Vyanada keçirilən tədbirdə
qaçqın və məcburi köçkünlərin
problemlərinin həllinin
zəruriliyindən danışılıb
Vyanada ATƏT-in fəaliyyətdə olan Serbiya sədrliyinin təşkilatçılığı və GUAM-a üzv ölkələrin birgə təşəbbüsü əsasında ATƏT çərçivəsində münaqişələrdən əziyyət çəkən qaçqın və məcburi köçkünlərin üzləşdiyi problemlərin və belə problemləri yaşayan ölkələrin təcrübəsinin müzakirəsinə həsr olunan tədbir keçirilib.
Əsasən ATƏT-i qayıdış prosesinə cəlb etmək, bu təbəqədən olan insanların praktik çətinliklərinə və onların həlli istiqamətində bu qurumun mümkün rolu ilə bağlı müzakirə aparmaq məqsədi daşıyan tədbirdə Azərbaycanı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov təmsil edib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a məlumat verilib ki,
tədbirdəki çıxışına bu aspektdən yanaşan F.Hüseynov ATƏT-in qaçqınların və məcburi köçkünlərin hüquqlarına dair qəbul edilmiş sənədlərin yerinə yetirilməsi və yeni öhdəliklərin qəbulunun zəruriliyi, onların doğma yurdlarına qayıtmaq hüququnun təmin edilməsi, qayıdış prosesinə beynəlxalq təşkilatların, xüsusilə ATƏT-in, həmçinin bu təşkilatın icraçı qurumlarının və təsisatlarının mümkün töhfəsi və həyata keçirilməsi, Azərbaycan tərəfindən hazırlanmış Böyük Qayıdış Proqramı və sözügedən sənədin əsas məqamları barədə danışıb.
Çıxışında qaçqınların və məcburi köçkünlərin problemlərinin həll olunmamasının yalnız həmin ölkələr üçün deyil, bütün region üçün ciddi təhlükə olduğunu vurğulayan F.Hüseynov deyib ki, son illər dünyada münaqişə zonalarının coğrafi məkanının genişlənməsi, baş verən hadisələr nəticəsində öz həyatlarını itirənlərin, doğma yurdlarından didərgin düşənlərin sayının sürətlə artması, münaqişələrin qarşısının alınmasında beynəlxalq təşkilatların gücsüzlük nümayiş etdirməsi Azərbaycanı da çox narahat edir: “Hesab edirik ki, beynəlxalq birlik ilk növbədə dünyada yeni münaqişə zonalarının yaradılmasına imkan verməməli, həmçinin ədalətli mövqe tutaraq mövcud münaqişələrin həlli yollarının tapılmasında, beynəlxalq hüquqa zidd əməllərin qarşısının alınmasında, beynəlxalq məsuliyyətə qeyri-ciddi yanaşan ölkələrə təzyiqlərin artırılmasında qətiyyətlilik göstərməlidir”.
F.Hüseynov qeyd edib ki, bu baxımdan ATƏT-in iştirakçı dövlətləri, eləcə də icraçı qurumları qaçqın və məcburi köçkünlərin vəziyyətinin yüngülləşdirilməsi və sözügedən həssas qrupun problemlərinin həlli baxımından konkret təkliflərin irəli sürülməsi üçün öz səylərini gücləndirməlidirlər.
Komitə sədrinin müavini tədbirdəki çıxışında, həmçinin ATƏT-in müxtəlif illərdə keçirilən sammitlərində qəbul olunmuş qaçqın və məcburi köçkünlərin mülkiyyət, şəxsi və ailə həyatına hörmət, effektiv müdafiə, təhlükəsiz və ləyaqətli olaraq öz torpaqlarına qayıtmaq hüquqlarının qorunmasını və digər məsələləri özündə əks etdirən öhdəliklərdən, sözügedən öhdəliklərin həyata keçirilməsi üçün praktiki yolların tapılmasının vacibliyindən, həmçinin ölkəmizdə bu təbəqədən olan soydaşlarımız üçün Azərbaycan hökuməti tərəfindən görülən işlərdən, Böyük Qayıdış Proqramı və bu proqramda nəzərdə tutulan tədbirlərdən də danışıb, Azərbaycan tərəfinin bir neçə təklifini də tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə məcburi köçkünlərin geri qaytarılması ilə bağlı Ermənistan tərəfinin söz alaraq riyakarlıqla qaldırdığı iddia da F.Hüsenyov tərəfindən tutarlı arqumentlərlə əsaslandırılaraq rədd edilib.
Azərbaycan.- 2015.- 9 iyul.- S. 4.