Təhsil naziri Dövlət
Proqramı çərçivəsində
təhsil alacaq tələbələrlə görüşüb
Təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2015/2016-cı tədris ilində təhsil almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən namizədliyi təsdiqlənmiş ilk tələbələrlə görüşüb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə M.Cabbarov tələbələri təbrik edərək təhsillərində uğurlar arzulayıb və onların dövlətimizin gənclərə göstərdiyi etimadı doğruldacaqlarına ümidvar olduğunu bildirib. Azərbaycan gənclərinin dünyanın ən aparıcı ali məktəblərində təhsil almalarının əhəmiyyətindən danışan nazir onların ölkəmizin dinamik inkişaf prosesinə layiqli töhfələr verəcəklərinə əminliyini ifadə edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən namizədliyi təsdiqlənən tələbələrin ilk qrupu təhsilini Türkiyə, Böyük Britaniya, ABŞ və Almaniyada bakalavriat, magistratura, rezidentura və fəlsəfə doktoru səviyyələrində davam etdirəcək. Bu tələbələr arasında dünyanın Kembric Universiteti, Massaçusets Texnologiya İnstitutu, Jons Hopkins Universiteti, Edinburq Universiteti, London İqtisadiyyat Məktəbi, Köln Universiteti və Bilkent Universiteti kimi aparıcı ali təhsil müəssisələrinə qəbul olunmuş gənclər var.
Dövlət Proqramına 2015/2016-cı tədris ili üçün sənəd qəbulu aprelin 15-dən iyulun 15-dək nəzərdə tutulub. Sənəd qəbulu prosesi və müsahibələr hazırda davam edir. Ötən il olduğu kimi müsahibələrdə Təhsil Nazirliyinin əməkdaşları ilə yanaşı, digər dövlət qurumları və ali təhsil müəssisələrinin nümayəndələri də iştirak edirlər.
Azərbaycan.- 2015.- 9 iyul.- S. 3.