Azərbaycan kitabının tərtibat tarixi haqqında yeni əsər
“Təhsil” nəşriyyatında “Azərbaycan kitabının bədii və texniki tərtibat tarixi” adlı monoqrafiya kitab şəklində çapdan çıxıb. Kitabın müəllifi 36 ildir Azərbaycan nəşriyyat-poliqrafiya sistemində çalışan İradə Ələsgərovadır. Müəllif bu əsərini bünövrəsi 1875-ci ildə Həsən bəy Zərdabinin buraxmağa başladığı “Əkinçi” qəzeti ilə qoyulmuş milli mətbuatımızın 140 illiyinə ithaf edib.
Monoqrafiyada Azərbaycan kitabının təxminən min ilə yaxın tarixi dövr ərzində keçdiyi yola nəzər salınır. Bu müddət ərzində bədii və texniki tərtibat sahəsində əldə edilmiş bilgilər müəllifin istehsalatda qazandığı zəngin təcrübənin prizmasından keçirilərək hərtərəfli təhlil olunur.
Elmin, texnikanın inkişaf etdiyi, kompüter və internet şəbəkəsinin geniş yayıldığı müasir dövrdə də oxucu onu maraqlandıran bir çox sualların cavabını kitablarda tapır. Məlum olduğu kimi, cizgi, şrift, rənglər və s. birləşərək istənilən nəşrin özəlliyini təmin edir. Bunlar məzmunun oxucu tərəfindən dərk olunmasına kömək göstərir.
Azərbaycan kitabının bədii və texniki tərtibat xüsusiyyətləri hələ orta əsrlərdən alimlərin və mütəxəssislərin diqqətini cəlb etmiş, dissertasiyalarda, kitab və monoqrafiyalarda, çoxsaylı elmi məqalələrdə əksini tapmışdır. Bunlardan bir çoxlarının adlarını xatırladan nəşrin müəllifi İ.Ələsgərova yazır: “Azərbaycan kitabının bədii və texniki tərtibatı məsələlərinin kompleks şəkildə tədqiqata cəlb edilib araşdırılması kitabın keçdiyi tarixi inkişaf mərhələlərini izləyib əldə edilmiş nailiyyətlərdən yararlanmağa, nöqsanlardan nəticə çıxarmağa şərait yaradır”.
Təsadüfi deyil ki, müəllifin tədqiqat obyekti Azərbaycan kitabının məhz bədii və texniki tərtibat məsələləridir. Belə ki, burada AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda qorunan əlyazma kitabları, M.F.Axundzadə adına Milli Kitabxanada və AMEA-nın Mərkəzi Kitabxanasında saxlanılan, həmçinin bu gün satışda olan çoxsaylı kitab nümunələri araşdırılıb. Onların bədii və texniki tərtibat xüsusiyyətləri, poliqrafik icra keyfiyyəti ilə bağlı məsələlər tədqiq olunub.
Azərbaycan əlyazma və çap kitablarının tərtibatı məsələlərinə həsr olunmuş bu elmi-tədqiqat işi xeyirxah məqsəd daşıyır. Bu da Azərbaycanda kitabın keçdiyi tarixi yola nəzər salıb onun formalaşması prosesini izləmək, bədii və texniki tərtibatın başlıca inkişaf mərhələlərini müəyyənləşdirib gələcək perspektivlərə aydınlıq gətirməkdir.
Qeyd edək ki, İradə Ələsgərova kitabşünaslıq və nəşriyyat işi sahəsində topladığı bilik və təcrübəni 10 ildən çoxdur mühazirələr şəklində Bakı Dövlət Universitetində gələcək naşirlərə də çatdırır. O, “Kitabın bədii və texniki tərtibatı” adlı ali məktəb proqramı və dərs vəsaitinın, Azərbaycanın, həmçinin bir sıra digər xarici ölkələrin nəşrlərində dərc olunmuş 50-dən çox məqalənin də müəllifidir.
İ.Ələsgərovanın yeni monoqrafiyası müvafiq ali məktəblərin müəllimləri və tələbələri, naşirlər, mətbəə işçiləri, kitabşünaslar və kitabsevərlər üçün dəyərli töhfədir.
Azərbaycan.- 2015.- 8 iyul.- S. 8.