Ümummilli
etimad ünvanı
Ölkə
əhalisinin 89,7 faizi Azərbaycan Prezidenti
postunda İlham Əliyevi görür
Prezident İlham Əliyev Azərbaycanın müasir dövlətə çevrilməsini və tam müstəqil siyasət yürütməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirib. Ulu öndərin siyasətini bütün sahələrdə inamla davam etdirən Prezident İlham Əliyevin bəyan etdiyi kimi, hazırda qarşıda duran ən başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Ölkədəki sürətli inkişaf və mütərəqqi islahatlar fonunda bu məqsəd ictimai şüurda getdikcə möhkəmlənir.
Peşəkar siyasətçi kimi cənab İlham Əliyevin siyasi portretinin əsas cizgilərini təşkil edən komponentlər onun Azərbaycan və dünya siyasi arenası üçün uğurlu siyasi lider olduğunu birmənalı şəkildə sübuta yetirir. Bir sıra politoloqlar haqlı olaraq qeyd edirlər ki, onun siyasətçi kimi formalaşmasına təsir göstərən amillər sırasında populizm və psevdo-vətənpərvərlik kimi amillər yoxdur. Əksinə, reallığı düzgün qiymətləndirmək bacarığı, praqmatikliyi, işgüzarlığı, qətiyyətliliyi, məqsədə doğru inamla irəliləməsi cənab İlham Əliyevə xalqın rəğbət hissini daha da artıran ən mühüm mənəvi keyfiyyətlərdir.
Prezident İlham Əliyevin yürütdüyü siyasət deməyə əsas verir ki, respublikamız öz inkişafının Qərb modelini müəyyənləşdirərək davamlı iqtisadi inkişafa və demokratiyaya doğru kor-koranə deyil, təkamül yolu ilə irəliləməyə üstünlük vermişdir. Dövlət başçısının bəyan etdiyi kimi, ölkəmizin sabit və tarazlı iqtisadi inkişafı yalnız demokratik yeniliklərin geniş tətbiqindən keçir. Ölkə rəhbəri bu iki təmayülü bir-birindən ayırmadan Azərbaycanın milli strateji inkişaf yolu kimi müəyyənləşdirmiş, iqtisadi tərəqqi və demokratikləşmə prosesinin üzvi vəhdətinə nail olmağın vacibliyini dəfələrlə önə çəkmişdir. Onun fəaliyyətində diqqəti çəkən mühüm amillərdən biri də qarşıya qoyulan hər bir hədəfə çatmaq üçün reallığa adekvat konkret fəaliyyət proqramlarının işlənib hazırlanmasıdır. Bu baxımdan Azərbaycan Prezidentinin təsdiqlədiyi sosial-iqtisadi inkişaf proqramlarının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Bu çərçivədə atılan ardıcıl addımlar Azərbaycanda işsizlik probleminin aradan qaldırılması, regionların tarazlı inkişafı, qeyri-neft sektoruna diqqətin artırılması, sahibkarlığın inkişafı, yeni iş yerlərinin açılması istiqamətində konkret nəticələrlə müşayiət olunmuşdur.
Ümumiyyətlə, yeni mərhələnin əsas hədəfi milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Prezident İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında bu hədəflərin reallaşdırılması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr dəqiqliklə müəyyənləşdirilmişdir. Bunlara ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi (neftdən asılı olmayan güclü Azərbaycan iqtisadiyyatının formalaşdırılması), hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunması, onların inkişafının tarazlaşdırılması, çoxsaylı yeni iş yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması və s. mühüm vəzifələri aid etmək olar.
Son illər mühüm beynəlxalq tədbirlərin keçirilməsi üçün Bakı şəhərinin seçilməsi respublikamızın beynəlxalq nüfuzunu daha da yüksəldir. Dünyanın da böyük maraqla izlədiyi möhtəşəm idman yarışı - ilk Avropa Oyunlarının ölkəmizdə yüksək səviyyədə keçirilməsi Azərbaycanın qüdrətni bir daha nümayiş etdirdi. Artıq daha aşkar görünür ki, Azərbaycan sülh və əməkdaşlıq paytaxtı kimi tanınmağa başlayır və belə bir müsbət imicin formalaşmasında son illər respublikada keçirilən beynəlxalq toplantıların əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Respublikada müşahidə olunan dinamik iqtisadi tərəqqi ilə paralel şəkildə demokratik-hüquqi islahatların da dönmədən davam etdirilməsi, bu iki təmayülün ümumi strateji inkişaf kursunun prioritet xətti kimi nəzərdən keçirilməsi Azərbaycanı qlobal əhəmiyyətli tədbirlərin mərkəzinə çevirmişdir.
Ümummilli liderin milli dövlətçilik kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev ötən 12 ildə özü də yeni bir idarəçilik məktəbinin banisinə çevrilmişdir. Ölkə rəhbərinin fəaliyyəti onun Heydər Əliyev ideyalarının sadəcə davamçısı deyil, eyni zamanda, bu ideyaları yeni dövrün nəbzinə, zamanın ruhuna uyğun davam etdirən, təkmilləşdirən qətiyyətli siyasi lider olduğunu təsdiqləyir. Ölkə rəhbərinin məqsədyönlü fəaliyyəti sayəsində ilk növbədə Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yolunda son dərəcə mühüm amil olan ictimai-siyasi sabitlik, vətəndaş sülhü və həmrəyliyi qorunub saxlanılmışdır.
Azərbaycanda həyata keçirilən liberal iqtisadi siyasət, makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının təmin edilməsi, dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin dərinləşdirilməsi, qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi əldə edilən müsbət nəticələrdir. Respublikanın əldə etdiyi uğurlar dünyanın ən mötəbər reytinq təşkilatları və maliyyə institutlarının hesabatlarında da əksini tapmışdır. Azərbaycanın adı son illər maliyyə təşkilatlarının qiymətləndirmələrində islahatçı və pozitiv dəyişikliklərə nail olan dövlətlər sırasında çəkilir. Ölkə həyatının bütün sahələrində əldə olunan uğurlar beynəlxalq təşkilatların hesabatlarında, nüfuzlu sosioloji mərkəzlər tərəfindən vaxtaşırı keçirilən rəy sorğularında təqdir olunur və respublikanın davamlı inkişaf yolunda olduğu xüsusi vurğulanır.
Azərbaycan əhalisinin ölkə Prezidenti İlham Əliyevə etimadı yüksəkdir. Bunu “Rəy” Monitorinq Mərkəzinin iyulun əvvəlində ölkə üzrə keçirdiyi ictimai rəy sorğusunun nəticələri də təsdiqləyir. Cavablardan görünür ki, əgər prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, səsvermə məntəqələrinə yollanacaq respondentlərin əksəriyyəti, yəni 89,7 faizi öz səslərini hazırkı dövlət başçısı İlham Əliyevə verərdi.
“İlham Əliyev sizin kimi insanların maraqlarına cavab verirmi?” sualına respondentlərin 86 faizə yaxını “bəli, cavab verir” (tam və ya qismən), cəmi 3 faizi “xeyr, cavab vermir”, bir o qədəri isə “əsasən cavab vermir” deyə bildirib. Qalan 8 faiz respondent bu sualı cavablandırmaqda çətinlik çəkib.
Ölkə əhalisinin 73 faizi Azərbaycan Prezidenti postunda İlham Əliyevə alternativ görmür. Sorğu, həmçinin göstərib ki, prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, rəyi soruşulanların əksəriyyəti (61 faiz) birmənalı olaraq səsverməyə qatılardı. Daha 22 faiz “yəqin ki, iştirak edərdim” cavab variantını seçib. Səsverməyə getməyəcəklərini deyən respondentlər isə 9 faiz təşkil edib. Qalan 8 faiz cavab verməkdə çətinlik çəkib.
Hesabat 2015-ci il iyulun 1-3-də keçirilmiş “omnibus” tipli ictimai rəy sorğusunun nəticələri əsasında hazırlanıb. Yaşayış yeri üzrə üzbəüz müsahibə yolu ilə keçirilən sorğuda yaşı 18 və yuxarı olan 1500 nəfər iştirak edib. Nisbi xəta 2,7 faizdir. Qeyd edək ki, əhalinin sosial stratifikasiyası, yaş və cinsi strukturunu proporsional şəkildə əks etdirən bu sorğu təsadüfi seçmə metodu əsasında Azərbaycanın 10 sosial-iqtisadi zonası üzrə 36 yaşayış məntəqəsini əhatə edib.
Xatırladaq ki, bir müddət əvvəl Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu (DƏ-İKGF) İstanbulda dünyanın 40 ölkəsindən 50-dən artıq universitetini təmsil edən 170-dən çox gənc və 10 minə yaxın tələbə arasında “online” sorğu keçirmişdi. Sorğuya əsasən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İƏT coğrafiyasında “İlin dövlət başçısı” seçilmişdi. Bu barədə qərar DƏ-İKGF və Malayziya Beynəlxalq İslam Universitetinin (MBİS) təşkilatçılığı ilə Kuala Lumpur şəhərində keçirilən 3-cü Beynəlxalq İslam Əməkdaşlıq Təşkilatı Modelinin Sammitinin bağlanış mərasimində elan edilmişdi.
“İlin dövlət başçısı” nominasiyasında iştirak etmiş və İƏT-in 57 üzv ölkəsi sırasından seçilmiş dövlət başçılarının namizədlikləri İslam irsinə göstərilən qayğı, İƏT ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsi, təşkilata üzv ölkələrin sosial-iqtisadi inkişafı və beynəlxalq mövqelərinin gücləndirilməsi sahəsində fəaliyyətləri kimi meyarlar üzrə qiymətləndirilmişdi.
Bir sözlə, Azərbaycanın son illər bütün sahələrdə əldə etdiyi nailiyyətlər Heydər Əliyev siyasətinə alternativin olmadığını bir daha təsdiqləyir. Bir zamanlar əlçatmaz olan, xəyal kimi görünən iri layihələrin real həyata vəsiqə alması, şəhərlərimizin, rayonlarımızın, kəndlərimizin sürətlə abadlaşaraq göz oxşaması, insanların yaşayış səviyyəsinin ildən-ilə yaxşılaşdırılması çoxlarımız üçün adiləşib. Bu gün hər bir azərbaycanlı dərk edir ki, bizi qüdrətli və müasir Azərbaycanın qurulması üçün Prezident İlham Əliyevin rəhbərliyi altında hələ bir sıra mühüm vəzifələr gözləyir. Əminik ki, bir çox dövlətlərin onilliklərlə keçdiyi yolu qısa müddətdə adlayan Azərbaycan öz rəhbərinin əzmkar fəaliyyəti sayəsində qarşıya qoyduğu bütün hədəflərə çox qısa zamanda qovuşacaq.
Elnur
HACALIYEV,
Azərbaycan.- 2015.- 9 iyul.- S. 1.