Rezervuarların strukturun bütün şimal hissəsi üzrə yayıldığı güman edilir. Aparılan ilk araşdırmanın nəticələri quyuda bir neçə trilyon kubfut qaz və kondensatın olduğunu təsdiq edib.

Kəşfiyyat qazması zamanı bir sıra çətinliklər ortaya çıxıb. Lakin mütəxəssislərin fikrincə, “Total”ın böyük səriştəsi və zəngin təcrübəsi sayəsində onları dəf etmək və işi uğurla başa çatdırmaq mümkün olub.

Yatağın kəşfindən sonra ilkin layihə işlərinə başlanıb. Bu işlərin bir hissəsi kimi dənizdə və quruda geotexniki, geofiziki, metereoloji və topoqrafik tədqiqatlar aparılıb. Bu zaman bir sıra müasir texnologiyadan müvəffəqiyyətlə istifadə edilib.

Konseptual tədqiqat başa çatdıqdan sonra “Abşeron” layihəsinin birinci mərhələsi üçün işlənmə sxemi seçilib. Şirkət işlənmə proqramını hökumət orqanlarına bu ilin sonlarında təqdim etməyi nəzərdə tutub.

İctimaiyyətlə dostluq edir

Azərbaycan ictimaiyyəti “Total”ı həm ölkəmizin neft layihələrindəki etibarlı tərəfdaşı, həm də özünün dostu kimi tanıyır. Çünki “Total” həm BTC-nin digər səhmdarları ilə birlikdə, həm də fərdi şəkildə bir sıra sosial-iqtisadi sahələrə dəstək verir. Məsələn, Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq protokolu imzalayıb. ARDNŞ ilə əməkdaşlıqda Fransanın ali təhsil ocaqlarında azərbaycanlı gənc neft mütəxəssislərinin təlim və təhsilinin təşkilində yaxından iştirak edir. Heydər Əliyev Fondu ilə Fransanın Mədəniyyət və Kommunikasiya Nazirliyinin birgə təşkil etdikləri “Fransanın inciləri” sərgisini dəstəkləyib. Bu siyahını xeyli artırmaq da olar.

Baş menecer Denis Lemarchal bu barədə belə deyib: “Qlobal enerji şirkəti olaraq bizim rolumuz, sadəcə, mədən fəaliyyəti ilə məhdudlaşmır. Məhz bu səbəbdən 1996-cı ildən başlayaraq “Total” Azərbaycanda təhsil, səhiyyə, incəsənət sahələrinin inkişafına yardım etmək üçün səy göstərir”.

Bu o deməkdir ki, “Total”ın Azərbaycanla əməkdaşlığı və tərəfdaşlığı uzunmüddətli olacaq.

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2015.- 8 iyul.- S. 7.