Həmzə Tuba: Azərbaycan idmançılarının müvəffəqiyyətinin
səbəbi onların
hökumət tərəfindən
dəstəklənməsidir
Bakıda birinci Avropa Oyunlarının bürünc mükafatını almış Almaniya boksçusu Həmzə Tuba burada keçirilmiş qitə yarışları barədə təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşüb. O, ümumiyyətlə, Oyunların "son dərəcə yaxşı" təşkil olunduğunu bildirib. Həmzə aeroportda qarşılanmalarından, Atletlər kəndi ilə idman arenaları arasında transferdən razı qaldığını bildirib. Kəndin özünü isə "çox gözəl təcrübə" adlandırıb.
Güləş yarışlarının keçirildiyi böyük zal boksçunu xüsusilə valeh edib. O deyib: " Azərbaycanda güləş Almaniyada futbol kimi bir nömrəli idman növüdür". Onun sözlərinə görə, boks arenası ölçülərinə görə bir qədər ondan geri qalsa da, orada çox gözəl idman atmosferi vardı. Boksçu məşq zallarından da razı qalıb.
H.Tuba Azərbaycan idmançılarını yüksək qiymətləndirib. O deyib: "Onlar çox güclüdürlər, boksda azərbaycanlılar ən güclü millətlərdən sayılırlar. Yarışlar bunu təsdiqlədi". Alman boksçusu onların uğurunun səbəbini Azərbaycan hökumətinin öz idmançılarını dəstəkləməsində görür.
Həmzə oyunların uğurla keçirilməsində, təşkilində və əməliyyat funksiyalarında zəhməti olanların hamısına, o cümlədən könüllülərə minnətdarlığını bildirib. İdmançı deyib: "Onlar əla çalışıblar, hamısı həssas və mehriban insanlardır".
Söhbət zamanı Tuba Oyunlara ev sahibliyi edən şəhəri xüsusi yer ayırıb. Həmzə öz heyrətini gizlətmədən deyib: "Bakı qeyri-adi şəhərdir! İlk dəfə burada olduğum 2011-ci ildən indiyədək şəhər çox dəyişib. Burada qədim və supermüasir binalar ahəng təşkil edir". İdmançı sözünə əlavə edərək yarızarafat bildirib ki, ona qeyri-adi görünən yalnız hiss etdiyi neft iyi olub (yeri gəlmişkən, bakılılar uzun fasilədən sonra Vətənə qayıtdıqda və təyyarədən trapa ilk addım atanda məhz bu iyi duyurlar). O deyib: "Təəssüf ki, biz çox məşq etdiyimizə görə bu gözəl şəhərdən istədiyimiz qədər zövq ala bilmədik, amma onun küçələrini bir daha gəzdik".
Əslən mərakeşli olan Almaniya boksçusu söhbətin sonunda Azərbaycan xalqına firəvanlıq arzulayıb. Həmzə Tuba deyib: "Azərbaycana dəvətinizə və qonaqpərvərliyinizə görə çox sağ olun".
Azərbaycan.- 2015.- 9 iyul.- S. 6.